Salam, əhli Ağcabədi. Deməli bildiyiniz kimi, “Aran” qəzetinin keçən sayından etibarən “Əlövsətgil” rubrikası yaradılıb ki, burada əsasən Əlövsətin özünün, onunla yanaşı biz qohum əqrabaların da yazıları yer alacaq. Əlövsət bunu mənə deyəndə çox sevindim. 90 yaşına çatmış qəzetimizdə nəhayət bizim kimi sadə camaata da meydan vermələri ürəyimcə oldu. Etməyib tənbəllik, Əlövsətlə birgə durub getdim redaksiyaya. Nə isə, minnətdarlığımı bildirəndən sonra dedim ki, bizdən asılı nə kömək olsa deyin, bacardığımızı edəcəyik. Rayonumuzun qəzetidir, hər birimiz yardımçı olmalıyıq. Redaktor Məhsəti xanım dedi ki, ən yaxşı kömək elə abunə yazılmaqdır. Dedim mənim gözüm üstə. Amma sizə bir iradım var. Redaktor xanım sual dolu baxışlarını üzümə zillədi. Mən onun verəcəyi sualı gözləmədən dedim:
– Qəzetiniz inkişaf edir, saytınız, televiziyanız… Bütün bunlar əla. Amma bir müddətdir ki, çörək sexlərində, maşın təmiri sexlərində hərdən sizin qəzetlərə rast gəlirəm. Çörək alanda dəfələrlə digər qəzetlərlə bərabər “Aran” qəzetinə də büküb verdiklərini görmüşəm. Bu nə deməkdir?
Redaktor dərindən ah çəkib dedi:
– Eeeh, müəllim, bu bizim yaralı yerimizdir. Neçə vaxtdır izləyirik, qəzetlərin oralara necə gedib çıxdığını tapa bilmirik. Əvvəllər “Azərmətbuatyayımı” ASC-nin yerli şöbəsinə verirdik qəzetləri. Sonra məhz abunəçilərə mütəmadi çatdırılmadığına görə onlarla iş birliyinə son qoyub Ağcabədi Poçt Filialı ilə müqavilə bağladıq. Neçə vaxtdır arxayın idik ki, onlar işi layiqincə yerinə yetirəcək. Sonra sizin dediyiniz hallarla rastlaşdıq. Bunun ardıyca bəzi abunəçilərdən şikayətlər gəlməyə başladı. Hər kəs qəzet istəyir. Rayondakı yeniliklərdən xəbər tutmağa çalışır. Amma biz hər dəfə bu haqda Poçt Filialına müraciət etdikcə, onlar daş atıb başlarını tuturlar ki, nə verirsinizsə, hamısı çatdırılır. A balam, çatdırılırsa, o sexlərdəki qəzetlər hardandır? (O gün şəxsən özüm Həzi Aslanov küçəsindəki sexdən aldığım çörək də “Aran” qəzetinə bükülmüşdü) Və ya abunəçilərə nə düşüb ki qəzet ala-ala, gündə zəng vurub gileylərini bildirirlər?
Sonra redaktor əlindəki siyahını mənə göstərdi:
– Baxın, siz Allah. Bax elə dünən yenidən tək-tək zəng vurmağa başlamışıq abunəçilərə. Hələ çoxuna zəng edilməsə də, danışa bildiklərimizin içərisində qəzet almayanları seçib qeyd etmişik. Budur, Hindarx, Qaravəlli, Yeni Qaradolaq, Pərioğullar, Sarvanlar, İmamqulubəyli, Salmanbəyli, Kəhrizli kənd icra nümayəndəlikləri, Ağcabədi şəhər Yaşıllaşdırma Sahəsi, Peşə məktəbi, Ağcabədi Pedaqoji Kolleci və ADPU Ağcabədi filialına qətiyyən qəzet getmir. Poladlı, Yuxarı Qiyaməddinli, Kəbirli kənd icra nümayəndəliklərinə, həmçinin şəhər 2, 3, 4, saylı körpələr evi – uşaq bağçalarına, Qaz İstismar İdarəsinə, rayon Kommunal Xidməti və Mənzil-İstismar İdarəsinə isə hərdənbir, yəni keflərinə düşəndə qəzet çatdırırlar. Amma bu siyahı tam deyil. Əməkdaşımız hələ əlaqə saxlayıb qeydiyyatı aparmağa davam edir. Bir sözlə, biz qəzetləri Poçt Filialına imzalı şəkildə təhvil verib öz işimizi tamamlayırıq. Bundan sonra məsuliyyət onların üzərinə düşür. Qəzetlərin sonrakı taleyindən xəbər tuta bilmirik. Çörək sexlərindəki qəzetlərin ora necə gedib çıxdığını soruşanda isə filialda bundan qəti xəbərlərinin olmadığını deyirlər. Pis tərəfi odur ki, həmin sexlərlə əlaqə saxlayanda onlar da kimdən aldıqlarını demirlər. Elə deyirlər ki, sənin kimi bir adamdır. Nə tanıyıram?… Qısası, biz günahkarı tapa bilmirik. Hamı ağzına su alır bu mövzuda. Abunəçilər də narazı qalır.
Mən redaktor xanımın danışdıqca necə əsəb keçirdiyini görüb dedim ki, narahat olmayın. Bu işdə sizə kömək edəcəm. Açığı necə kömək edəcəyimi bilməsəm də, artıq söz vermişdim. Taleyin işinə bax də… O gün təsadüfən bir dostumun mağazasında gördüm ki, vitrinlərə “Aran” qəzeti səriblər. Dərhal etirazımı bildirib qəzetləri götüzdürdüm. Sonra dostumun sağına-soluna keçib yüz xahiş-minnətlə öyrəndim ki, bu qəzetlər camaatın bulvar kimi tanıdığı yerin yaxınlığında yerləşən köşkdən alınır. Daha doğrusu, dostumun dediyinə görə, poçtdan kimsə qəzetləri gətirib bu köşkə verir, sonra da alıcılar gəlib buradan götürür. Min bir əziyyətlə başa gələn qəzetlər (təkcə “Aran” yox, diqər tanınmış qəzetlər də) burada pomidor kimi kilo ilə satılır. Abunəçilər isə vaxtlı-vaxtında qəzet oxumaq istəyirlər. Təəssüf ki, onlar narazılıqlarını Poçt Filialına yox, redaksiyaya bildirirlər. Nə isə, dedim bəlkə yanlış məlumatdır, gedim özüm yoxlayım. Bir səhər durub getdim köşkə. 3 kilo qəzet istədim. Köşkdəki qardaş qəzetləri tərəziyə qoyub çəkdi:
– 6 manat
Pulunu verib qəzetləri götürdüm. Bu arada qəzeti haradan aldığını da soruşdum. Amma konkret cavab ala bilmədim. Lakin onu öyrəndim ki, nə vaxt istəsəm, gəlib kilo ilə ala bilərəm. Hətta 40-50 kq da istəsəm, tapılacaq. Öz-özümə gülməyim də tutdu. Bu nə danışır, a qardaş. Elə bil qarpız-yemiş alıram… Bütün bunların fonunda isə, məlumdur ki, Poçt Filialından kimsə bu qəzetləri kilo ilə satıb pulunu bala-bala yeyir.
Qəzetləri götürüb maşına əyləşəndə gözüm onlardan birinin üzərində qələmlə yazılmış yazıya sataşdı: “Təzəkənd”.
Yadıma düşdü ki, Məhsəti xanım qəzetin çatdırılmadığı yerlərin adını çəkəndə Təzəkənd kənd icra nümayəndəliyini də qeyd etmişdi. Budur, redaksiyada əməkdaşların zəhmətlə çeşidləyib yığıb, üstünü də səliqə ilə yazıb Poçt Filialına göndərdiyi qəzetlər gəlib burnumuzun dibində, köşkdə mürgü vurur. Poçt Filialının rəhbəri isə daim redaksiyanı haqsız çıxararaq hər işin qaydasında olduğunu söyləyir. İndi buradan filialın müdiri Fuad bəyə səslənərək deyirəm ki, ya bu biabırçılığa son qoyulsun, ya da məhkəmə qarşısında cavab verəcəksiniz. Redaktor ürəyiyumşaq bir xanımdır. Səhlənkarlığınıza əsəbiləşsə də, hey deyir ki, elə edin, kiminsə işinə problem yaratmayaq. Amma mən belə işlərdə güzəştə gedən deyiləm. Əlövsətin qardaşı özündən də betərdir. Əyri nə görsəm, yazacağam. Odur ki, hörmətli Fuad müəllim, ya o işçilərinizi də toplayın, ciddi xəbərdarlıq edin, bu əməllərə son qoyulsun, ya da özünüzü yola salaq gedin ki, bəlkə bu işin öhdəsindən gələn biri tapıla.
Dəhşətlə, Əlövsətin qardaşı