“Həmidə “ qadınlar klubu yenidən doğma qəzetimizdə

“Aran” qəzetinin 90 illik yubileyinə hazırlaşdığımız vaxtlarda qəzetin keçmiş saylarını vərəqləyirdik. Yubiley münasibətilə hazırlanan kitabda bu qəzet saylarından seçilmiş məqalələr də yer alacaqdı. Bu vaxt diqqətimi “Həmidə” qadınlar klubu adlı sərlövhə çəkdi. Qəzetin 1989-cu ilə aid müxtəlif saylarında tez-tez rastıma çıxan bu rubrika tanış olmağa başladım. “Həmidə” qadınlar klubunun adı həmyerlimiz, Azərbaycanın ilk maarifçi xanımlarından olan, Həmidə xanım Cavanşirin adı ilə bağlı olub. Elə rubrikanın daimi şəkli də Həmidə xanımın fotosudur. Bu rubrikada ağcabədili xanımların qaldırdığı problemlər, onları narahat edən məsələlər, maraqlı təkliflər, tövsiyyələrlə yanaşı, həmçinin uğurlu qadınlarımızla bağlı yazılar yer alır. Yaşlı nəslin nümayəndələrindən bu rubrika haqqında daha ətraflı məlumat almağa çalışdım və öyrəndim ki, “Həmidə” qadınlar klubu rubrikası bir vaxtlar qəzetin əməkdaşı olmuş Sədaqət Rəcəbovanın təşəbbüsü ilə yaradılıb. Bildirildiyinə görə bu rubrikada qadınlar tərəfindən qaldırılan məsələlər təkcə onların istək və arzularının ifadəsi deyil, ümumilikdə cəmiyyətimizin-elmin, təhsilin, mədəniyyətin inkişafına, sosial həyatın yaxşılaşmasına, övladlarımızın düzgün tərbiyə olunmasına və s. xidmət edirdi. Mən özüm də məqalələrə nəzər saldıqca, bunların şahidi olurdum. Və çox maraqlıdır ki, hələ o zaman üzərinə diqqət çəkilən mövzular var ki, bu gün də aktualdır. Qərara gəldik ki, həmin rubrikanı yenidən bərpa etməklə həm qəzetin keçmişinə dair bir ənənəni yaşadaq, həm də cəmiyyətin aparıcı qüvvəsi olan qadınlar üçün qəzetdə ürəkdolusu çıxış etməyə imkan yaradaq. 

Düşünürük ki, həmyerlimiz olmuş, görkəmli ziyalımız Həmidə xanım Cavanşirin adı ilə bağlı olan bu rubrika hər kəsin ürəyincə olacaq və faydasını tezliklə görməyə başlayacağıq. Beləliklə, əziz qadınlar, növbəti saylarımız üçün yazılarınızı, təkliflərinizi gözləyirik. Aydın düşüncəli, dövlətimizin maraqlarını müdafiə edən, azərbaycançılıq ideyaları ilə yaşayan, yaradıcı, təəssübkeş qadınların bir araya gəlməsi, fikirlərini bölüşməsi, yeni ideyaların yaranmasına, gənclərimizin düzgün tərbiyə olunmasına, övladlarımızın doğru yola istiqamətlənməsinə və s. böyük təsir edəcəkdir.

Yenidən davam etdirməyə başladığımız rubrikada ilk olaraq elə Həmidə xanım Cavanşir haqqında qısa məlumat verməyi daha uyğun bildik. Baxmayaraq ki, hər birimiz bu haqda məlumatlıyıq, istədik ki, bir daha xatırlatma edək.

***

Həmidə xanım Cavanşir

Azərbaycanın ilk maarifçi qadınlarından biri, xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü Həmidə xanım Cavanşir (Məmmədquluzadə) 1873-cü ildə  Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdir. Kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir yeddi “Qarabağnamə”dən ən məşhurunu – “Qarabağ xanlığının siyasi vəziyyətinə dair” əsərini yazıb. Onun çoxsaylı şeirləri və tərcümələri 1906-cı ildə Tiflisdə “Qeyrət” mətbəəsində kitab kimi nəşr edilib. Tək Kəhrizlidə deyil, elə ətraf kəndlərdə də Əhməd bəy kasıbların böyük himayədarı olub. Belə bir nəcib insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da xüsusilə seçilir. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdu. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan sonra Həmidə xanım Cavanşir Kəhrizliyə-ata mülkünə geri dönmüşdür. 1905-ci ildə Tiflisdə Cəlil Məmmədquluzadə tanış olaraq iki il sonra onunla ailə quran Həmidə xanımın bu addımı çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırılmamışdı. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, “Molla Nəsrəddin”in isə xeyirxah himayədarı olmuşdu. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə  birgə keçirdikləri 25 il ərzində Mirzə Cəlil nə qədər kəskin zərbələrə, ittihamlara tuş gəlsə, nadanlıqla qarşılaşsa da, ona mənəvi dayaq olmuş, bu böyük insanı daim nikbin ovqata kökləmiş, onun bütün ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərmişdi.

Böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edilən Həmidə xanım tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutmuş, qayğılarını həll etmişdir. Bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll etmişdir. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alır.

Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırlayırdı: “Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim”. Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında isə Azərbaycan ziyalılığının baş tacı olan Üzeyir bəy Hacıbəyli xüsusi məqalə yazmışdır. Məqalə bu sözlərlə bitirdi: “Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər qadın oldu ki, şairin iadei-səhhəti üçün, milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi”. Bu hadisə Həmidə xanım Məmmədquluzadənin vətəndaş mahiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktdan yalnız biridir.

Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.

Qeyd edək ki, Kəhrizli kəndində Həmidə Məmmədquluzadənin ev muzeyi var. Bu muzey onun mənsub olduğu ocağa – Cavanşirlər nəslinə məxsus tarixi binada yerləşir. Bina Həmidə xanımın vəfatından sonra əvvəlcə orta məktəb, sonra musiqi məktəbi kimi fəaliyyət göstərib, 2005-ci ildən Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyinin filialı statusunda Həmidə Məmmədquluzadənin ev-muzeyinə çevrilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com