“Aran” qəzetinin 90 illik yubileyi ilə əlaqədar “Aran-90” adlı kitab işıq üzü görüb.Kitabın redaktorları Məhsəti Musa və Gündüz Sevindik, bədii tərtibatçısı Yəhya Paşazadədir.
Kitab Media Haqqında Azərbaycan Respublikasının Qanunundan müəyyən seçmələrlə başlayır. Sonra ulu öndər Heydər Əliyevin mətbuatın inkişafındakı rolundan, həmçinin Prezident İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın jurnalistlərə göstərdiyi diqqət və qayğıdan bəhs edən məqalələr yer alıb. ”Əkinçidən başlanan yol”, “Ağcabədinin 90 yaşlı “Aran”ı”, “Azadlığın tribunası” yazılarında isə həm Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi” qəzetindən, həm “Aran” qəzetindən, həm də ümumilikdə mətbuatımızın keçdiyi inkişaf yolundan söz açılır. Növbəti bölmələrdə ilk adı “Ağcabədi pambıqçısı”, sonra “Sürət” olan, 1990-cı ildən bugünədək isə “Aran” adı ilə nəşr edilən qəzetin redaktoru olmuş şəxslər haqqında xatirələr və məlumatlar verilib. Kitabda həmçinin rayon rəhbərinin,tanınmış media işçilərinin, yazarların və digər ziyalıların təbrikləri, doğma qəzetlə bağlı fikirləri də yer alıb. “Yolu Arandan keçənlər”, “Arxivdən seçmələr”, “Şərəfli yolun davamçıları” və s. başlıq altında təqdim olunan məlumatların, məqalələrin də oxucuların marağına səbəb olacağına inanırıq.
Qeyd edək ki, kitab “İmza” Nəşrlər Evində 500 nüsxə tirajla çap olunub.