Millətin varlığını sübut edən onun dilidir

Ana dilimiz türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Dilimizin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi onu dünyada ən şirin dillərdən biri kimi tanıtmış, şöhrətləndirmişdir. Hələ XVlll əsrdə Qafqaza səfər edən məşhur fransız yazıçısı və səyyahı Aleksandr Düma yazırdı: “Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir”. Dil xalqın tarixini özündə yaşadan bir vasitədir. Azərbaycan xalqının müxtəlif dövrlərdə öz müstəqilliyi uğrunda apardığı mübarizə dil siyasətində öz əksini tapıb. 

Təsadüfi deyil ki, dahilərimiz ana dilimizi mənəvi vətən saymış, ulularımız milli varlığımızı yaşatmaq üçün onu torpaqlarımızla eyni dərəcədə sevmiş və qorumuşlar. 

Milli varlığımızın əsas atributlarından biri də bizim ana dilimizdir. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik anlayışı ola bilməz. İnsan üçün həyatında dil qədər lazımlı, dil qədər ecazkar heç nə yoxdur. Çünki məhz dilin köməkliyi ilə biliklərə yiyələnir, onun vasitəsi ilə öz sevinc və arzularımızı, sevgi və məhəbbətimizi, qəzəb və nifrətimizi dilə gətiririk. 

Tarixin sərt sınaqlarından mətanətlə çıxan ana dilimiz ən dəyərli milli sərvətimizdir. Hər bir dili yaşadan, inkişaf etdirən xalqdır. Lakin dilin zənginləşməsi, saflaşması, beynəlxalq nüfuz qazanması, dünya dilləri arasında özünəməxsus yer tutması xalqın dəyərli övladları tərəfindən həyata keçirilir. Elə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də dilimizin saflığının qorunması üçün çox böyük işlər görüb. 

Dahi lider Heydər Əliyev deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, dövlət dilini mükəmməl bilməlidir.” Çünki ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. 

Ana dilimizin Heydər Əliyevin təşəbbüsü ilə dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tariximizin qızıl səhifəsidir. 

1995-ci ildə ilk milli kontitusiyamızda Azərbaycan dili dövlət dili kimi qəbul edilir. Daha sonra 2001-ci ilin iyulunda ulu öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı imzalanıb. Eyni zamanda, həmin vaxtlarda dil şurası da yaradılıb. Nəticədə 1 avqust 2001-ci ildə Azərbaycan əlifbası və Azərbaycan dili təsis olunub. 

Bu bir tarixi faktdır ki, dünyanın böyük liderləri içərisində Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. 

Ümummilli liderimizin həyata keçirdiyi ana dili siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Ölkə rəhbərinin 2004-cü ildə yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı bunun parlaq göstəricisidir. 

Azərbaycan ədəbiyyatının azərbaycanlı düşüncəsini əks etdirən samballı əsərlərin latın qrfikasında yenidən nəşr edilməsi məhz Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutub. 

Dilimizin şirinliyini, saflığını, billurluğunu göz bəbəyi kimi qorumaq, keşiyində ayıq-sayıq dayanmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Bu borcdan sənə, mənə hamımıza pay düşür. Gəlin sosial şəbəkələrdə, televiziyada, reklam lövhələrində, video-çarxlarda ədəbi dil normalarına mümkün qədər riayət edək. Bacardığımız qədər əcnəbi sözlərdən istifadə etməyək. Ana dilimiz bizim sərvətimizdir. Sərvətimizi, mirasımızı daim qoruyaq. Dilimizin bu günkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından olduğunu bir daha təsdiqləyir. 

“Ana dili” ifadəsi sadəcə qulağa xoş gələn ifadə deyil. Ürəklərə hərarət gətirən, insanı öz keçmişinə bağlayan, gələcəyə səsləyən mənəvi xəzinədir. Ana dilimiz bizim kökümüz, milli mədəniyyətimiz, milli əxlaqımızdır. Ana dilimiz dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. 

Bu o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Üzeyir dünyası bu dildə ifadə olunmuş, qanımıza, canımıza hopmuşdur. Mənim ana dilim Azərbaycan dilidir. Bu dil məni dünyaya gətirən anamın dilidir. Üzərində boy atıb böyüdüyüm Vətənimin dilidir-Azərbaycan Respublikasının dövlət dilidir. 

Pərvin ŞAKİRQIZI

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər