Ölkə daxilində həyata keçirilən uğurlu siyasətlə yanaşı Azərbaycan Beynəlxalq təşkilatlarla da əməkdaşlığa böyük önəm verir. Yeni Qlobal çağırışlarla zəngin olan müasir dövr baş verən proseslərə yeni yanaşma tələb edir.
Azərbaycan digər mötəbər beynəlxalq təşkilatlarla yanaşı Avropa İttifaqı ilə də ikitərəfli münasibətləri daim inkişaf etdirir. Uğurlu əməkdaşlığın nəticəsidir ki, Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində fəal mövqe tutaraq Ermənistan və Azərbaycan rəhbərlərinin iştirakı ilə 3 dəfə üçtərfli görüşdə iştirak edib.
Təhlillər göstərir ki, son illərdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni səhifəsi açılıb, münasibətlər yeni mərhələyə qədəm qoyub. Bütün bunlar bir daha təsdiq edir ki, bu gün Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin inkişafına, transmilli layihələrin reallaşdırılmasına və qlobal təhlükəsizlik məsələlərinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir.
İyun ayının 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfər etməsi Azərbaycan ilə Avropa İttifaqı arasında yaranmış sıx münasibətlərin daha bir təsdiqidir. Ölkəmiz enerji layihələrinin həyata keçirilməsində 15 ildir ki, Avropa Komissiyası ilə sıx münasibətlər qurmuşdur. Azərbaycan tərəfindən irəli sürülən enerji layihələri Avropa İttifaqı tərəfindən həmişə dəstəklənmişdir.Ölkəmizlə Avropa İttifaqı arasında neft, qaz və bərpaolunan enerji mənbələrini, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoqu yüksələn xətlə inkişaf edir. Bu nöqteyi- nəzərdən Prezident İlham Əliyevin və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Bakıda imzaladığı memorandum gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradır. Memorandumda qarşılıqlı fayda verən və gələcək əlaqələrin daha da möhkəmlənməsinə xidmət edən bəndlər əksini tapmışdır.
Son vaxtlar Azərbaycanda alternativ enerji mənbələrəindən istifadə edilməsi prosesi sürətlənib. Ölkəmizin bərpaolunan enerji istehsalı potensialını şərtləndirən təbii iqlim şəraiti bu cür enerji resurslarından faydalanmağa imkan yaradır. İldə Azərbaycanda 300 gündən artıq günəşli gün olması günəş enerjisindən istifadə etməyi, Abşeronda, dağətəyi və dağlıq zonalarda intensiv külək əsdiyi üçün külək enerjisindən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sürətli axan dağ çaylarının mövcudluğu su elektrik stansiyalarının yaradılmasına imkan verir. Bundan başqa, Xəzər dənizində vaxtaşırı olaraq böyük dalğaların olması son dövrlər dünyanın bir sıra bölgələrində tədbiq olunan dalğa enerjisi istehsalı üçün də müəyyən imkanlar yaradır.
Müstəqilliyimizin ilk illərində Azərbaycanda elektrik enerjisinin istehsalı sahəsində olan problemlər ölkənin elektrik enerjisinə olan təlabatını ödəmədiyi və nəticədə xaricdən enerji istehlakına məcbur olan ölkəmiz hazırda enerji ixracatçısına çevrilmişdir. Bütün bunlar ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi islahatların nəticəsində əldə edilmişdir.
Bütün bu xüsusiyyətlərə görə Azərbaycan Avropa İttifaqı ilə neft, qaz və bərpa olunan enerji mənbələrindən qarşılıqlı faydalanmaq üçün yeni perspektivlər vəd edir.
YAP Ağcabədi rayon təşkilatının
sədr müavini: N.Bünyatov
23.07.2022