Nəticə göz önündədir

Söz və mətbuat azadlığının mövcud olduğu ölkələrdən danışarkən Azərbaycanın adını qürur hissi ilə qeyd edə bilərik. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi dövlətçiliyimizin milli-mənəvi dəyərlərimizin bərpası ilə yanaşı mətbuat sahəsində də özünü göstərdi. “Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir” deyən ümummilli liderin 1998-ci ilin avqustun 6-da imzaladığı Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü. Bütün bunlar “Əkinçi”dən başlayan mətbuat tariximizdə müstəqil medianın inkişafı üçün yeni imkanlar açdı.

Mətbuatdan danışarkən bölgə mətbuatını da xatırlamaya bilmərik. Doğrudur, bölgə mətbuatının bir sıra problemləri var və bu səbəbdən bəzi bölgələrdə fəaliyyət tamamilə çətinləşib. Amma biz Ağcabədinin mətbu orqanı olan “Aran” qəzetinin simasında göstərə bildik ki, müəyyən diqqət və qayğı olarsa, qısa zamanda bölgə mətbuatını dirçəltmək mümkündür. Fəxrlə deyə bilərik ki, Ağcabədi rayonunda bu diqqət, bu dəstək var və nəticə göz önündədir.

Bu il yubileyini – 90 illiyini qeyd etdiyimiz “Aran” qəzeti inkişaf edir, təkcə qəzet deyil, sayt (aranqazeti.az), televiziya (“Aran Ağcabədi”) və sosial şəbəkələrlə rayon sakinlərinin görüşünə gəlir.

Bir gün sən də “Aran”ın bir parçası olacaqsan desələr, inanmazdım. Amma indi 90 illik tarixin içərisində mən də bapbalaca zərrəyəm və bu ayrı bir sevincdir.

Əziz “Aran”, 90 yaşın mübarək!

Rəmziyyə HƏSƏNOVA

“Aran” qəzetinin müxbiri

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com