Küçə iti ilə söhbət

– Salam, küçə iti

– Ham… ham…  Sadəcə it deyə bilməzdin?

– Axı küçədə yaşayırsan

– Neyləyim ki, bu mənim taleyimdir. Küçədə doğuldum, küçədə böyüdüm, mənim evim bu küçələrdir.

– Mən də eyni şeyi dedim.

– Dedin. Amma siz insanlar “küçə adamı”, “küçə uşağı”, “küçə iti” ifadələrini təhqir kimi işlədirsiniz.Ona görə də,sadəcə it de mənə.

– Yaxşı, səndən bir söz soruşacam. Özün də dedin ki, küçələr sənin evindir.Bəs bu evini zibilləmək sənə yaraşarmı? Niyə zibil torbalarını yırtıb dağıdırsan? Niyə evini-küçəni zibilləyirsən?

– Neyləyim,ac qalım?

– Ac qal demirəm. Amma…

– Bilirsən nə var? Bu küçədə tək mən yaşamıram.Hər gün onlarla it toplaşır  zibilliklərə. Ac qarınlarını doyurmaq, balalarını yedirmək üçün. Siz insanlar kimi, biz itlər də eyni deyilik. Pintisi var, acgözü var… Biri tapdığını yoldaşları ilə oradaca yeyir, biri torbanı sürüyüb aparıb kənarda təkcə özü həzmi – rabedən keçirir. Beləliklə, zibil küçələrə səpələnir… 

– Bax, görürəm sən ağıllı itsən. Bəlkə yoldaşlarına deyəsən, başa salasan ki, belə etməsinlər, zibili dağıdıb küçəyə səpələməsinlər. Axı insanlar əziyyət çəkirlər. Qışın soyuğunda, yayın istisində küçələri təmizləyənləri də nəzərə alın. Siz onların zəhmətini heç edirsiniz.

– İnsanlar hə? Yazıqdırlar hə? Bütün zibillikləri biz yaradırıq, eləmi?

– Əlbəttə 

– Ha(m)… ha(m)…ha(m)… Çön bir arxaya bax… Gördüyün o yaraşıqlı, böyük ağacın dibində qalaqlanan sərinləşdirici içkilərin, enerji içkilərinin qablarını, tum qabıqlarını, çipsi torbalarını, siqaret kötüklərini də bizim tökdüyümüzü düşünmürsən yəqin ki. Bu təkcə indi gördüyün yerdə deyil. Mağazaların qarşısında, aralıqların başında siz insanların yaratdığı belə “gözəllikləri” hər addımbaşı görmək mümkündür. Həyətindəki ağacın qol-budağını  kəsib səkilərin kənarında qalaqlayanlar da biz deyilik. Avtomobillərin pəncərələrindən küçələrə atılan zir-zibilləri də siz insanlar tökürsünüz. Bax…bax… Yaxşı bax… Gördün o uşağı? Yol getdiyi yerdə qayıdıb zibil qabına bir təpik ilişdirdi, zibil hamısı yerə töküldü… İndi buna mən cavabdehəm? Gedin uşaqlarınıza tərbiyə verin, insanlar arasında təbliğat aparın, öz gözünüzdəki tiri çıxarın, sonra biz itlərə irad tutarsınız. 

Əvvəl danışırdınız ki, zibil qutuları yoxdur. İndi pis-yaxşı, konserv qutusuna oxşasa da, çox yerdə qablar qoyulub. Amma siz insanlar özünüzə əziyyət verib zibilinizi  evinizdən bir az aralıda olan qutulara yox, elə küçənizin başında kefinizin istədiyi yerlərə tökürsünüz. İndi gəlib mənə təmizlik dərsi keçirsən. Özünüzü təmizləyin, sonra bizə yol göstərin. Arada Xəlfərəddin, Kamil Nəsibov və digər küçələrinə də baş çəkin.Yaratdığınız gözəllikdən zövq alın…- Nə isə, sən boş-bekarsan deyəsən. İşləməyib danışmaq axırınıza çıxacaq. Mən isə, balalarıma yeməyə nə isə tapmalıyam. Hələlik, ev adamı !

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər