Köyük kənd sakini Şahmalı Hacıyev gənc olmasına baxmayaraq sözügedən inzibati ərazi vahidində səriştəli təsərrüfatçılardan sayılır. Onun valideynləri, yaxın qohumları uzun illər vaxtı ilə burada fəaliyyət göstərən kolxozda müxtəlif vəzifələrdə çalışıblar.
Gənc təsərrüfatçı 2016-cı ildə Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsini bitirib. O, hərbi xidməti başa vurduqdan sonra 2017-ci ildən Ağcabədi Rayon İcra Hakimiyyəti Şahsevən Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini vəzifəsində işləyir. Təsərrüfat işlərinə böyük maraq və həvəs Şahmalı müəllim valideynlərinin yolunu davam etdirmək qərarına gəlib. Bacarıqlı ziyalı cari təsərrüfat ilində ailələrinə məxsus 9 hektar pay torpağında pambıq əkib. Sahələrdə yüksək aqrotexniki qulluq sayəsində gələcək bol məhsulun möhkəm bünövrəsi qoyulub. Suvarma sahəsində yaranmış çətinliklərə baxmayaraq, tarlalarda yaxşı məhsul yetişdirilib. Onun sözlərinə görə ötən il də pambıq sahəsində pis nəticə əldə olunmayıb. Təsərrüfata məxsus 3 hektar əkin sahəsində 10,5 tondan çox “ağ qızıl” əldə edilib.
Ötən təsərrüfat illərində qazanılan təcrübədən yararlanan gənc təsərrüfatçı bu il tarlalardan daha çox məhsul götürmək fikrindədir. O, əkin sahələrindən 45 sentner məhsul götürmək üçün bütün imkanları səfərbərliyə alıb. Bu işdə ailə üzvləri yaxından köməklik göstərir.
Yeri gəlmişkən, qeyd edək ki, Şahmalı Hacıyev pay torpağında taxılçılıqla da yaxından məşğul olur. Təsadüfi deyil ki, bu il 5 hektar əkin sahəsindən 24 tondan çox taxıl götürülüb. Bu da hər hektardan 48 sentner məhsul deməkdir.
Adil MİSİRLİ