Babalardan yadigar qalan bir söz var: İş insanın cövhəridir. Əlbəttə bu sözdən ibrət götürüb həyatını əməyə, zəhmətə həsr edən insanlar heç vaxt yanılmırlar. Bəllidir ki, gənclərin işə cəlb edilməsi məsələsi dövlət siyasətinin tərkib hissəsidir. Gənclik hər bir dövlətin aparıcı və potensial imkanlara malik qüvvəsi olduğuna görə onun imkanlarından düzgün bəhrələnmək və bunu doğru istiqamətə yönəltmək lazımdır. Çünki günbəgün dünya reallıqları bunu tələb edir.
Bu gün Azərbaycan hökuməti gənclərin məşğulluq və təhsil probleminin həlli istiqamətində bir sıra işlər görür. Aparılan dövlət siyasətinə uyğun olaraq, gənclərin bilik və bacarıqlarının düzgün qiymətdirilməsi və məşğulluq imkanlarının artırılması, onların işlə təmin olunması istiqamətində atılan addımlar onlara göstərilən diqqətin nəticəsidir.
Bu siyasət Ağcabədidə də uğurla davam etdirilir. Rayonumuzda gənclərə həmişə dəstək göstərilməsi, onların işlə təmin olunması gündəmdə olan məsələlərdən biridir. Elə tibb bacısı ixtisasına yiyələnmiş əkiz bacıların – Jalə və Lalə Həsənovaların da Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Müraciətlərə Operativ Baxılması Mərkəzinə etdikləri müraciətindən sonra işlə təmin olunması bunun bir nümunəsidir. “Aran Ağcabədi” televiziyasına müsahibə verən bacılar öz sevinclərini bizimlə bölüşüb, aparılan düzgün və məqsədyönlü siyasətə, gənclərə göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Pərvin ŞAKİRQIZI