Əkinçinin “Aran” adlı övladı…

Bir neçə gün sonra jurnalistlərin əziz bayramı, Mətbuat günü ərəfəsində “Aran” qəzetinin yubileyi qeyd olunacaq.

Artıq iki ildir daimi bu sahədə çalışan biri olaraq nikbinliklə deyə bilərəm ki, Aran yerli mətbuat orqanı kimi, müasir ölkə mətbuatının mühüm qoludur.

Niyə məhz “Əkinçi?”

Çar hökumətinin maneələrini dəf edərək Həsən bəy Zərdabi 1875-ci il iyulun 22-də “Əkinçi” adlı milli qəzetin çap olunmasına nail oldu. Beləliklə, Azərbaycan milli mətbuatının əsası qoyuldu.

Qəzetin “Əkinçi” adlanması təsadüfi deyildi. Onun səhifələrində kənd təsərrüfatına aid məqalələr, kəndlilərin təsərrüfat həyatına faydalı olan məlumatlar çap olunurdu. Amma bununla yanaşı, Həsən bəy mətbuatın vasitəsilə xalqımıza milli ənənələri qorumağı, milli oyanışı və milli birliyi təbliğ edirdi. “Əkinçi” nin ana dilində nəşr edilməsi həm də dilimizin qorunmasına xidmət göstərirdi.

Lakin qəzetin Azərbaycan dilində çap olunması çar hökumətini narahat edirdi. İki ildən sonra “Əkinçi” qəzeti bağlandı. Bütün təqiblərə baxmayaraq, Həsən bəy Zərdabi xalqın savadlanması uğrunda fəaliyyətini dayandırmadı. O, başqa qəzetlərdə elmin, təhsilin inkişaf yolları haqqında fikirlərini bəyan edirdi.

Sonralar Azərbaycan dilində digər qəzetlər və jurnallar çap olundu. Bu gün ana dilimizdə yüzlərlə qəzet və jurnal vardır. Lakin Azərbaycan mətbuatının tarixi məhz “Əkinçi”dən, yəni 1875-ci ildən başlayır. Hər il iyul ayının 22-də milli mətbuatımız öz ad gününü qeyd edir. Çünki uzun illər öncə məhz həmin gün ilk qəzetimiz olan “Əkinçi” dünyaya gəldi. Ona görə də bu günü mətbuat işçiləri peşə bayramı kimi qeyd edirlər. Həmin gün Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük hörmətlə anılır, onun həyat və fəaliyyəti bir daha yada salınır.

“Ağcabədi Pambıqçısı”ndan “Aran”a uzanan yol…

Hal-hazırda rayonumuzda “Aran” qəzeti fəaliyyət göstərir. Qəzet 1932-ci ildən “Ağcabədi Pambıqçısı”, 1966-cı ildən “Sürət”, 1990-cı ildən isə “Aran” adı ilə nəşr olunur.

Qəzetin ilk adından da məlum olduğu kimi o da vaxtilə təsərrüfat xəbərləri, iqtisadi yönümlü mətbuat obyekti olaraq fəalliyətə başlamışdır. “Əkinçi” və “Aran”ın təkcə yaranma tarixləri deyil, yaranma amalları da bir-birinə oxşardır. Əlbəttə, o zamanlarla müasir dövrün jurnalistikaya verdiyi dəyər tamam başqadır.

Bu gün Azərbaycan mətbuatı özünün içində olduğu azad, təmiz dövrünü yaşayır və buna görə də ulu öndər Heydər Əliyevə və onun layiqli davamçısı Cənab Prezident İlham Əliyevə borcludur.

Hazırda “Aran” rayonun, regionun, həmçinin ölkənin ictimai-siyasi həyatını öz səhifələrində daim işıqlandırmaqdadır. Eyni zamanda qəzet gənclərin hərbi vətənpərvərlik ruhunda böyüməsi üçün geniş təbliğat işi aparmaqla yanaşı, demək olar hər nömrəsində mütləq şəhid və qazilərimizə həsr olunan yazılar dərc edir. Qeyd edək ki, rayon əhalisinin böyük əksəriyyəti qəzetin oxucularıdır.

Bundan əlavə iki ilə yaxındır www.aranqazeti.az saytı da fəaliyyətə başlayıb. Saytda tez-tez yenilənən xəbərlər oxucular üçün daha əlçatan və maraqlı yerini alıb.

Həmçinin qəzetin internet televiziyası fəaliyyət göstərir. Hansı ki, bu kanalda qəzet və saytda yayımlanan xəbər və məlumatlar, müsahibə və reportajlar da videolar şəkilində oxucu və izləyicilərə çatdırılmaqdadır.

Mətbuatla yollarımın kəsişməsi…

Jurnalistikada olanların əksəriyyəti deyirlər ki, bu peşə onların uşaqlıq arzusudur. Məndə isə əksinə olub. Jurnalist olmaq barədə heç düşünməmişəm də. Bu sahəyə gəlişim tam təsadüfi olub. Jurnalist olmağı qarşıma məqsəd qoymamışdım, hətta deyərdim ki, marağım da olmayıb. Doğrudur, universitetdə oxuyarkən bəzi qəzetlərdə yazılarım çıxıb. Həmin yazılar müəllimlərimin təşəbbüsü və dəstəyi ilə dərc olunub. Amma universiteti bitirib rayona qayıdanda heç ağlıma da gəlməzdi ki, özümü bu sahədə tapacam.

Təsadüf bir hadisə nəticəsində mənim bəzi yazılarım rayon rəhbərliyinə və “Aran” qəzetinin redaktoru Məhsəti xanıma çatmışdı. Və belə qərara gəlmişdilər ki, mən də “Aran” kollektivinə qatılıb, onların qələminə qüvvət olum. O gün bu gündür, artıq iki ilə yaxındır ki, www.aranqazeti.az saytını idarə edirəm. Qəzetimiz üçün müxtəlif mövzularda yazılar yazır, müsahibələr götürürəm. Soruşan olsa, bu sahəyə gəlməkdən çox da məmnunam. Məni ən çox bu sahəyə bağlayan isə, ümummilli lider Heydər Əliyevin dost olduğu bir sahədə çalışmaqdır.

Yadıma gəlir, o vaxt Heydər Əliyev jurnalistikaya və jurnalistlərə böyük qayğısına, medianın nəzəri konsepsiyasının zənginləşməsinə, ölkədə kütləvi informasiya vasitələri sisteminin sürətli inkişafına göstərdiyi dövlət köməyinə görə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdü. Bu gün bizlər bu sahədə elə dürüst və ləyaqətlə addımlamalıyıq ki, o statusa layiq ola bilək…

Və son olaraq, məndəki potensialı görüb, üzə çıxması üçün də imkan yaradan rəhbərliyə bir ömürlük , dərin  minnətdarlığımı bildirirəm…

Nə qədər canımda can, qələmimdə mürəkkəb var, Əkinçinin bu şərəfli yolunda öz estafetimi şərəf və ləyaqətlə daşıyacağam…

Günümüz Mübarək!

Orxan KƏRİMOV

Şərhlər