Azərbaycan klublarının Avrokubok matçları, lk oyunlarda qeydə alınan nəticələr, cavab qarşlaşmalarında komandalarımızın şansları az maraq doğurmur. Bu məqsədlə sabiq FİFA referisi, “Neftçi” klubunun sabiq vitse-prezidenti Tahir Süleymanovla əlaqə saxladıq. Futbol funksioneri ilə həm avrokubok matçları haqda, həm də digər maraqlı məqamlar barəsində danışdıq.
– Avrokuboklardakı təmsilçilərimiz bu həftə cavab oyununa çıxacaq. İlk oyunun nəticələrinə əsasən komandalarımızın şanslarınızı necə qiymətləndirirsiniz?
– Çempionatın ümumi səviyyəsini, avrokuboklara vəsiqə qazanan klublarımızın durumunu hər kəs bilir. Böyük təcrübəyə, sabit çıxışa malik “Qarabağ” və digərləri… Ağdamlılarla yanaşı “Neftçi”yə də ümidlər böyük idi. Tarixi klubun statusu, çəkisi, imkanları bunu tələb edir. Püşkatmadan sonra “Zirə” və “Qəbələ”nin şanslarının az olduğu öncədən bilinirdi. Təəssüf ki, ölkə futbolunun indiki vəziyyəti belədir. İstənilən halda, məğlubiyyət olsa da, ən azından meydanda layiqli mübarizə aparılmalıdır. Konfrans Liqasındakı ilk qarşılaşmalar tam əksini göstərdi. Böyükhesablı məğlubiyyətlər “qəza” yox, səviyyə fərqinin göstəricisidir. Ümumi klub reytinqi, əmsallar cədvəli baxımından acınacaqlı durumdur. Özü qarışıq 4 komandanı çiyinlərində “Qarabağ” daşıyır. Son 10-12 ildə 37-38-ci sıralardan “Neftçi”, “Qarabağ”, “Qəbələ”nin qrup mərhələsinə yüksəlməsi sayəsində 20-ci sıranı haqlamışdıq, hədəf, ilk 15-lik olmalı idi. Ümumi futboldakı və klublardakı bərbad idarəçilik, strategiyanın olmaması, sistemsizlik sayəsində əziyyətlə qazanılan mövqe itirildi. Artıq geri gedilir, 30-cu pilləyə yuvarlanırıq… Tək əldən səs çıxmaz, “Qarabağ”ın qazandığı ballar sonda 4 bölünür. Digər komandalarımız yerində sayır. Belə davam etsə, yenidən 30-40-cı yerlərə düşmək ehtimalı az deyil. “Qarabağ”ı İsveçrədə çox çətin səfər oyunu gözləyir. “Sürix” Bakıda ilk hissədə 0:2 məğlub olsa da, ikinci yarını 2:1 tamamladı(3:2). Bu, onu göstərir ki, rəqib güclü olmaqla yanaşı 2 top fərqilə geridə olsa da, məğlubiyyəti həzm etmir, əzmkarlıq göstərir, psixoloji durumları möhkəmdir. “Sürix” 10-12 günə ardıcıl 4 matça çıxır. Bu amil səfərdə “Qarabağ”a müəyyən mənada əlavə üstünlük verə bilər. Əsas isə “Qarabağ”ın öz oyunudur. Mərhələ keçilsə, Çempionlar Liqasının yolu tam açılmış olacaq, minimum Avropa Liqasının qrupu real görünəcək. İnanmaq istərdik ki, belə də olacaq. “Neftçi” cavab qarşılaşmasında geridönüş etməli, ilk matçdakı məğlubiyyəti, bərbad çıxışı unutdurmalıdır. Sıradan bir “Aris” qarşısında başqa yolu da yoxdur. Əks halda klub idarəçiləri tam tərkibdə yola salınmalıdır.
– Daha çox “Qarabağ” və “Neftçi”dən bəhs etdiniz. “Zirə” və “Qəbələ”nin mərhələ adlamaq şanslarının olmaması ilə barışmısınız?
– Yuxarıda ümumi cavab vermişəm. Püşkatmadan sonra artıq “Zirə” və “Qəbələ”nin şanslarının minimum olduğu bəlli idi. İlk oyunlardan sonra bunlar əyani olaraq öz təsdiqini tapdı. Azərbaycan futbolunun mövcud vəziyyəti ilə barışanlar barışıb. Ümumi futbolun, AFFA-nın, ayrılıqda hər bir klubun öz cavabdehləri var. Biz sözümüzü istər meydanda, istərsə indi, hər zaman, illərdir deyirik və problemləri analiz edirik, pozitiv tənqid-təhlillərimizi edirik, real çıxış yollarını göstəririk, təkliflərimizi edirik. Sözünü deyən, işini bacaran mütəxəssislərin çoxu futbolu ələ alanlara sərf etmir. Diletant futbol idarəçiliyi, şəxsi maraqlar üstünlük təşkil edir. Nə vaxt futbola münasibət, doğru yanaşma düzələcək, onda da nəticələr yüksələcək. Hələ ki, mövcud vəziyyətdə futbol ictimaiyyəti, azarkeşlər milli, əksər klubların acınacaqlı məğlubiyyətlərinə şahidlik edir.
Sizcə, Konfrans Liqasında məğlub olan komandalarımızda əsas çatışmazlıq nə idi?
– Cavab oyunları var, ikinci 90/+30 dəqiqə qabaqdadır. Acınacaqlı məğlubiyyətlərdən nəticə çıxarılmalıdır. Kompleks yanaşma olmaqla hər bir klub/komandaya fərdi baxılmalıdır. Şərait, maliyyə imkanları, tarixi ənənələr, idarəçilik, futbola baxış eyni deyil. Cavab oyunları bitəndən sonra hər bir klub ayrı-ayrılıqda təhlil edilməlidir.
– “Qarabağ”ın uğurları bu komandanın ölkə çempionatının səviyyəsi ilə uyğun gəlmir. Digər klublar isə futbolumuzun səviyyəsinə uyğun çıxış edirlər. Əsl Azərbaycan çempionu elə “Neftçi”dir. Gümüş medalçımız “Zirə”, “bürünc”ün sahibi də “Qəbələ”dir. Azərbaycan futbolunun real üzü budur. Hər halda “Qarabağ” və digərləri deyimi hələ uzun illər işlədiləcək.
– Bütün klublar Azərbaycanındır, özümüzündür. Təbii, səviyyə fərqi göz önündədir. Bunun üçün avrokubok matçların gözləməyə ehtiyac yoxdur, öncədən bilinirdi. Ayırmaq yox, ümumi futbolun durumu, ayrı-ayrılıqda klubların vəziyyəti, işə yanaşması, problemlərin nədən qaynaqlandığı müzakirə olunmalı və qəti addımlar atılmalıdır. Avrokuboklardakı ilkin nəticələr, illərdir deyilənlərin əyani təsdiqidir. Ölkə futbolunda, klublarda ciddi islahatlar aparılmalıdır. Böyük futbol elmdir. Həvəskar düşüncə ilə peşəkar futbolun idarə olunması mümkünsüzdür. “Mümkün” olanda mövcud yaranır. Hər kəs bacardığı işlə məşğul olmalıdır.
– Yeni mövsümün başlamasına elə də çox vaxt qalmayıb. Mövsümöncəsi elita komandaların son durumunu necə qiymətləndirirsiniz?
– Avrokuboklardakı çıxışlar istənilən futbol ölkəsi üçün bir güzgüdür və səviyyənin əyani göstəricisidir. Əgər əksər aparıcı klublarımızın çıxışları, Avropada göstərdikləri nəticələr bu vəziyyətdədirsə, böyük ölçüdə digər klubların çempionata hazırlığı, imkanları necə ola bilər ki?! Bölgə futbolu olaraq Gəncə, Tovuz futbolunun elitaya qayıtması müsbət haldırsa, maliyyə dayaqlarının olmaması, həll olunmaması böyük suallardır. AFFA-da 200 min(!) futbolçu qeydiyyatdan keçirilib, illərdir 9-10 yaş qrupu üzrə yarışlar keçirilir, 8-10 peşəkar kluba keyfiyyətli futbolçu tapılmır. Bu, futbol adına faciəsidir! Deməli, milyonların xərclənilməsinə baxmayaraq, işlər düzgün qurulmayıb. Uşaq-gənclər futbolundan tutmuş klublara, milli komandalara kimi məsələlərə yenidən baxılmalı və doğru addımlar atılmalıdır. İslahatlar deyəndə tək kadr dəyişikləri nəzərdə tutulmamalıdır, bir qrupun digərləri ilə əvəzlənməsi keyfiyyət anlamına gəlmir. Son 10-15 ilin Azərbaycan futbolu dərindən analiz edilməli, eksperimentlərə son qoyulmalı və tam fərqli, inkişafı təmin edəcək sistemə keçilməlidir. Bunu ancaq işini bacaran, xalqını sevən, nəticələr göstərən, futbol fəaliyyəti ilə uğurlar qazanan insanlar edə bilər. Əgər həqiqətən futbolun inkişafı istənilirsə…
– Klubların yerli oyunçu oynatması ilə bağlı məsələyə edilən dəyişiklik sizcə, futbolumuza nə vəd edir?
– Hər bir işdə peşəkar idarəetmə, strateji addımlar çox önəmlidir. Sualınıza konkret cavab verim, “Neftçi”də çalışdığımız dönəmdə çempionluqlar, kuboklar, tarixi qrup uğuru ilə yanaşı heyətdə saysız-hesabsız gənc futbolçular var idi və ən əsası, əksəriyyəti klubun yetirmələri idi. Biz heç vaxt hansısa qərarın qəbul olunmasına fikir vermirdik, futbolda strateji olaraq nələrin doğru olduğunu bilərək addımlar atırdıq və nəticələr qazanaraq hədəfləri də yüksəldirdik. Gənclər də bu mühitdə yetişir, püxtələşir, özünəinamları artır, inkişaf edirdilər. Peşəkar futbolda gənc ifadəsi nisbi anlayışdır, istedad varsa, heyətdə oynamalıdır və getdikcə təcrübə qazanıb daha da artırmalıdır. Bunun üçün klublarda təsadüflər, bəhanə gətirənlər deyil, işini bilən, heç nədən çəkinməyən, nəticəyə iddialı olan mütəxəssislər çalışmalıdır.
– Yeri gəlmişkən, keçmiş hakim kimi Barış Şimşəyin AFFA Hakimlər Komitəsinə rəhbər təyin edilməsi haqda da fikirləriniz maraqlıdır.
– Bu barədə mətbuatda geniş fikirlərimi bildirmişəm. Təkrarçılıq olmasın, Azərbaycan hakimlik məktəbi dünya çapında öz layiqli yerini tutur. Çox az ölkələr dünya çempionatı və olimpiya oyunları finallarında təmsilçilərinin idarəçiliyi ilə seçilə bilərlər. Avstriyalı Stuxlik 4 il Avropanı gəzə-gəzə Azərbaycanda istirahət elədi, yüz minlərlə dövlətin, xalqın pulunu qazandı getdi. Miras olaraq hakimlər arasında intriqalar qaldı, təcrübəli hakimlər sıxışdırıldı, gənclər arasında bu sahəyə meyllik azaldı. Türkiyəli Barış Şimşək qardaş ölkəni təmsil edir, ən azından mentalitet problemi yoxdur. Hakimlər Komitəsinə yerli mütəxəssislərdən birinin rəhbərlik etməsi daha məqsədəuyğun olardı.
Tural Məmmədov