Yolların altını üstünə çevirən Sukanal sahəsi

“Əlövsətgil” – Yeni Rublika

Salam. Mən Əlövsətəm. Soyadımı bilməsəniz də olar. Əslində soyadımı yazsam da tanımayacaqsınız. Amma mən sizin hamınızı tanıyıram. Cikinizə-bikinizə qədər… Sağ olsunlar, “Aran” qəzetində bugündən mənim yazılarıma da yer ayıracaqlar. Özü də təkcə mən yox, belə nəsil-kökümün hamısı yazacaq və düşünürəm ki, bu yazılar üçün ayrıca “Əlövsətgil” adlı rubrika yaradılsın. Yəqin ki, qəzetin redaktoru Məhsəti xanım bu istəyimizi nəzərə alar. Burada boş-boşuna kiminsə xalası oğlunu, yaxud hansısa yuxulu idarə müdirini tərifləmək olmayacaq. Nə isə, o biri rubrikalarda kim nə yazır, kim kimi tərifləyir, özü bilər, hərə öz adına uyğun yazır. Mən isə Əlövsətəm. Əlövsət buyruğa baxanlardan, “lazım gələndə” güzəşt edənlərdən, tənqidi tərifə çevirənlərdən, cibinə işləyənlərdən deyil. Gözünüzü açın, yaxşı-yaxşı oxuyun. Mən Əlövsətəm. Əlövsət!

Deyirəm elə siftəni bir yuxumla başlayım. Deməli, Ramazan bayramı idi.Həmişəki kimi yorğun-arğın yıxılıb yatmışdım. Yuxuda gördüm ki, Ağcabədi Sukanal Sahəsinin rəisi Nizami müəllim bir əlində yer qazmaq üçün bel, bir əli də belində dayanıb bizim küçəni gözdən keçirir. Nəsə baxışı xoşuma gəlmədi. Dedim ay müəllim, xeyirdimi, siz hara, bura hara? 

Nizami müəllim mənə çəpəki bir nəzər salıb dedi:

– Qazırıq

– Nəyi qazırsınız, ay müəllim?

– Küçəni

– Axı niyə də?

– Belə məsləhətdir.

– Ay qadan alım, etməyin, eləməyin. Bu küçəyə cəmi 2-3 ildir, rayona su-kanalizasiya xətti çəkiləndən sonra asfalt örtük döşənib. Özü də dəfələrlə müraciət etdikdən, üzümüzün abırı getdikdən sonra. Axı dərdiniz nədir ki, buranı qazıqlamaq istəyirsiniz?

Nizami müəllim daha mənə əhəmiyyət vermədi. Əl işarəsi ilə işçisini çağırıb qəti şəkildə dedi:

– Möhsün, qaz!

Möhsün qolunu çırmayıb qazmağa başladı. Mən nə qədər qışqırsam da dinləyən yox idi. Bu vaxt gördüm ki, Həsən Əliyev, Hüsü Hacıyev və digər küçələrin sakinləri də bu səsə yığışdılar və onlar da eyni problemi yaşadıqlarını dilə gətirməyə başladılar. Adamın çoxaldığını görən Nizami müəllim çönüb mənə tərs bir sillə ilişdirdi. Əsəbi şəkildə dedi:

– Ayə, ay qanmaz, tikib sökmək bizim dədə-baba adətimizdir. Bu gün bu missiya mənim üzərimdədir. Mən öz işimi görürəm. Başa düşdün?

Nizami müəllimi sakit, mehriban biri kimi tanıdığım üçün bu sillə mənə ikiqat zərbə kimi dəymişdi. Və mən ağrıdan dik atılıb gözlərimi açdım. Gördüklərim yuxu imiş. Yuxudan oyansam da, üzüm həqiqətən ağrıyırdı. Bu vaxt oğlum hay-həşirlə evə təpildi:

– Dədə,ay dədə, aralığımızı su basıb eeey

– Necə yəni su basıb, əəə?

– Boru partlayıb, bütün gecə su axıb küçəyə. Yol çökür eeey, dədəə!

Mən tələsik köynəyimi çiynimə atıb küçəyə çıxdım. Əməlli başlı dəniz vardı burada. Qeyri ixtiyari məşhur mahnının sözlərini mızıldamağa başladım.

Yatın barı, dalğalar,

Ay mirvarı, dalğalar

Bu vaxt qonşum Qüdrət muraveyini tırıldada-tırıldada özünü dənizə vurdu. Zalım oğlu qollarını da yana açaraq elə oturmuşdu ki, sanki “Titanik-2” filminin çəkilişində idi. Bu vaxt mən də gözlərimi yumdum. Filmin məşhur musiqisini ifa edən Selin Dionun səsi qulaqlarıma gəldi. Bütün ruhum yerindən oynadı. Muraveyin təkərləri altından sıçrayıb ətrafa səpilən suyun şappıltısı dalğaların səsini xatırladaraq filmdəki ab-havanı yartmışdı. Lakin bu vaxt “Salam, qonşu, ha… ha… ha…” deyib böyrümdən keçən Qüdrətin tır-tırı suyu üst-başıma sıçratdı. Romantikadan ayıldım. Ətrafa nəzər saldım. Borular vaxtında düzəlməzsə, asfalt örtük tamamilə məhv olacaq, yol bərbad hala düşəcəkdi. Dərhal Ağcabədi Sukanal Sahəsinə zəng vurdum. Problemi bildirdim.Nəzarətçinin cavabı qısa və qəti oldu:

– Bayram günü işləmirik.

– Ay qardaş, bəs küçəni su basır axı..

– İş günü olanda gəlib baxarıq.

Dəstək asıldı… Duuud… Duuud…

…Bizim küçənin sakinləri səbrli insanlardır. Canımızı dişimizə tutub bir-iki gün gözlədik. Gələn olmadı. Dəfələrlə zəng vurulsa da, sinəsi “qanayan” boruların dərdinə əlac edilmədi. Nəhayət eybi yox- deyib qaynar xəttə zəng vurdum. “İlan ulduz görməsə ölməz” deyiblər. Bu zəngdən çox az vaxt keçmişdi ki, bayaqdan bayramın dadını çıxarmaq istəyən Sukanal Sahəsinin işçiləri özlərini küçəmizə yetirdilər. Bütün hikkələrindən istifadə edərək yolu qazıqlayıb tökdülər. Dedik canımız cəhənnəm, sonra yəqin ki, düzəldəcəklər. Lakin 2 günlük “arxeoloji qazıntı” başa çatdıqdan sonra birtəhər küçənin üzə çıxan sür-sümüyünü – yəni su borularını calayıb-düzəldib  problemi həll etdilər. Amma qaş düzəltdikləri yerdə vurub göz çıxardılar. Yolun asfalt örtüyünü dəfn edib üstünü torpaqlayaraq getdilər. Dedik belə qalmaz. Yəqin bir-iki günə gəlib bu dərə-təpə, çala-çuxur yaratdıqları yolu bərpa edəcəklər.Lakin küçəmizin üçü, yeddisi çıxdı, amma onlardan səs çıxmadı. Anladıq ki, buraya “sinə daşı”- filan qoyulmayacaq. Bu günlər ərzində bir çox avtomobil bu çala-çuxurdan rahat keçə bilmədiyi üçün qaz  borusuna çırpıldı.Təhlükəli vəziyyət yarandı. Avtomobillərin üstünün boyası getdi, qapısı əzildi. Yağış yağanda küçənin həmin hissəsi bataqlığa döndü. Nəhayət gəlməyəni gözləməyin faydasız olduğunu anlayıb 19 iyun 2022-ci il tarixdə Ağcabədi Sukanal sahəsinə şanlı bir məktub yazdıq. Sakinlər imza ataraq yolun əvvəlki kimi bərpa olunmasını tələb etdilər. 3 il öncə onların müraciətinə baxılaraq abadlaşdırılan yol indi gözləri görə-görə məhv edilmişdi. Özü də şəhərin tən ortasında – Heydər Əliyev prospektində, dövlətin vəsaiti hesabına çəkilmiş asfalt örtük dağıdılıb və bərpa olunmayıb.

İndi kimə üz tutaq? Kimdir günahkar? Əlbəttə, vaxtında edilən müraciətə reaksiya verməyib yolun pis vəziyyətə düşməsinə səbəb olanlar. Yalnız qaynar xəttə zəng vurulandan sonra minnətlə gəlib problemi həll edən, amma ondan da böyük problem qoyub gedənlər. Təkcə bizim küçə yox, rayonun demək olar bir çox küçəsində eyni üsulla torpağın bağrını yarıb yaman günə qoyanlar. Yazılan məktublarda sakinlərin narahatçılığını ağcaqanad vızıltısı hesab edənlər…

Neyləyirsiniz siz? Doğrudanmı yuxumda gördüyüm kimi tikiləni sökmək sizin missiyanızdır? Bəlkə biz qara camaatın bilmədiyi tərəfləri var bu yolları məhv etməyin?! Açıqlayın, biz də bilək. Heç olmasa, yazılan məktuba 1 aydan sonra da olsa cavab göndərin ki, bizi adam yerinə qoyduğunuzu hiss edək. Yox, əgər doğrudan da adam hesab etmirsinizsə, onda “Əlövsətgil”i davamlı izləyin.

Ya da elə “Aran” qəzetinə bir açıqlama verin, bu qara-qura camaat bilsin ki, o yolların taleyi necə olacaq.

Hiddətlə, Əlövsət

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com