Bir çox qadınlar adından

Salam,əziz Həmidə! Çox sevinirəm ki, doğma qəzetimizdə xanımlar üçün öz sözlərini deməyə imkan yaradıbsınız. Toxunacağım mövzu bəlkə də çoxları üçün vacib olmayan məsələ kimi dəyərləndirilə bilər. Amma sizi inandırıram ki, qadınlarımız üçün bu, çox narahatedici bir məqamdır. Ona görə də, bunu tək mənim yox, əksər qadınların istəyi olaraq sizə yazdım. Xahiş edirəm, qəzetdə yayımlanmasına şərait yaradasınız.

  Rayonumuz gündən-günə inkişaf edir. İnsanlarımız da həmçinin. Hər şey gözəldir. Amma çox təəssüf ki, hələ orta məktəbdə oxuduğum vaxtlardan rastlaşdığım bir mənzərə bu gün də dəyişilməz qalır. Bəllidir ki, hər yerdə olduğu kimi, rayonumuzda da hər kəs yalnız avtomobildən istifadə etmir. Yolu piyada gedənlər, qadınlar, qızlar xeyli saydadır. Problem ondadır ki, bu xanımlar piyadalar üçün nəzərdə tutulmuş səkilərdən çox vaxt normal istifadə edə bilmirlər. Çayxanaların, mağazaların qarşısında toplaşan bəylər üzündən səkidən düşüb  maşın yolu ilə getməyə məcbur qalır və təhlükəli vəziyyətlə rastlaşırlar. Nədən ki,topa şəkildə dayanmış o bəylər səki ilə gedən xanımlara hörmət etmir, yol vermir, heç olmasa vulqar ifadələr işlədərək etdikləri söhbəti belə dayandırmırlar. İstər yaşlı qadınlar olsun, istər gənc qızlarımız olsun, bəylərin toplaşaraq səkini zəbt etdiyi hissələrdə hər dəfə məcbur qalıb səkidən düşməli olurlar. Bu nə qədər doğrudur? Buna necə nəzarət etmək olar? 

   Düşünürəm ki, bu, ailədən gələn bir problemdir. Evdə qadına,qıza hörmət etməməyin nəticəsidir ki,yolda,küçədə də eyni hal təkrarlanır. Övladlarımızı, xüsusilə də oğul övladlarımızı böyüdərkən,tərbiyə edərkən onlara istər öz ailələrindəki,istərsə də digər qadınlara hörmət etməyi aşılamalıyıq. Etik davranış qaydalarını öyrətməliyik. Yoxsa neçə illərdir təkrarlanan və dəyişməyən mənzərə bundan sonra da eyni qayda ilə davam edəcək. Bu gün səki  qırağında toplaşarak “hell” içən,tum çırtlayan, işi-peşəsi gəlib keçən qızlara telefon nömrəsi bağırmaq olan bəzi gənclərimiz də məhz həmin boş-bekar əmilərdən nümunə götürənlərdir ki, “ənənə” davam etdirilir. Əziz Həmidə, xahiş edirəm, belə mövzularda söhbətlər, yazılar dərc olunmasına,  təbliğatyönümlü tədbirlər keçirilməsinə təşəbbüs göstərəsiniz. Bu, sadəcə gündəlik həyatımızdan bir nümunədir. Amma  qarşısı alınmadıqca daha da böyüyərək xoşagəlməz hal alacaq. 

   Gülbəniz Əhmədova

         Şəhər sakini

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləŞuşa haraylı jurnalist
Növbəti məqalədəOnları siz də tanıyın

Şərhlər