Avstriyada oynamış futbolçumuz “Rapid” haqda nələr dedi? – MÜSAHİBƏ

Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edən Bakının “Neftçi” klubunun Avstriyanın “Rapid” komandası ilə qarşılaşacaq olması bu ölkənin futboluna bələd olan futbol adamlarına marağı xeyli artırıb. Belələrindən biri də məhz “Neftçi”nin yetirməsi və sabiq üzvü olan Amit Quluzadədir. Son mövsümü Avstriyanın “Ştadl Paura” komandasında keçirən sözügedən həmyerlimizlə əlaqə saxlamaqda məqsədimiz flaqmanın rəqibi  “Rapid” haqda müəyyən bilgi əldə etmək, eyni zamanda, avstriyalıların güclü və zəif cəhətlərini öyrənmək idi.

– Avstriya “Rapid”ini bir komanda kimi necə təqdim edərdin?

– Komanda əsasən yerli futbolçulardan təşkil olunmuşkollektivdir. Fiziki gücə hesablanmış, sürətli futbola üstünlük verirlər. Ancaq “Rapid”i gözümüzdə o qədər də böyütməməliyik. Qorxulu rəqib deyil, məncə.  

Avstriya klubunun üstün və zəif cəhətləri hansılardır?

– Kompakt oynayan komandadır. Sürətli hücum təşkil etməyi bacarırlar. Cinah yarımmüdafiəçiləri xüsusi qeyd olunmalı oyunçularıdır.Həm sürət, həm də qol duyumu baxımından seçilirdilər. Amma belə xüsusi bir üstünlüyü olan komanda deyil “Neftçi”nin rəqibi. 

– Belə başa düşdüm ki, keçmiş klubun “Neftçi”nin mərhələ adlamaq şanslarını yüksək dəyərləndirirsən.

– Yox, birmənalı şəkildə belə deməzdim. Mənə elə gəlir ki, şanslar bərabərdir. Qısası, “Neftçi”nin qarşısında ötən mövsüm izlədiyim “Rapid” olacaqsa, bu komandaya qarşı çəkinmədən oynamaq olar. Onlar bizi oyun praktikası baxımından üstələyə bilərlər. Azərbaycan çempionatı həftəsonu başlayacaqsa, Avstriyada klublar 3-cü turun ərəfəsindədirlər.  

– Səncə, “Neftçi” “Rapid”ə qarşı hansı oyun üslubuna üstünllük verməlidir?

– Mənim bu haqda nəsə deməyim düz olmaz. Hər halda mən məşqçi deyiləm. Yəqin ki, “Neftçi”nin məşqçilər heyəti oyuna hazırlıq çərçivəsində “Rapid”i yaxşı təhlil edib.

Yeri gəlmişkən. son mövsümü Avstriyada keçirdiyin üçün bu ölkənin futboluna yaxşı bələd olan bir futbolçusan. Maraqlıdır, bizim futbol ictimaiyyətindən səninlə əlaqə saxlayaraq “Rapid” haqqında məlumat alan olubmu? 

– Yox, heç kim mənimlə əlaqə saxlamayıb. Ehtiyac olarsa, məlumat verərəm, amma dediyim kimi, məşqçilər korpusu yəqin ki, öhdəsinə düşən işi görür.

– Avstriya futbol ictimaiyyəti Azərbaycan futbolu haqqında hansı fikirdədilər?

– Söhbət futbol funksionerlərindən gedirsə, bizim futbol haqda heç də pis düşünmürlər. Yox, əgər azarkeşləri nəzərdə tutursunuzsa, onlar haqda eyni sözləri deyə bilməyəcəm.

– Maraqlıdır, yerli azarkeşlər Azərbaycan futbolunu necə dəyərləndirirlər?

– Avstriyada azarkeşlər Azərbaycanı zəif futbol ölkəsi kimi qəbul edirlər.

– Yeri gəlmişkən, iki ölkə futbolu arasında səviyyə fərqi çoxdurmu?

– Bəli, xeyli səviyyə fərqi var. Həm çempionatın səviyyəsi, həm futbolçuların ustalığı baxımından. Burda 10 liqa var. Elə üçüncü liqa təmsilçiləri var ki, 2 milyon avro büdcəsi var.

– “Ştadl Paura”dan ayrılmağına səbəb nə oldu?

– Moldovadan qayıdandan sonra bir müddət futbolsuz qaldım. Vaxtilə Bosniyada tanıdığım məşqçi Avstriyada oynayıb formamı bərpa etməyi təklif etdi və beləcə ora yolandım. Mövsüm bitəndə isə başqa bir kluba keçməli idim, amma alınmadı.

– Müsahibələrinin birində Avstriyanın 1-ci liqasında çıxış edən iki komandayla danışıq apardığını demişdin. Həmin klublardan biri idi?

– Hə, elə həmin komandalardan biri idi. Mənə iki illik müqavilə təklif etmişdilər. Amma sonra viza almaqla bağlı problem oldu və ölkədə yaşamaq hüququ ala bilmədim deyə transfer baş tutmadı.

– Avstriya klubuna gedənə qədər Azərbaycan premyer-liqasıyla yanaşı, Portuqaliya, Türkiyə, Yunanıstan, Bosniya və Hersoqovina, Kosovo, Moldova çempionatlarında çıxış etmisən. Yenidən legioner həyatı yaşamaq istəyirsən?

– Təbii ki, təklif olarsa, xaricdə top qovmaq istəyirəm. Əslində, Asiya klublarından təklif almışdım, ancaq təklif məni qane etmədi deyə razılaşmadım.

– Azərbaycan klublarından necə, təklif almamısan?

– Yerli klublardan 1-2 təklif olmuşdu, amma ortaq məxrəcə gələ bilmədik.

-Yeri gəlmişkən, bu həftə Azərbaycan premyer-liqası start götürür. Ölkə çempionatının yeni mövsümündən nə gözləyirsən?

– Düzü, daha çox ölkə hüdudlarından kənarda top qovduğum üçün çempionatı yaxından izləmək imkanım olmur. Amma ümumilikdə “Qarabağ”ın daha güclü olması, “Neftçi”nin ağdamlılarla rəqabət aparmağa cəhd etməsi və eləcə də kimin nükafatlar uğrunda, kimin elitada qalmaq üçün çalışdığı hamıya aydındır. Yemi mövsüm ərəfəsində ən müsbət məqam isə elitada komanda sayının 10-a çatdırılması, bölgə təmsilçiləri “Turan-Tovuz”la, “Kəpəz”in premyer-liqaya qayıtması oldu.

Söhbətləşdi Tural Məmmədov

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər