“Əkinçi”dən ünvanlanan mübarizə yolu

Bu il Azərbaycan mətbuatının yaranmasından 147 il ötür. Görkəmli ziyalı, maarifpərvər alim, mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən 1975-ci ilin 22 iyulunda məşhur “Əkinçi” qəzetinin nəşrə başlaması ilə milli mətbuatımızın əsası qoyulub. Həmin tarix ölkəmizdə hər il Milli Mətbuat Günü kimi də qeyd olunur. Əlamətdar hadisə təkcə mətbuat işçiləri deyil, bütün ölkə ictimaiyyəti tərəfindən bayram edilir.

Xalqımız tərəfindən Milli Mətbuat Günü qeyd edilməklə Azərbaycan mətbuatının banisi H.B.Zərdabinin və onun məsləkdaşlarının xidmətləri yüksək dəyərləndirilir, xatirələri ehtiramla yad edilir. Həmçinin bu tarixi gündə milli mətbuatımızın keçdiyi şanlı mübarizə yoluna nəzər salınır, işıq tutulur.

“Əkinçi” qəzeti ənənələri ilə həyata qədəm qoyan, Molla Nəsrəddin  ideyaları ilə mübarizləşən Azərbaycan mətbuatı 147 il ərzində, həqiqətən, çox keşməkeşli, lakin son dərəcə ləyaqətli, şərəfli inkişaf yolu keçib. Əslində, bütün dövrlərdə, bütün ölkələrdə mətbuatın keçdiyi yol heç də asan və hamar olmayıb. Hər bir xalqın, dövlətin taleyi kimi onun mətbuatı da tarixin çətinlikləri, münaqişə və mübarizə yolunun güzgüsü hesab olunur.

Azərbaycan mətbuatı yarandığı gündən bütün dövrlərdə, çar üsul-idarəsi, sovet hakimiyyəti illərində və müstəqillik dönəmində rastlaşdığı çətinliklərə sinə gərərək, sınaqlardan uğurla çıxıb, ağır günlərdə xalqın yanında olub, onun yol göstərəninə çevrilib.

Dövrün problemlərinə, məhrumiyyətlərinə rəğmən, həm çar, həm də sovet dönəmində şəbəkə genişliyi ilə müşayiət olunan mətbuat öz missiyasını layiqincə yerinə yetirməyə çalışıb, mühüm vəzifələr yerinə yetirib.

Sovet hakimiyyəti illəri bu baxımdan xüsusilə diqqəti çəkir. Bu dövrdə Azərbaycan mətbuatı sovet ideologiyasının tələblərinə uyğun fəaliyyət göstərməsinə baxmayaraq, xalqın maarifləndirilməsində, zəruri məlumat və informasiyalar ilə təmin olunmasında, milli mənəvi dəyərlərimizin təbliğində önəmli rol oynayıb.

Sovet dönəminin mühüm mərhələsi xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Bu illərdə respublikamızda sağlam və peşəkar mətbuatın formalaşması və inkişafı ulu öndərin adı ilə bağlıdır. Müdrik rəhbər hər zaman mühüm təbliğat və təşviqat maşını rolunu oynayan mətbuatın insanları səfərbər etmək, təşkilatlandırmaq imkanlarını gözəl bilirdi. Ona görə də ötən əsrin 70-80-ci illərində cəmiyyəti düşündürən, narahat edən bütün problemlər, onun təşəbbüsü ilə bu və ya digər formada müntəzəm surətdə mətbuata çıxarılıb.

Heydər Əliyev kommunist rejimi şəraitində ölkədə yol verilən nöqsanların, neqativ halların aşkar olunmasında, ciddi tənqid edilməsində mətbuatın roluna daim üstünlük verib. Təbii ki, o zamankı televiziya verilişlərində, mətbuat səhifələrində işıqlandırılan tənqidi materiallar, siqnallar onun diqqətindən kənarda qalmayıb.

Müstəqillik qazanıldıqdan sonra ölkəni xaosdan və fəlakətdən xilas etmək üçün xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər milli dövlətçiliyimizin qorunmasında, sosial-iqtisadi, mədəni sahələrdə uğurlar əldə etməsində, Azərbaycanın inkişaf etmiş dövlətlər sırasında yüksək mövqe qazanmasında misilsiz xidmətlər göstərib. Onun diqqət və qayğısı sayəsində respublikamızda sabitliyin, demokratiyanın bərqərar olunması, mətbuatın, kütləvi informasiya vasitələri şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha böyük uğurlara imza atır. Onun xidmətləri sayəsində ölkə mətbuatı da yeni inkişaf zirvəsinə yüksəlib. Burada bölgələrdə fəaliyyət göstərən mətbuat orqanlarının adını xüsusilə qeyd etmək lazımdır. İftixar hissi ilə deyə bilərik ki, bu günlərdə 90 illik yubileyi qeyd olunacaq “Aran” qəzeti onların sırasında inamla addımlayır, yeni-yeni uğurlara imza atır.

Yəhya PAŞAZADƏ

Şərhlər