Azərbaycan Respublikasınbın Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin I-ci yarımilliyinin yekunlarına həsr edilmiş müşavirədə bir çox məsələlər barəsində ətraflı müzakirələr aparılmışdır.
Müşavirədə cənab Prezident çıxışı zamanı qeyd etmişdir ki, bütövlükdə ilin 6 ayı uğurla başa çatmış, bütün istiqamətlər üzrə qarşıya qoyulan strateji hədəflərə çatılmış, ölkə İqtisadiyyatında mühüm irəliləyişlər əldə edilmiş, xarici siyasətdə bir çox uğurlarar əldə edilmişdir.
Çıxışda qeyd edildi ki, Azərbaycanın son dövrlər beynəlxalq aləmdə nüfuzunun artmasının əsas göstəricilərindən biri də Qoşulmama Hərəkatındakı geniş fəaliyyəti və bunun nəticəsi olaraq ölkəmizin həmin hərəkata sədrliyinin daha 1 il uzadılmasıdır. Bu yaxınlarda Bakıda keçirilən Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı bir daha sübut etdi ki, 120 ölkəni öz ətrafında birləşdirən bu hərəkatın üzv dövlətlər arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və qlobal məsələlərdə həmrəylik, etimad, problemlərin həllinə kollektiv dəstək verilməsi nöqteyi nəzərindən böyük perspektivləri var və hərəkatın oturuşmuş bir təşkilat kimi formalaşması zamanın tələbidir.Paralel olaraq Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin də yaradılması nəzərdə tutulur ki, bu da gənclərin siyasi proseslərə,yeni çağırışlara uyğun olaraq qlobal məsələlərin müzakirəsinə cəlb edilməsi deməkdir.
Ölkəmiz 6 ay ərzində digər Beynəlxalq təşkilatlarla da əməkdaşlığı genişləndirmişdir. İslam Əməkdaşlıq Təşkilatı ilə də əlaqələrə yeni prizmadan baxılması və daha intensiv əlaqələrin qurulması buna əyani misaldır.
İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibinin Bakıya səfəri çərçivəsində Ali qonağın işğaldan azad edilmiş ərazilərimizə-Füzuli və Şuşaya səfəri Ermənilərin xalqımıza qarşı həyata keçirdikləri vandallığı və vəhşiliyi öz gözləri ilə görməsi təşkilatın gələcək fəaliyyətində yəqin ki, öz əksini tapacaq.
Beynəlxalq təşkilatlarla sıx əlaqələr qurulması nöqteyi nəzərindən Avropa İttifaqı ilə də qurulmuş xoş münasibətləri də qeyd etmək lazımdır. Avropa İttifaqı Şurasının Prezidenti ilə keçirilən görüşlər və telefon danışıqları zamanı Azərbaycan-Ermənistan konfliktinin həlli istiqamətində mühüm addımlar atılmışdır.
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Bakıya səfər etməsi Azərbaycanla Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanması onu göstərir ki, ölkəmizin karbohidrogen ehtiyatlarının çıxarılması və nəql edilməsi layihələri Avropanın enerji xəritəsində yeni dəyişiklik yaradacaqdır. Bu isə o deməkdir ki, Avropa İttifaqı Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi qəbul edir.
Beynəlxalq təşkilatlarla əməkdaşlıq digər platformada-Türk Dövlətləri Təşkilatı çərçivəsində də uğurla inkişaf etdirilmişdir. Türkiyə və Qırğızıstan Prezidentlərinin Azərbaycana səfəri, Azərbaycan Prezidentinin Özbəkistan və Türkmənistana səfər etməsi bu təşkilatla kifayət qədər isti münasibətlərin qurulmasının göstəricisidir.
Cənab Prezident çıxışında Amerika-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində önəmli addımlar atıldığını qeyd etmiş, ABŞ Prezidentinin 2 dəfə Prezidentə məktub ünvanlamasını Beynəlxalq təşkilatlarla yanaşı güc mərkəzləri ilə də uğurlu münasibətlər qurulmasından xəbər verdiyini vurğulamışdır.
Bütün bu görülən işlərin fonunda yeganə problem olan Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması istiqamətində əsaslı irəliləyişlərin əldə edilməməsi narahatlıq doğurur. Ermənistanın məğlubiyyəti ilə başa çatan 44 günlük müharibədən xeyli vaxt keçməsinə baxmayaraq Ermənistan müxtəlif bəhanələrlə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməkdən boyun qaçırır. Bu müddət ərzində sərhədlərin delimitasiyası üzrə işçi qrupların görüşünün keçirilməsi təqdirəlayiq haldır. İkinci müsbət addım kimi Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin 5 əsas baza prinsipinin Ermənistan tərəfindən qəbul edilməsidir. Sülh prosesinə başlanması 3-lük formatında: Türkiyə, Rusiya və İranla da müzakirə edilmişdir. Ermənistan tərəfin qeyri konstruktiv mövqeyi prosesin sürətlənməsinə mane olur. Erməni silahlı birləşmələrinin Qarabağda təxribatları hələ də davam edir, Zəngəzur dəhlizinin Mehri ərazisində tikiləcək hissəsində texniki-iqtisadi əsaslandırma həyata keçməyibsə, deməli əsaslı bir iş görülməyib.
Çıxışda 6 ay ərzində hərbi sahədə də müəyyən islahatlar aparıldığı, yeni hərbi birləşmələrin yaradıldığı, müasir hərbi silahların alınması, ordu quruculuğunun möhkəmləndirilməsi istiqamətində də görülən işlər barədə məlumat verilib, işğaldan azad edilən ərazilərdə bərpa, quruculuq işləri, yeni layihələrin həyata keçirilməsi və gələcək planlar barədə söhbət açılmışdır.
Cənab Prezidentin çıxışından sonra çıxış edən natiqlər 6 ay ərzində görülən işlər barədə ətraflı məlumat vermiş, konkret rəqəmlərlə və iqtisadi əsaslandrmaları müşavirə iştirakçılarına çatdırdılar.
Aparılan müzakirələr göstərdi ki, I yarımillikdə Respublikamızda bütün sahələrdə əsaslı irəliləyişlərə nail olunmuşdur.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini
20.07.2022