İstedadlı şagirdin uğurlu addımları

Hərdən ömrün ötən günlərini vərəqləyir, həyatın necə keçdiyini gözlərim önündə canlandırmağa çalışıram. Təbii ki, ağrılı-acılı, sevincli ömrün günləri gözlərim önündə canlananda qələmi alıb ilk yazılarımı yazdığım zamanlar sanki dünən imiş kimi, çözələnən yaddaşımdan xatirələr, hadisələr sabaha tərəf boylanır.

Yaxşı yadımdadır. Məktəbli idim, cəmi 13 yaşım vardı. Hər il bizim ağcabədililər yayın qızmar istisindən dağlara, yaylaqlara üz tutub, sərin yerlər gəzəndə, qonşumuzun Ağdamın Gülablı kəndindən olan uzaq qohumu oğlu ilə birlikdə onlara, bizim kəndə qonaq gələrdi. Aylarla burada dincələrdi. Biz, qonşu uşaqlar bu əminin (adını unutmuşam), daha doğrusu, artıq bizimlə dost olan oğlunun gəlişini böyük səbrsizliklə gözləyərdik. Hamımız qonşuda yığışıb deyər-gülər, səsli-küylü, dəcəl uşaqlıq illərini yaşayardıq… Qonaq əminin gözləri görmürdü, qara çeşmək taxardı. Amma gözlərinin görməməsinə baxmayaraq, o, bizi məharətlə idarə edər, artıq, yersiz hərəkətimizi hiss edəndə çəliyini bərkdən yerə vurar və çəliyin səsinə dərhal reaksiya verən biz uşaqlara düz yol göstərər, nəyi necə etməyi məsləhət verərdi. Hətta, yayın istisində, kölgədə oynayan bizlərdən birisi günün qabağına çıxsa, əmi dərhal bunu görərdi. Həmin uşağı kölgəyə çağırar, isti günün verə biləcəyi zərəri ətraflı izah edərdi. Mən də başqa qonşu  uşaqları kimi, bu əminin dediklərinə diqqətlə qulaq asar, məsləhətlərindən yararlanmağa çalışardım. Mənim uşaq yaddaşımda dərin iz buraxan əmi haqqında “Nursuz gözlər” adlı hekayə yazdım. Yerli “Sürət” qəzetinə gətirdim. Qəzetin əməkdaşları hərəsi bir tapşırıq dalınca getmişdilər. Mən redaksiyada, iş başında olan mərhm Fazil Sarvanın (Fazil müəllim, uzun müddət qəzetdə əməkdaş və redaktor vəzifəsində çalışıb) kabinetinin qapısını döydüm. İçəridən gəl kəlməsini eşidəndə ürəkləndim, içəri daxil oldum. Fazil müəllim təcrübəli qələm sahibi, gənclərə xüsusi qayğı bəsləyən bir ədəbiyyatçı kimi, mənə qulaq asdı. “Nursuz gözlər” adlı hekayəmi oxumağımı axıra qədər dinlədikdən sonra, yaşıma görə müşahidəçilik qabiliyyətimin güclü olduğunu vurğuladı. Bircə məsləhət verdi, dedi ki, qəhrəmanın gözlərinin görmədiyini, amma çox şeyləri görən çoxlarından yaxşı və dəqiq görməsini düz təsəvvür etmisən. Gəlsənə hekayənin adını dəyişib “Ürəyi ilə görən insan” qoyaq. Hə, nə deyirsən? Bir az fikirləşib razılaşdım. Hər ikimiz məmnun olduq. Fazil müəllim onun nəyə işarə vurduğunu başa düşdüyümə görə, mənsə ədəbiyyatdan yoğrulan belə bir insanın, qələm əhlinin təsvir etdiyim hadisəyə verdiyi  qiymət üçün.

…Xeyirxah insan, həmişə hamının əlindən tutan Fazil müəllimin nəvəsi Allahverdiyev İbrahim Nizami oğlu 2008-ci il aprelin 10-da doğulub. Babası şair Fazil Sarvanın ədəbiyyat sahəsindəki istedadı İbrahimdə özünü riyaziyyat, təbiət elmləri və robot texnikası sahələrində qabarıq göstərir. 

İbrahim tanınmış inşaatçı “Tərəqqi” medallı, xeyirxah bir insan olan Nizami Allahverdiyevin ailəsində dünyaya gəlib. Bu günlərdə vunderkind olan həmyelimiz İbrahimlə görüşüb yaxından tanış oldum və əməlli başlı söhbət etdim. 

6 yaşında məktəbə gedən İbrahim artıq 9-cu sinifə keçib. Amma hələ məktəbli olmasına baxmayaraq, elm sahəsində bir çox uğurlara imza atıb. 

23 iyun 2022-ci ildə Almaniyanın Frankfurd şəhərində yerləşən Höte Frank Universitetində 15 ölkədən iştirakçılar arasında Beynəlxalq STEM olimpiadası keçirildi. Yarışma riyaziyyat, təbiət elmləri və kodlaşma kateqoriyaları üzrə oldu. Azərbaycan komandası 31 qızıl, 23 gümüş, 29 bürünc və 16 həvəsləndirici medal əldə etdi. Medal alanlar içərisində ən yaxşı nəticə göstərənlər arasında müxtəlif kateqoriyalarda şagirdlərimiz 6 nəfər 1-ci, 5 nəfər 2-ci, və bir nəfər 3-cü yer qazandı. Dünya birinciliyində əldə edilən yerlərdən ikisini məhz İbrahim Allahverdiyev tutdu. 

Birincilik qazananlar arasında ən yaxşı nəticəni həmyerlimiz Allahverdiyev İbrahim Nizami oğlu göstərmişdir. Belə ki, riyaziyyat elmləri üzrə və təbiət elmləri (fizika, kimya biologiya) üzrə 2 qızıl medalı İbrahim qazanmışdır. İbrahim bir çox beynəlxalq yarış və olimpiadada iştirak etmişdir. Bunlardan Ken Ken-Yaponiya, Korea Science Engineering Fair İnternational 2021, Dubay-Exro 2022, İngiltərə-İmperial College 2021, Sasmo Azerbaijan, Vanda Azerbaijan, Tunisia 2021-2022, Texnofest Türkiyə 2021 kimi yarışma və olimpiadaları göstərmək olar. 

İbrahim Texnofest-Türkiyə – 2021 rabote texnika proje yarışmasında 3-cü yer, Tunisia 2021-2022 yarışmasında 2-ci yer, Dubay-Exro – 2022 yarışmasında Cali balance proje üzrə 1-ci yer, Vanda Azerbaijan təbiət elmləri üzrə 1-ci yer qazanaraq, 2022-ci ildə Sinqapurda keçiriləcək Beynəlxalq olimpiadanın finalına vəsiqə qazanmışdır. Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq STEMOlimpiadasında 2-ci kateqoriya üzrə 1-ci yer tutmuşdur.

…İbrahim əsl istedad, Vunderkind kimi dərin müşahidə və düşünmə qabiliyyətinə malikdir. Bu təvazökar və təbəssümlü oğlan hələ indidən insanlara yararlı olmağı, qloballaşan dünyada, gündə ortalığa çıxan bir ümumbəşəri problemin həllində öz əməyini vermək məqsədindədir. O, texnologiyanın inkişafına əsaslanan elə bir aparat və ya cihaz kəşf etmək istəyir ki, bu hətta sıravi insanlar üçün əlçatan olsun. Onların həyatlarındakı problem və çətinlikləri aradan götürməklə, insanların xoş və firavan həyatını təmin etsin.

Lap balaca olanda İbrahim nənəsi Cəvahir xanımın himayəsində böyüyüb. İbrahim deyir ki, nənəsi ona nağılları axıcı riyazi dillə danışardı və o, uşaq ikən elə bilirdi ki, nağıllar riyaziyyatın bir parçasıdır. Nənəsinin danışdığı nağıllar onda riyaziyyat elminə böyük həvəs yaratdı və İbrahim artıq bu elm sahəsində xeyli uğura imza atıb. 

İbrahim oxumağa, öyrənməyə çox həvəslidir. O, çox oxumaqdan yorulmur. Kitaba, elmlərə həvəsi daha da artır. Müəllimləri deyir ki, İbrahim o qədər kitabsevərdir ki, hətta dərslərarası tənəffüsdə belə kitabxanaya qaçar, nəsə oxuyardı. O, həm də təkcə oxumaqla kifayətlənmir, oxuduqlarını, bildiklərini başqaları ilə müzakirə edir, bölüşür. 

İndidən insanlara yararlı olmağı, onlara kömək əli uzatmağı qarşısına məqsəd qoyan İbrahim çox ailəcanlıdır. Ailələrini, valideyn və bacı qardaşlarını ürəkdən sevən, onlarla nəfəs alan İbrahim deyir ki, yaxınlarını hədsiz məhəbbət, insanlıq istəyi ilə sevməsən, başqa insanları sevə, onlara mərhəmətlə yanaşa bilməzsən. 

Atası Nizami İbrahimin özünün dediyi kimi, onun həyatının baş qəhrəmanıdır. İbrahim həyatda həmişə atasına oxşamağa çalışır.

Əsl istedada malik olan İbrahim gələcəkdə elm sahəsində böyük uğurlar qazanaraq insanlara, bəşəriyyətə xidmət etmək amalı ilə yaşayır. Onun şair-publisist, çox xeyirxah insan olan mərhum babası Fazil Sarvan yolunun davamçısı olaraq daha böyük uğurlara imza atacağına inam arzusu ilə.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər