2.1 C
Aghjabadi

Ağcabədinin 90 yaşlı “Aran”ı

3 idik, 13 olduq

Uşaq vaxtlarımdan “Aran” qəzetində çap olunmaq böyük arzularımdan biri olub. Lakin bu qəzetdə adım ilk dəfə məhz ali məktəbə qəbul olunduğum il çəkilib. Bitirdiyim orta məktəbin ali təhsil ocaqlarına qəbul olunan məzunları ilə bağlı məqalədə adım, soyadım, atamın adı qeyd olunmuşdu. Yadımdadır, qırmızı qələmlə adımın altını xətləyib qəzetin həmin sayını necə qoruyaraq saxlayırdım. Sonralar “Aran”da şeirlərim, məqalələrim, iş fəaliyyətimlə bağlı yazılar çap olunmağa başladı. Və bir müddət sonra qəzetin keçmiş redaktorlarından olan Şünasif Məmmədov artıq əlamətdar günlərdə, bayramlarda rayonun müxtəlif yerlərində keçirilən tədbirlərdən reportaj hazırlamağımı istədi. Beləcə, özüm də bilmədən “Aran”ın ştatdankənar əməkdaşına çevrildim. Daha sonralar müəyyən səbəblərdən bu əməkdaşlığa ara versəm də tale yenə məni “Aran” ailəsinin üzvü etdi. Bu yola çıxanda içimdə bir tərəddüd vardı. Səbəbsiz deyildi bu qərarsızlıq. Bütün bölgə qəzetləri kimi “Aran” da çətin dövr yaşayırdı. Ayda 1-2 dəfə 400-500, daha sonra 1500 nüsxə tirajla çıxan, cəmi 3 əməkdaşın çiyinləri üzərində dayanan qəzetdə yeniliklər, dəyişikliklər etmək, müasirliklə ayaqlaşmaq, bölgədən kənarda tanınmaq, normal bir kompüteri belə olmayan redaksiyada gələcək üçün sayt, televiziya planları qurmaq mənə nağıl kimi görünürdü. Və bunları düşündükcə ruhdan düşürdüm. Bəzən hər şeyi yarıda qoyub getmək istəyirdim. Amma bunu özümə yaraşdıra bilmirdim. ”Bacarmadı” sözünü qəbul etmək çox çətin idi. Və nəhayət, bircə yolumun olduğunu özümə aşılamağa başladım. Necə deyərlər, kiçik kollektivlə əl-ələ verərək qollarımı çırmayıb işə başlamaq… Rayon rəhbərinin bu işdə olan dəstəyini vurğulamamaq isə sadəcə mümkün deyil. Qəzetin fəaliyyətinin yaxşılaşması üçün istər maddi, istərsə də mənəvi cəhətdən bizə dəstək verən, bir ixtisası da jurnalistika olan icra başçısı Rafil Hüseynovun dəyərli məsləhətlərindən də yararlanaraq daha ürəklə çalışmağa başladıq. Bu iş mənim üçün yeni idi.Təbii ki, öyrənəcəyim çox şeylər vardı. Elə buna görə də gecə-gündüz demədən çalışmalı, təcrübə toplamalı idim. Bəzən işdə hazır etməyə vaxt çatdıra bilmədiyim materialları götürüb evə aparır, düz gecə yarısınadək onlarla məşğul olurdum. Hərdən evdəkilər yarızarafatla deyirdilər ki, daha evə niyə gəlirdin ki, qalıb orada sabahı açaydın də… Amma inanırdım. İnanırdım ki, bu zəhmətin nəticəsi olacaqdır.

Artıq qəzet həftədə 2 dəfə, 3000 nüsxə tirajla çap olunur. “Aranqazeti.az” saytı və “Aran Ağcabədi” internet televiziyası fəaliyyət göstərir. Gündən-günə fəaliyyətini genişləndirən redaksiyada indi biz 3 nəfərlik yox, 13 nəfərlik kollektivik. İndi bölgə qəzeti olan “Aran”ın fəaliyyətini təkcə Ağcabədi camaatı yox, respublikamızın hər yerində, o cümlədən respublikamızdan kənarda yaşayanlar izləyə, fikirlərini bölüşə bilirlər.

“Ağcabədi pambıqçısı”, “Sürət”, “Aran”

Bu gün 90 illiyini qeyd etdiyimiz qəzet 1932-ci ildən nəşr edilir. İlk adı “Ağcabədi pambıqçısı” olub. 1966-cı ildən “Sürət” adı ilə nəşr olunan qəzetin adı növbəti dəfə 1990-cı ildə dəyişdirilib və o vaxtdan bugünədək “Aran” adını saxlayıb.

Qəzetin ilk redaktoru Cəlal Cəfərov olub. Daha sonra bu şərəfli işi Fərhad Ağayev   davam etdirib. Həmin redaktorlar haqqında “Aran” qəzetinin əməkdaşı Yəhya Paşazadənin silsilə yazıları çap olunub ki, bu da oxucularımızın onları daha yaxından tanımasına imkan yaradır. Mənim isə yaşımın imkan verdiyi qədər tanıdıqlarım Abbas Kazımov, Fərhad Ağayev, Fazil Sarvan, Şünasif Məmmədov və Şirxan Aranlıdır. Abbas Kazımov və Fərhad Ağayevi uşaq yaşlarımda görmüşəm. Hər ikisi bizimlə qonşuluqda yaşayırdılar. Daim qoşa gəzər, başqa biri ilə sıx ünsiyyətdə olduqlarını görməzdim. Əlbəttə, görünür buna səbəb onların dünyagörüşü, fikir yaxınlığı, bir-birini daha yaxşı duymaları idi. Mən o vaxt bu qocaman dostların kim olduğundan xəbərsiz idim. Sadəcə onları qonşuluqdakı Fərhad və Abbas babalar kimi tanıyırdım. O vaxt bilməzdim ki, bir gün mən də onların davamçısı olacağam.

Qəzetin daha bir redaktoru Fazil Sarvan Cəfərli isə mənim həyatımda xüsusi yeri olan bir insan idi.Tək mənim yox, yaradıcılığı olan, zərrə qədər işıq ucu gördüyü bütün gənclərin əlindən tutan, yolunu aydınladan bir ziyalımız olub Fazil Sarvan. Bu gün Ağacbədidə hər kəs onu böyük rəhmətlə anır. Paxıllıq, qısqanclıq bu insana yad idi. Əksinə, bir azacıq diqqət çəkən yaradıcılıq nümunəsinə də biganə qalmır, bu nümunələrdə nə isə axtarıb tapmağa ümid edir, üzə çıxarmağa çalışırdı. Səmimiyyəti, gülərüzlülüyü ilə ağcabədililərin ürəyində özünəməxsus yer tutan Fazil Sarvanın bu qəzetin sanballı şəkildə nəşr olunmasında, bugünədək yaşamasında da çox böyük rolu olub. Oğlu Rafael Cəfərov əməkdaşımıza verdiyi bir müsahibədə qeyd edir ki, atam işini həddindən çox sevirdi. Bir ara bölgələrdə qəzetlərin bəziləri maliyyə çatışmazlığından fəaliyyətini dayandırdı. Atamın qəzetə, onun fəaliyyət göstərməsinə istəyi o qədər böyük idi ki, bu çətin vaxtlarda qəzeti məhz öz vəsaiti hesabına nəşr etdirdi. Mən o zamanlar xaricdə idim və bacardığım köməyi edirdim. Qəzetin nəşri dayanardısa, sanki Fazil Sarvanın həyatı dayanardı. Bütün bunları bildiyim üçün qəzetin nəşrinin bir dəfə belə dayanmasına razı olmadım. Bu vəziyyət tam olaraq nə qədər müddət çəkdi, xatırlamıram.

Yazımın əvvəlində redaktorlardan birinin – Şünasif Məmmədovun adını çəkmişdim. Hansı ki, qəzetlə sıx əlaqələrim məhz onun vaxtında başlamışdı. Şünasif Məmmədovun redaktor olduğu vaxt qəzet yenə də çətin sınaqlardan keçirdi. O, bacardığı qədər qəzetin yaşamasına çalışdı və bunu bacardı. Bir az adamayovuşmaz, çoxları ilə ünsiyyəti olmayan bu insan əslində ziyansız, heç kimi incitməyən, qəlbini qırmayan, öz işi ilə məşğul olan, yaradıcı insanlar üçün bəzən qəzetin yarıdan çox hissəsində yer ayıran, məsuliyyətli redaktor kimi yaddaşımızda qalıb. Bu gün Şünasif Məmmədov səhhəti ilə əlaqədar qəzetdən uzaqlaşıb. Amma “Aran”ın bugünədək gəlib çıxmasında onun da böyük rolu olduğunu hər birimiz bilirik və hər zaman da bunu vurğulamaq borcumuzdur.

Şünasif Məmmədovdan sonra redaktor vəzifəsinə Şirxan Aranlı təyin olundu. Daim axtarışda olan, oxuculara rayonumuzun dünəni, bugünü ilə bağlı maraqlı materiallar təqdim edən Şirxan Hüseynov da zəhmətsevərliyi ilə qəzetin tarixində öz imzasını yazmağı bacardı. Bu gün onun da səhhətində problemlər var. Hər iki sabiq redaktora şəfalar diləyir, uzun ömür arzulayırıq.

“Qaranquş” və “Ələk”

“Aran” qəzetinin nəzdində uzun illər “Qaranquş” ədəbi dərnəyi fəaliyyət göstərib. Bu gün rayonumuzun tanınan bir çox imzaları məhz “Qaranquş”un yetirmələri olub. Dərnəyin üzvləri çox olub və zamanla yenilənib, maraqlı imzalar tapılıb, üzə çıxarılıb. Mütəmadi keçirilən məşğələlərdə təhlil edilən, seçilən şeirlər isə doğma qəzetdə çap olunub. Mən uşaq olduğum üçün özüylə aparmasa da, yadımdadır ki, anam da tez-tez bu dərnəyin məşğələlərinə gedir, həmin dərnək üzvlərinin şeirlərinin çap olunduğu qəzetlərdən evə də gətirirdi. Maraqla oxuyurdum o şeirləri. “Qaranquş” ədəbi dərnəyinin üzvlərinin şeirlərindən ibarət kiçik almanax da dərc olunmuşdu o vaxt. Elə adı da “Qaranquş” idi.

İllər keçdi. Dərnəyin rəhbəri Fazil Sarvanın vəfatından sonra məşğələlərə də son qoyuldu. 1969-cu ildən bəri istedadlı insanların yolunda yaşıl işıq olan dərnək təəssüf ki, öz ömrünü başa vurdu. Rayon ədəbi mühitində yaranan uzunmüddətli boşluqdan sonra şair dostum, bu gün isə artıq “Aran”ın redaksiyasında çiyin-çiyinə çalışdığım Gündüz Sevindiklə yenidən yaradıcı insanları bir yerə toplamaq məqsədi ilə 2013-cü ildə “Ələk” ədəbi məclisini yaratdıq. Məclisin adı ilk eşidənlərə bəzən qəribə gəlsə də, müəyyən izah verəndən sonra razılaşırlar. ”Ələk” tərif üçün yaradılmamışdı. İlk gündən məqsədimiz əsl istedadları bu məclis ətrafında birləşdirmək idi. Toyxana şeirləri, meyxana mövzuları bura ayaq aça bilməyəcəkdi. Və məclisə bu məqsədlə gələnlər tənqidlə üzləşəcək, acı olsa da həqiqəti eşidəcəkdilər. Yəni, burada şeirlər ələkdən keçəcəkdi. Və zamanla hər şey gözlədiyimiz kimi oldu. İlk məclisdə 40-45 nəfər var idisə, sonradan biz 10-15 nəfər qaldıq. ”Ələk”in üzvü olan istedadlı gənclərimizin imzaları tanınmağa başladı. Haqlarında tanınmış qələm adamları yüksək fikirlər yazdılar, yaradıcılıqlarını təhlil etdilər. Məclis zamanla rayonumuzdan kənarda da tanınmağa başladı.

Bu gün “Ələk” ədəbi məclisi “Aran” qəzetinin nəzdində fəaliyyət göstərmiş “Qaranquş” ədəbi dərnəyinin yolunu davam etdirir və məclisin hər toplantısında seçilən şeirlər, digər yaradıcılıq nümunələri “Aran” qəzetində çap olunur.

Zəfər müjdəli qəzet

“Aran” qəzetinə gəlişimi mənim üçün daha yaddaqalan edən məqam məhz elə həmin vaxtlardan xəbərlərin mövzusunun dəyişməsi oldu. Təsəvvür edin, 7 sentyabr 2020-ci ildə qəzetə redaktor təyin olunuram, az sonra, sentyabrın 26-da cəbhədə vəziyyət dəyişir. Həm də bu dəfə kökündən dəyişir. Artıq 30 illik həsrətimizin sonunun başlanğıcındayıq. Əslində nəticənin nə olacağını bilmirik. Amma bütün varlığımızla qələbənin yaxınlığını hiss etməyə başlamışıq. Qəzet üçün topladığımız digər  materlialları bir kənara qoyub tam yeni mövzularla oxucuların görüşünə gəlirik. İlk dəyişiklik o qədər də ürəkaçan deyil. Erməni silahlı qüvvələri tərəfindən Ağcabədidə mülki əhaliyə atəş açılır, kəndlərimizdə xeyli dağıntılar var, yaralananlarla bağlı xəbərlər gəlir, Taynaq kəndində 14 yaşlı yeniyetmə erməni vəhşiliyinin qurbanı olur, insanların evlərinə, təsərrüfatlarına ciddi ziyan dəyir, kəndlərdən, qonşu rayonlardan minlərlə insan  düşmənin vəhşiliyindən canını qurtarmaq üçün Ağcabədi şəhərinə pənah gətirir, şəhid xəbərləri qapıları döyür…

Bəli, müharibələr itkisiz ötüşmür. Əlbəttə yaralananlarla, şəhid olanlarla bağlı xəbərlər daha böyük sarsıntılar yaşadır insanlara. “Müharibə analar üçün ən dəhşətli lənətdir” deyiblər. Anaların o günlərdə nələr çəkdiyini özləri hamıdan yaxşı bilir. Xalqımız da həmin ağır zamanlarda şəhid ailələrinin yanında oldu. Bu kədər təbii ki, bütün xalqın kədəri idi. O oğullar təkcə öz ailələrindən getməmişdilər. Uşaqdan-böyüyə hər kəs qəhrəmanlarımız üçün göz yaşı tökdü. Hamı bu ağrını yaşadı. Amma… Amma həm də göz yaşlarına qarışmış sevinc vardı, qürur vardı içimizdə. Əlbəttə, 30 illik utancdan sonra qəfil üstünə çəkilən hücum, başlanan müharibə qısa zamanda sənin zəfərinlə başa çatıbsa, bu yolda canını, sağlamlığını qurban edən oğullar düşmən tərəfdəkilər kimi zorla yox, öz istəkləri, öz arzuları, öz tələbləri ilə döyüşə atılıblarsa, bütün xalq öz Ordusunun arxasında dağ kimi dayanıbsa, vəzifəsindən, siyasi baxışından, həyat tərzindən asılı olmayaraq hər kəs bir yumruq kimi birləşibsə, bu xalqla, bu qüdrətli Orduyla, bu Zəfərlə öyünməmək, fəxr etməmək mümkün deyil. Həmin dövrdə Ali Baş Komandanın qətiyyətli çıxışları, müsahibələri, böyük güclərin təzyiqlərindən çəkinmədən sözünü birbaşa deməsi hər kəsin qəlbində bir əminlik, daha da mübarizlik yaratmışdı. Bəli, hələ müharibə bitməmişdən biz artıq qələbədən danışa biləcəyimizə inanırdıq. Və belə də oldu. Qəzet xəbərləri atəşkəsin pozulmasıyla, itkilərlə, dəymiş ziyanlarla başlayıb qələbə xəbərləri ilə davam etdi. Budur, artıq dekabrın sonudur. 30 ildən sonra, nəhayət qəzetin köhnə il üçün sonuncu sayının səhifələri adəti üzrə gələn il üçün zəfər qazanmaq arzusuyla yox, elə zəfərimizə həsr olunmuş yazılarla  bəzənib.

Qəzetdə Zəfər yazıları ilə yanaşı həmçinin bu qələbəni bizə yaşadan, ömürlərinin ən gözəl çağını torpaqlarımızın azadlığı, övladlarımızın bugünü, gələcəyi uğrunda qurban verən şəhidlərimiz, qəhrəman oğullarımız haqqında silsilə yazılar da dərc olunmağa başladı və bu gün də onların təbliğ olunması, adlarının yaşaması üçün “Aran” öz səhifələrində xüsusi yer ayırır. İstər I, istərsə də II Qarabağ müharibəsi zamanı Ağcabədidən olan igid oğullarımız öz qəhrəmanlıqları ilə torpağa, vətənə necə bağlı olduqlarını sübut ediblər. Hər iki müharibədə ölkəmizin hər yerində olduğu kimi bu rayondan da şəhidlərimiz olub və ümumilikdə 259 nəfər bu zirvəyə ucalıb. I Qarabağ müharibəsi və atəşkəs dövründə 217 nəfər, Vətən müharibəsi dövründə isə 42 nəfər şəhid olub. Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Sərəncamına əsasən rayon ərazisində 42 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib, şəhid övladlarının hər birinə müəyyən məbləğdə müavinətlər ayrılıb. Bütün bayramlarda rəhbərlik başda olmaqla rayon ictimaiyyəti tərəfindən şəhid ailələri ziyarət olunur, igidlərimizin şərəfli döyüş yolları bir daha səhifələnir, xatirələri yad edilir.

Şəhidlərimizin anım günündə, doğum günündə istər “Aran” qəzeti, istərsə də qəzetin nəzdində fəaliyyət göstərən sayt və televiziyanın əməkdaşları onların ailələrinin yanında olur, dərdlərinə şərik çıxır, həmin günlərlə bağlı materialları işıqlandırırlar. Şəhid valideynlərinin qəzetin 90 illik yubileyi ilə bağlı redaksiyaya ünvanladığı təbrik məktublarında da “Aran”ın onlar üçün bir təsəlli yeri olduğu xüsusi vurğulanır.

Bəli, bizə Zəfər sevincini yaşadan, illərin həsrətinə son qoyan, öz canını, öz sağlamlığını bu qələbənin uğrunda qurban verən oğullarımızı tanımaq, tanıtmaq bizim borcumuzdur və nə qədər ki “Aran” qəzeti var, onların adı bu qəzetin səhifələrində görünəcək, təbliğ olunacaq, heç vaxt unudulmayacaqdır. Bu gün biz onların sayəsində bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır və haqqımız olan Zəfər bu xalqa çox yaraşır.

Qoy bundan sonrakı xəbərlərimiz də yalnız qələbə ruhlu olsun, tikinti, quruculuq, abadlıq işlərindən, böyük uğurlardan bəhs etsin!

90 yaşın mübarək, doğma “Aran”!

Məhsəti Musa

“Aran” qəzetinin redaktoru

Xəbər lenti

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Şərhlər