Son illər “Regionların sosial-iqtisadi inkişafına dair”Dövlət Proqramlarının tələblərinə uyğun olaraq rayon mərkəzində “Azərsu” tərəfindən geniş kanalizasiya və su xətləri çəkilişi həyata keçirilib. Görülmüş qazıntı işləri səbəbindən ərazidə yerləşən küçələrdəki yolların dağıdılmış asfalt örtüyü bərpa olunmayıb. Bu da yollarda gediş-gəliş üçün ciddi problemlər doğurur. Yaranmış vəziyyət şəhər sakinlərinin haqlı narazılığına səbəb olur. Bununla əlaqədar sakinlər tərəfindən redaksiyamıza müxtəlif müraciətlər ünvanlanıb. Onlar dağıdılmış yolların tezliklə bərpa olunmasını tələb edirlər.
Məsələyə aydınlıq gətirmək, problemin nə vaxt həll olunancağını öyrənmək üçün rayon icra hakimiyyətinin Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fikrət Allahverdiyevə müraciət etdik. Onun sözlərinə görə, şəhər ərazisində kanalizasiya və su xətti çəkilişi ilə bağlı layihə həyata keçirilərkən dağılmış yolların asfalt örtüyünün icraçı “Azərsu” tərəfindən bərpa ediləcəyi nəzərdə tutulub. Lakin sözügedən qurum bu işi başa çatdırmayıb. Nəticədə küçələr yararsız hala düşüb. Ona görə də yolların asfalt örtüyünün bərpasının təşkili rayon icra hakimiyyətinin Ağcabədi şəhər inzibati dairəsi üzrə nümayəndəliyinə həvalə olunub.
F.Allahverdiyevin dediyi kimi, şəhər ərazisindəki yolların asfalt örtüyünün salınması məqsədi ilə hər il büdcədən müəyyən miqdarda vəsait ayrılır. 2021-ci ildə ayrılmış vəsait hesabına 12 şəhərdaxili küçəyə asfalt salınıb. Sözügedən işlər çərçivəsində Vətən müharibəsi zamanı şəhid olmuş həmyerlilərimizin adlarının verildiyi 6 küçə asfaltlanıb. Eyni zamanda bərbad vəziyyətdə olan şəhər daxilindəki digər 6 küçəyə də asfalt örtük döşənib. Qeyd edilib ki, 2022-ci il üçün ayrılmış vəsait hesabına şəhərdaxili əlavə 11 küçəyə asfalt salınması nəzərdə tutulub. Smeta layihəsinə uyğun olaraq, şəhərin Şamil Cəmşidov və Qarabağ küçələrini birləşdirən dairəvi xətdə asfalt salınması planlaşdırılıb. Məlum səbəb üzündən Şamil Cəmşidov küçəsi ərazisində yerləşən 5 saylı tam orta məktəb, eləcə də, 4 saylı körpələr evi – uşaq bağçasının şagirdlər və körpələri üçün gediş-gəliş çox çətinləşib. Qarabağ küçəsində yaşayan valideynlər öz uşaqlarını həmin müəssisələrə vaxtında çatdıra bilmirlər. Bunun üçün onlara əlavə olaraq, 2-3 km yol qət etmək lazım gəlir. Bu vəziyyət qış aylarında daha dözülməz olur. Halbuki Qarabağ küçəsindən sözügedən məktəb və uşaq bağçası arasındakı məsafə cəmi 700 metr təşkil edir. Ona görə də həmin əraziyə asfalt örtük çəkiləcək.
Fikrət Allahverdiyev sonda əlavə edib ki, şəhərin yol örtüyü dağılmış N.Nərimanov, Soltanbəy, Ə.Bünyadov və digər təmirə zəruri ehtiyac olan küçələrinin də asfaltlanması diqqət mərkəzində saxlanılır.
Yəhya PAŞAZADƏ