Təbrik edirik!


“Aran”ın 90 illik yubileyi kollektivimiz üçün ikiqat sevindirici olub. Qəzetin əməkdaşı, tanınmış şair-publisist Yəhya Paşazadə Azərbaycan Yazıçılar Birliyi Qarabağ bölgəsi üzrə sədr müavini vəzifəsinə təyin olunub. Bu münasibət ilə həmkarımızı səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı, fəaliyyətində və yaradıcılığında yeni-yeni uğurlar arzulayır və şairin Zəfər gününə həsr olunmuş bir şeirini təqdim edirik

Mübarəkdir Zəfər günün, Azərbaycan!
Xain düşmən alovlanır, yanır şərdə,
Könüllərdə yer qalmayıb zülmə, dərdə,
Bayrağımız qanadlanır zəfərlərdə,
Mübarəkdir Zəfər günün, Azərbaycan!

Əsgərinin addımından haqq səs alır,
Azadlığın zirvələrdən həvəs alır…
Torpaqların indi rahat nəfəs alır,
Mübarəkdir Zəfər günün, Azərbaycan!

Qələbədir hər yürüşün, hər səfərin,
Bir orduya bərabərdir hər nəfərin…
Şəhidlərə həyat verir hər zəfərin,
Mübarəkdir Zəfər günün, Azərbaycan!

Qalib gəlib zamanlara cəsarətin,
Zəncirini sındırmısan əsarətin…
Sağalacaq hər bir yaran, xəsarətin,
Mübarəkdir Zəfər günün, Azərbaycan!

Vətən eşqi, yurd diləyi qalib gəlib,
Kişi sözü, qurd biləyi qalib gəlib,
Oğuz ruhu, türk ürəyi qalib gəlib,
Mübarəkdir Zəfər günün, Azərbaycan!

Qaytarılıb halallığı bağça, bağın,
Təzələnib havası da düzün, dağın.
Xilas olub gözəlliyi Qarabağın,
Mübarəkdir Zəfər günün, Azərbaycan!

Səadətin ünvanına yol çəkilib,
Ayrılığın arasından kol çəkilib.
Zəfər andın imzalanıb, qol çəkilib,
Mübarəkdir Zəfər günün, Azərbaycan!


Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com