Bəşər cəmiyyəti yaranandan bəri insanların bir-biri ilə ünsiyyət qurmasında, fikirlərinin çatdırılmasında danışıq dili böyük əhəmiyyət kəsb etmişdir. Müəyyən arealda məskunlaşmış insanlar müxtəlif adət ənənələrə, həyat tərzinə və dilə malik olmuşlar. Bu baxımdan hər bir xalqın sahib olduğu əsas dil onun ana dili sayılır.
İctimai-siyasi formasiyalar bir-birini əvəz etdikcə, dövlətlər formalaşdıqca, dillər yayılmağa, müəyyən dəyişikliklərə məruz qalmağa başlamış, müharibələr, bir ölkənin başqa ölkənin ərazisini zəbt etməsi, müəyyən xalqların əsarətə alınması, hətta dogma ana dilinin yasaq edilməsi hallarına dair tarixi mənbələrdə faktlar kifayət qədər vardır.
Bu baxımdan Azərbaycan xalqı da, onun dogma dili olan azərbaycan dili də tarixin keçməkeşli sınaqlarından keçmişdir. Dilin yazılı daşıyıcısı olan əlifbamız dəfələrlə dəyişikliyə məruz qalsa da, xalqımız azərbaycan dilini qoruyub saxlamış, əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə ötürmüşdür.
Yaxın tarixi keçmişimizi bir daha vərəqləyək.
1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətini yarananda Azərbaycan dili rəsmi dövlət dili elan edildi. 23 aydan sonra süquta uğrayan AXC hakimiyyəti bolşeviklərə təslim etmək məcburiyyətində qaldı. Sovet Hakimiyyətinin mövcud olduğu dövrlərdə müttəfiq Respublikaların ana dilinin dövlət dili olması barədə Konstitusiyada maddə olmasına baxmayaraq rus dili rəsmi dövlət dili kimi təsbit edilərək “üstün” dil hesab edilirdi.
Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi seçildikdən sonra Azərbaycan dilinə xüsusi önəm verməyə başladı. Dilçi alimlərin azərbaycan dilinin qramatikasının təkmilləş-dirilməsinə cəlb edilməsi, ədəbi dilin saflaşdırılması, dilçiliyə aid dərcliklərin yazılması, azərbaycan dilində orta ixtisas və ali təhsil müəssisələrinin yaradılması diqqət mərkəzində saxlandı.
Ulu Öndərin səyləri nəticəsində 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-nin yeni konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dilinə rəsmi dil status verildi. Sovet dönəmində belə bir addım atılması böyük cəsarət və dəyanət tələb edirdi.
İkinci dəfə Azərbaycana siyasi hakimiyyətə qayıtdıqdan sonra azərbaycan dilinin qorunması, onun rəsmi və əbədi dil kimi inkişafına Ulu Öndər böyük həssaslıqla yanaşdı. Məhz buna görə də 2001-ci ildə Heydər Əliyevin imzaladığı Fərmana əsasən hər il avqustun 1-i Respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.
2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Ulu Öndərin azərbaycan dilini inkişafına və qorunub saxlanmasına çox böyük töhfə vermişdir.
Ulu Öndərin siyasi davamçısı cənab İlham Əliyev də azərbaycan dilini inkişaf etdirmək, saflığını xarici təsirlərdən qorumaq üçün lazım olan bütün addımları atdı.
Cənab Prezident tərəfindən 2004-cü ildə verilən “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam əlifba ilə bağlı qalan problemlərin çözülməsinə böyük təkan verdi. Sərəncamdan sonra latın qrafikası ilə azərbaycan dilində dərsliklərin, bədii kitabların və qəzet və jurnalların çap edilməsi prosesi sürətləndi.
2012-ci ildə Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” imzalanan sərəncam ana dilimizin inkişafı, təbliği və tətbiqi baxımından yeni mühüm dövlət sənədi kimi qəbul edildi.
Ölkə rəhbərliyinin gördüyü bütün işlər ana dilimiz olan Azərbaycan dilinin qorunması və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Bu actual məsələ təkcə rəsmi dairələrin deyil, hər bir azərbaycanlının müqəddəs amalı və borcu olmalıdır.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini