Aşura məclislərinə uşaqları aparmaq olarmı?

   Qəzetimizin ötən sayında  bəzi cizgi filmlərinin uşaqların psixologiyasına necə mənfi təsir etməsi ilə bağlı bir yazı dərc olunmuşdu. Məqalədə qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı,  aqressiv planlı,  qorxunc cizgi filmlərinin azyaşlıların şüraltında buraxdığı dərin izlərdən bəhs olunurdu ki, sonralar bunun qarşısının alınması damümkün olmur. Bu gün yenidən bu mövzuya qayıtmağımızın başqa bir səbəbi var. Azərbaycanda  hər il keçirilən Aşura mərasimlərində kiçik yaşlı uşaqların iştirakı məsələsi müzakirə mövzusu olur. Təəssüf ki, dövlət qurumları uşaqların bu mərasimlərə cəlb edilməməsi ilə bağlı vətəndaşlara nə qədər tövsiyələr versə də, görünən budur ki, valideynlər çox zaman öz bildiklərini edirlər. Bunun nə qədər təhlükəli olduğunu dərk etmirlər. 

  İslam dini  mərhəməti, qayğını, rəhmi təbliğ edir. İnsanları özlərinə xəsarət yetirməkdən, həmçinin başqalarını incitməkdən uzaq durmağa çağırır. Əlbəttə, bu çağırışların içində keçmişini unutmamaq da var. Bəli,  Məhərrəmlik ayı da bizi dini keçmişimizlə bağlayan aylardan biridir. Bu ayda Kərbəla şəhidlərinə həsr olunmuş Aşura mərasimi hər il keçirilir. İnsanlar həmin gün qətlə yetirilən imamların və yaxınlarının yasını tuturlar. Olsun. Amma… Çox təəssüf ki, insanların kütləvi şəkildə məscidlərə axın edərək keçirdiyi bu mərasimlərə uşaqların da  qatılması valideynlər tərəfindən təşkil edilir ki, bu da ürəkaçan deyil.  Bu haqda yəqin ki,geniş bir yazımız olacaqdır. Amma  mövzu ilə bağlı bu gün  “Həmidə” qadınlar klubunun üzvlərinin fikirlərini öyrənməyə çalışdıq. Beləliklə, qadınlarımızın bu haqda düşündüklərini təqdim edirik.

Samirə Xudiyeva  (Şəhid Anar Cəfərovun həyat yoldaşı, şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müdiri ) :

Mən Aşura mərasimlərinə uşaqların getməsinin əlbəttə, əleyhinəyəm. Şəxsən öz  övladlarıma imkan vermərəm ki,bu mərasimlərə qatılsınlar. Onlar onsuz da bu ağrını yaşayıb. Ataları şəhid olarkən evdəki hay-küy, ağlamaq səsləri ömürlük övladlarımın yaddaşında zədə kimi qalıb. Odur ki, onları hər cür stressdən qorumağa çalışıram. Heç bir valideynə məsləhət görmürəm ki, azyaşlıları bu mərasimlərə aparsınlar. Uşaqların həyəcan, stress keçirməsinə yol vermək olmaz.  Mən dindar ailədə böyümüşəm. Kərbəlayı Camalın qızıyam. Dinimizə böyük sevgimiz var. Amma övladlarımızın  Aşura mərasimlərinə qatılmağını atam özü də qadağan edib.

Arzu Niftalıyeva:

(Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi Rayon Komitəsinin  sədri)

Uşaqlarımızın Aşura məclislərində iştirak etməsinin qəti əleyhinəyəm. Hamımız dinimizə inanırıq, etiqad edirik və hörmətimiz var. Buna baxmayaraq, hətta  uşaqların məktəbə örtünüb gəlməsinin əleyhinəyəm. Azyaşlıların psixologiyasına mənfi təsir edən bir yoldur.  

Pərvin Şakirqızı:

( Jurnalist)

Mən uşaqları bu mərasimlərə heç vaxt aparmıram.  Həmin  mərasimlərdə fanatiklik elementləri həddindən artıq olur. Bu isə uşaqların psixologiyasına ciddi zərbəvurur. Onların öldürülmə, yaralanma səhnələrini izləyərək sarsıntı keçirtməsi yolverilməzdir.

Rəmziyyə Həsənova :

(“ Aran” qəzetinin müxbiri) 

İslam dinində insanın özünə xəsarət yetirməsi qəbulolunmaz haldır.  Belə bir

qayda da yoxdur hardasa. Dövlətimizin dinə göstərdiyi qayğının nəticəsi olaraq, belə

deyək, tolerant bir ölkə olduğumuza görə Aşura məclislərinin, eləcə də digər zərərsiz dini

ayinlərin keçirilməsinə icazə verilir. Bütün bunlara baxmayaraq, kiçik yaşlı uşaqların

sərhədindən çıxmış ( özünü zəncirlə döymək, digər üsullarla xəsarət yetirmək və s.) mərasimlərdə iştirak etməsini qəbul etmirəm. Kiçik yaşlı uşaqların heç nə anlamadan, kor-koranə şəkildə axına düşməsi gələcəkdəonların həyatında böyük problemlərə səbəb ola bilər.

Günel Kərimova:

( Ü. Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbinin direktor müavini) 

İslam dinində buyrulur ki, insanlar bir- birinə məhəbbət, sevgi,mərhəmət aşılamalıdır.

İslamda özünü incitmək, zincirlə döymək, başını yarmaq, sinə, üz cırmaqla

qan çıxarmaq yoxdur. Bəli, hər bir müsəlman valideynövladına islam dinini gözəl bir şəkildə aşılamalıdır. Allahımızı, dinimizi, yaxışılığı, mərhəməti sevgini bir-birinə ötürməyi öyrətməlidir.

Dinimizi parçalayan və yalnış istiqamətlərdən çəkindirməlidir. Təəssüf edirəm ki, Aşura məclislərində insanlarımız bəzən həddindən artıq fanatiklik nümayiş etdirirlər ki, bu yolverilməzdir.Üstəgəl uşaqların həmin mərasimləri izləməsi daha ciddi fəsadlara səbəb ola bilər. Həmin mərasimlərdə yüksək səslə ağlamaq,qışqırmaq,hay-küy olur ki, bu da uşaqlarda müxtəlif fobiyalar yarada bilər. Bununla da biz onlara dinimizi  sevdirmək yox, əksinə gözlərini qorxuda bilərik.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com