“Aran” qəzetinin əməkdaşı olmaqla qürur duyuram

“Aran” qəzeti respublikamızda bölgə mətbu orqanları sırasında özünəməxsus yer tutur. Sözügedən qəzet yarandığı gündən Milli Mətbuatımızın ilk nəşri olan “Əkinçi” qəzetinin ideyalarını uğurla davam etdirir. 1932-ci ildən “Ağcabədi pambıqçısı” adı ilə işıq üzü görən bölgə qəzeti öz səhifələrində rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən yenilikləri obyektiv və operativ əks etdirdiyinə görə rayon əhalisinin sevgi və məhəbbətini qazanmağı bacarıb. Bu nailiyyətli işdə ayrı-ayrı dövrlərdə fəaliyyət göstərən qəzet redaktorlarının və əməkdaşlarının gərgin və yorulmaz fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Məhz bu fədakar insanların xidmətləri sayəsində “Aran” respublika mətbuatında böyük hörmət və nüfuz qazanıb.

Qəzet ayrı-ayrı illərdə, xüsusilə müstəqillik dönəminin keçid dövründə bir çox çətinliklərlə, sıxıntılarla üzləşib. Lakin “Aran”ın azsaylı kollektivi bu çətinliklərə sinə gərən, həmin qəzet əməkdaşlarını – Fazil Sarvan, Dilsuz Kazımov, Səfər Fətəliyev, Məhəmməd İsmayılov, İsmayıl İsmayılov və digərlərinin əvəzsiz xidmətlərini hörmətlə yad edirik. İftixar hissi ilə deyə bilərəm ki, “Aran”ın hazırki kollektivi bu mərd insanların yolunu ləyaqətlə davam etdirir, onların adına layiq yazıb-yaradır. Sevindirici haldır ki, son illər “Aran”ın şəbəkəsi xeyli genişlənib. Onun fəaliyyətinə www.aranqazeti.az saytı, “Aran Ağcabədi” internet televiziyası da daxil olub. Qəzetin 3000 nüsxə ilə tirajlanması da bu gün böyük əhəmiyyət kəsb edib, onun inkişafına ciddi təsir göstərib.

Xoşbəxtəm ki, “Aran” qəzetinin zəhmətkeş kollektivi sırasında mənim də adım var. Çalışıram ki, gündəlik fəaliyyətimdə bir jurnalist kimi mənə tapşırılan bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəlim. Fürsətdən istifadə edib, bütün kollektiv üzvlərini, oxucuları, “Aran” qəzeti sevərlərini 90 illik yubiley münasibətilə təbrik edir, hər kəsə nailiyyətlər, yubiley sevincləri arzulayıram.

Hüseyn QULUZADƏ

“Aran” qəzetinin müxbiri

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər