Sahələrin suvarılmasına diqqət artırılıb

​İsti yay aylarında əkin sahələrinin suvarılması xüsusi önəm kəsb edir. Digər təsərrüfat sahələrində olduğu kimi, yay mövsümündə pambıq sahələrinin  suvarılmasına da diqqət artıtılıb. Ağcabədi Suvarma Sistemləri İdarəsinin kollektivi tərəfindən hazırda rayonun ərazisində 11 min 838 hektar sahədə suvarma işləri həyata keçirilir. Adıçəkilən qurumun suvarma şöbəsinin rəisi Zahir İsmayılov bu istiqamətdə görülmüş işlərlə əlaqədar sualları cavablandırıb. Onun dediklərinə görə, artıq fermer təsərrüfatlarında pambıq sahələrinin birinci suvarılması başa çatmaq üzrədir. Tarlalarda 10 min hektara qədər əkin sahəsinə ikinci su verilib. Pambıq sahələrinin üçüncü suvarılması istiqamətində də mühüm addımlar atılır.  

​Şöbə rəisinin sözlərinə görə, rayonda əkin sahələrinin suvarılmasında Yuxarı Qarabağ, Xan qızı kanalları, subartezian quyuları və Kür çayı kimi su mənbələrindən istifadə olunur. 

​Suvarma işlərinə 52 su-nasos stansiyası və 84 ədəd aqreqat cəlb olunub. Həyata keçirilən səmərəli suvarma tədbirləri nəticəsində rayonun əksər fermer təsərrüfatlarında pambıq kolları yüksək inkişaf mərhələsinə qədəm qoyub. Hindarx qəsəbəsi, Hüsülü, Rəncbərlər, Gələbədin, Salmanbəyli, Hacıbədəlli və sair kəndlərdə fəaliyyət göstərən fermer təsərrüfatlarında nəticələr daha ürəkaçandır. 

​Z.İsmayılov əlavə edib ki, havaların isti keçməsi və Xan qızı kanalında suyun qıtlığı bir çox ərazilərdə suvarma işlərinin təşkilində ciddi çətinliklər yaradıb. Bu səbəbdən də Qaradolaq, Aran, Kəbirli, Mehrablı və Yeni Qaradolaq kəndləri ərazisindəki fermer təsərrüfatlarında suvarmada fasilələr əmələ gəlib. İdarə rəhbərliyi qeyd edib ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin, respublika meliorasiya və su təsərrüfatı açıq səhmdar cəmiyyətinin yaxından köməkliyi sayəsində problem aradan qaldırılıb, alternativ yollarla pambıq sahələrinin suvarılması təmin olunub. Hazırda həmin təsərrüfatlar diqqət mərkəzində saxlanılır. 

​Sonda bildirilib ki, rayon suvarma sistemləri idarəsi pambıq əkin sahələrinin suvarılmasında yarana biləcək hər hansı problemin dərhal aradan qaldırılması, görülən işlərin yüksək keyfiyyətlə davam etdirilməsi üçün bütün imkanları səfərbər edəcək.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər