Sudan səmərəli istifadə mühüm amildir

Avqustun 2-də Ağcabədi rayonunda Kür çayının aşağı axarında suvarma suyundan səmərəli istifadə üzrə kənd təsərrüfatı istehlakçılarının məlumatlandırılması və maarifləndirilməsi ilə bağlı dəyirmi masa keçirilib. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin su ehtiyatlarının idarə edilməsi şöbəsinin əməkdaşları Vəfa Məmmədova, Aysel Ramazanova, Sənan Rəsulov, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin sektor müdiri Yusif Əhədi, Kənd Təsərrüfatı Nazirliyinin torpaqdan istifadəyə nəzarət şöbəsinin böyük məsləhətçisi Rövşən Abdullayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin su mənbələrinin və emal qurğularının idarə olunması şöbəsinin aparıcı mühəndisi Nizami Osmanov, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar cəmiyyətinin suvarma sistemlərinin istismarı şöbəsinin baş məsləhətçisi Əliağa Əzizov, Ağcabədi Rayon İcra Hakimiyyəti aparatının sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdir müavini Muxtar Bağırov, bir qrup istehlakçılar iştirak ediblər.

Mövzu ətrafında çıxış edənlər iri su hövzələrində su səviyyəsinin olduqca aşağı düşməsindən, sudan istifadə edən sahibkarların sudan səmərəli istifadə etməsində maarifləndirmə işlərinin aparılmasından, habelə müasir suvarma sistemlərinin düzgün təmizlənməsi və suyun ədalətli şəkildə bölünməsindən söz açıblar. Tədbirdə suvarma qrafiklərinin əhəmiyyətini özündə əks etdirən film-slayd nümayiş olunub. Suvarmanın səmərəli üsulları – başlığı ilə təqdim olunan düzgün suvarma metodları və sistemlərinin seçilməsi, səthi suvarma, yağışyağdırma üsulu, Pivod tipli suvarma, elastik şlanq ilə suvarma, torpaqaltı suvarma və damcılı suvarma metodları istehlakçılar və təsərrüfatçılar tərəfindən maraqla qarşılanıb. 

Görüşdə xüsusi vurğulanıb ki, sudan səmərəli və düzgün istifadə bu sahədə baş verə biləcək problemlərin həlli istiqamətində ən mühüm amildir. 

Gündüz SEVİNDİK

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər