Biz bu təşəbbüsə adminləri reklam etmək üçün başlamamışıq…

Bu gün sosial media həyat və fəaliyyətimizin bir hissəsinə çevrilib. Sosial şəbəkələrə maraq günbəgün artmaqdadır. Bir çox layihələrin həyata keçirilməsi,insanların maarifləndirilməsi, müxtəlif mövzularda müzakirələrin aparılması, problemlərin ictimailəşdirilməsi, həmin məsələlərlə bağlı konkret addımların atılması və s. hallarada sosial medianın oynadığı müsbət rolu hamımız aydın görürük. Təbii ki, bundan sui-istifadə edənlər,öz məqsədləri üçün yararlananlar da olur. Lakin bu gün biz sosial şəbəkədən maarifləndirici məqsədlər üçün istifadə edən bir səhifədən danışacağıq. Daha doğrusu, “Ağcabədililər” adlı “Fecebook” sosial şəbəkə səhifəsinin adminləri ilə söhbəti təqdim edəcəyik.Yəqin ki, onların kimliyi hər zaman sizləri maraqlandırıb.Elə isə, müsahibəmizlə tanış olun.

– Ağcabədi adı ilə bağlı sosial şəbəkələrdə bir çox səhifələr, qruplar yaradıldı. Amma onların çoxu sonra fəaliyyətsiz qaldı.  “Facebook” sosial şəbəkəsində yaradılmış “Ağcabədililər”  səhifəsi  isə neçə illərdir fəallığını qoruyub saxlayır. Ümumiyyətlə, səhifə haqqında oxucularımıza da qısa məlumat verməyinizi istərdim. “Ağcabədililər” neçənci ildə yaradılıb və hazırda neçə izləyicisi var?

– Fəaliyyətimizlə maraqlanıb müsahibə götürdüyünüz üçün təşəkkür edirik. “Ağcabədililər” adlı  “Facebook” səhifəsi 2016-cı ilin 13 sentyabrında fəaliyyətə başlayıb. Növbəti ay 6 yaşımız tamam olacaq . İdeyanın ortaya çıxması rayonumuza olan sonsuz sevgimizdən irəli gəlir. Fərqli bir platformada rayonumuzu təbliğ etmək qərarı verəndə bu işin heç də asan olmadığını dərk edirdik, amma layihənin uğurlu və uzunömürlü olacağına şübhə etmirdik. Səhifənin idarə olunmasında orijinal kontentlərdən istifadə etdiyimizə və peşəkar yanaşma ortaya qoyduğumuza görə qısa zamanda böyük izləyici auditoriyası topladıq. Ən maraqlı məqam odur ki, bizim izləyicilərimiz arasında gənclərlə yanaşı, nisbətən yaşlı nəsli təmsil edən ziyalılar da çoxluq təşkil edir. Xaricdə yaşayan ağcabədililər içərisində də səhifəmizi izləyənlər var.Bundan başqa səhifəmizi başqa rayon sakinləri də izləyirlər.Saytdan fərqli olaraq “Facebook” səhifəsi daha əlçatan olduğuna görə bu iş operativlik tələb edir.Hazırda səhifəmizi bəyənənlər 8 min, izləyici sayımız 6 mini ötüb. Hesab edirik ki, rayonumuzunadını daşıyan bir səhifə üçün bu, kifayət qədər ciddi rəqəmdir. Üstəlik, biz qeyri-ciddi paylaşımlardan tamamilə uzağıq. Əsas məqsədimiz Ağcabədi rayonunun sayılıb-seçilən ziyalılarını, şəhidlərimizi, rayonumuzun mədəniyyətini təbliğ etmək, onun tarixini, həmçinin rayonda baş verən mühüm ictimai-siyasi hadisələri sosila media vasitəsi ilə yaymaqdır. Bəzi istisna hallarda ictimai mahiyyət kəsb edən mövzuları müzakirəyə çıxarmaq da fəaliyyətimizə aiddir. 

– Çox maraqlıdır, səhifənin adminləri  bu illər ərzində özlərini təqdim etməyiblər. Bu haqda olan sorğulara da cavab olaraq heç nə soruşmamağı istəmisiniz. Hətta müsahibəyə də anonimliyi saxlamaq şərti ilə razı oldunuz. Nədir bu gizliliyin səbəbi?

 – Anonimliyin bir neçə səbəbi var. Birinci səbəb adminlərin öz istəyi ilə bağlıdır. Əgər bir şəxs öz adının hansısa bir ictimai diskursda hallanmasını istəmirsə, buna hörmətlə yanaşmaq lazımdır. Digər əsas səbəb isə odur ki, biz bu səhifəni rayonumuzu təbliğ etmək üçün yaratmışıq. Bu baxımdan, adminlərin arxa planda qalması normal bir haldır. Biz bu təşəbbüsə adminləri reklam etmək üçün başlamamışıq. Bundan başqa, adminlərin gizli qalması onların əsas  işinə maneə yaratmamaq üçündür.Çünki bu səhifənin adminləri tamamilə könüllü fəaliyyət göstərirlər.

– Səhifədə Ağcabədi və ağcabədililər haqqında məlumatlar, müxtəlif sahələrdə rayon sakinlərinin qazandığı uğurlar işıqlandırılır. Bu materialları yalnız özünüz axtarırsınız, yoxsa hazır məlumatları göndərənlər də olur? 

– Səhifənin fəaliyyətə başladığı ilk vaxtlar özümüz məlumatları əldə edirdik. Etiraf edək ki, adminlərin bəzi insayder məlumatlara çıxış imkanları mövcuddur. Sonradan paylaşılması gərək duyulan bəzi məlumatları izləyicilərimiz özləri bizə göndərməyə başladılar. Fürsətdən istifadə edərək ümumi işimizə verdikləri töhfəyə görə həmin izləyicilərimizə təşəkkür edirik. Bundan əlavə səhifəmizlə əməkdaşlıq edən könüllüllər var. Onlar müxtəlif sayt və sosial şəbəkələrdə,KİV-lərdə gedən məlumatları gördükdə bizə yönəldirlər. Səhifədə gedən məlumatlar rayonumuz haqqında araşdırmaları ilə tanınan şair, filoloq alim Ənvər Əhməd, professor Asif Rüstəmli, şair –publisisit Yəhya Paşazadə, tədqiqatçı Şirxan Aranlı, şair-jurnalist Məhsəti Musa və digərlərinin kitabları,yazıları və məqalələri əsasında da paylaşılıb. 

– Hər hansı problemini işıqlandırmağınız üçün sizə müraciət edənlər olurmu? Olursa, kömək edə bilirsinizmi?

 – İmkan daxilində kömək edirik. Ümumiyyətlə, səhifəmiz “Facebook”da populyar olduğu üçün həm rayon sakinləri tərəfindən, həm də rayonumuza gəlmək istəyən və ya rayonumuzla bağlı hansısa bir layihə həyata keçirməyi planlaşdıran şəxslər tərəfindən çoxlu sayda müraciətlər alırıq. Bu cür müraciətlər daxil olduqda öz kanallarımızdan istifadə edərək onlara yardım edirik. İstisna hallarda isə mövzu ilə bağlı paylaşım edib izləyicilərimizin rəyini öyrənirik və ya onlardan hansısa dəstəyi göstərməyi xahiş edirik. Mühüm əhəmiyyət kəsb edən problem olduqda onun həlli üçün paylaşım etməyi vətəndaşlıq borcu bilirik.

– Səhifəni yaradarkən belə diqqət çəkəcəyini, izləyici toplayacağını təxmin etmişdinizmi?

– Bəli, təxmin edirdik. Çünki biz bu işə sevərək başlamışıq və təvazökarlıqdan uzaq olsa da, əsl peşəkar yanaşması ortaya qoymağa çalışırıq. İstək və əzm varsa, istənilən uğur qaçılmazdır. Həmçinin son dövrdə sosial şəbəkənin hər kəsə əlçatan olduğunu bildiyimizə görə bu işin effektiv olacağını bilirdik.

– “Ağcabədililər” səhifəsi istər dini, istər siyasi mövzularda neytrallıq nümayiş etdirir. Amma etiraf edək ki, hərdən kütlənin necə deyərlər, zəif damarını tutaraq qıcıqlandırıcı mövzularda müzakirələr də açırsınız. Bu, sadəcə izləyici aktivliyini artırmaq üçündür, yoxsa ?…

– Səhifə siyasi və dini baxımdan tam neytraldır. Çünki belə olmasa, bütün ağcabədililərə qucaq aça bilmərik. Qıcıqlandırıcı mövzulara müraciət etmək siyasətimiz yoxdur, lakin bəzi hallarda etdiyimiz paylaşımın qıcıq doğurduğunu da etiraf edirik. Gələcəkdə də səhifə öz neytrallığını qoruyacaq. Bu səhifə rayon camaatı üçün bir sosial tribuna rolunu oynamalıdır. Səhifəmizdə şəhidlərimizə aid paylaşımlarla yanaşı tanınmış şəxslərin vəfatı və gənclərimizin uğurları da paylaşılır.

 – Bu gün sosial şəbəkələr həyatımıza elə daxil olub ki, uşaqdan böyüyə hər kəs gününün yarısını burada keçirir. Uşaqlara, gənclərənəzarət də çətinləşir, onları davamlı izləmək,istiqamətləndirmək olmur. Təbii ki, bu narahatedici bir məqamdır. Amma “Ağcabədililər”in simasında görürük ki, sosial şəbəkələrdən düzgün istifadə edildikdə ziyanından çox, faydasını da görmək mümkündür. Bununla bağlı nə məsləhət görərdiniz gənclərimizə? Daha hansı mövzularda maraqlı və gərəkli səhifələr yaratmaq olar?

– Əlbəttə, sosial şəbəkələrin zərərli tərəfləri çoxdur, amma faydası zərərindən daha çoxdur. Onu məqsədyönlü istifadə etməklə faydalı nəticələr əldə etmək mümkündür.Bizim məqsədimizin dövlətimizin siyasətinə uyğun qaydada fəaliyyət göstərmək,sağlam düşüncəli insanların sayınısosial media vasitəsilə artrmaq, milli mənəvi dəyərləri təbliğ etməkdir.

– Özünüzün demək istədiyiniz nə isə varmı?– Çox istərdik ki, Ağcabədi Rayon İcra Hakimiyyəti bizim fəaliyyətimizə maddi dəstək olsun. Çünki səhifə olaraq rayondakı dövlət qurumlarının və “Aran” qəzetinin fəaliyyətini də paylaşırıq. Rayonumuzda həyata keçirilən tədbirlərin işıqlandırılması baxımdan bu səhifə çox əlverişlidir. Səhifənin idarə edilməsi könüllü olduğuna görə daha çox vaxt ayıra bilmirik.- Kimliyinizi öyrənə bilməsəm də, vaxtınızı ayırdığınız, müsahibə verdiyiniz üçün minnətdaram.

– Biz də minnətdarıq. Sizə uğurlar arzulayır, hər zaman dəstək olmağa hazır olduğumuzu bildiririk. Hesab edirik ki,adminlərin və könüllülərimizin fəaliyyəti gizli qalsa daha yaxşıdır. Sizə təşəkkür edirik və qəzetinizə, saytınıza əməkdaşlıq üçün minnətdarlığımızı bildiririk.

                                                                          Söhbətləşdi: Məhsəti Musa

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com