Aqusutun 19- da Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində “Erkən nikaha yox deyək!” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyəti aparatının, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin, təhsil şöbəsinin əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Tədbiri çıxış nitqi ilə açan Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva erkən nikahın yaratdığı fəsadlardan, cəmiyyətin bu mövzuda maarifləndirilməsinin vacibliyindən ətraflı danışıb. Rövşanə Əliyeva bildirib ki, azyaşlını erkən nikaha cəlb edən hər kəs, o cümlədən valideynlər qanunla müvafiq olunmuş qaydada məsuliyətə cəlb olunur.
Sonra Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Vüsalə Məmmədova, “Aran Ağcabədi” televiziyasının redaktoru Gündüz Sevindik, təhsil şöbəsinin əməkdaşı Nəzakət Abbasova, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin nümayəndəsi Ruhiyyə Rüstəmova çıxış edərək, erkən və qohum evliliyinin sağlamlığa vurduğu zərərlərdən, problemin gənclərin sosiallaşmasına mane olmasından, onları təhsildən yayındırmasından söhbət açıblar. Qeyd olunub ki, erkən nikah halları ailə daxili münaqişələrə, boşanmalara və nəticədə cəmiyyətdə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.