Avqustun 22-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşüblər. Çıxış zamanı dövlət başçısı geniş çıxış edib. qeyd olunub ki, V İslam Həmrəyliyi Oyunlarında dördüncü yerə layiq görülmək çox böyük nailiyyətdir. Bu nailiyyət onu göstərir ki, bizim əvvəlki uğurlarımız təsadüfi xarakter daşımırdı. Bildiyiniz kimi, beş il bundan əvvəl Bakıda IV İslam Həmrəyliyi Oyunlarında komandamız birinci yerə layiq görülmüşdür. Bu da təbiidir. Çünki öz doğma divarları həmişə idmançılara əlavə kömək göstərir. Bu dəfə isə çox gərgin mübarizə nəticəsində biz dördüncü yerə layiq görüldük. Onu da bildirməliyəm ki, Oyunlarda ölkələrin ən güclü idmançıları iştirak edirdilər. Bizim idmançılarımız 99 medal qazanaraq, – onlardan 29-u qızıl medaldır, – bir daha ölkəmizin gücünü göstərmişlər.
Sevindirici haldır ki, idmançılarımız 19 idman növündə medallar qazanmışlar. Bu onu göstərir ki, idmanın bir çox növləri ölkəmizdə uğurla inkişaf edir. Əlbəttə ki, birinci yerdə, – əgər belə demək mümkündürsə, – güləşçilərdir, 23 medal qazanmışlar, onlardan 8-i qızıl medaldır. Bu da təbiidir. Çünki güləş bizim milli idman növümüzdür və biz güləşdə ənənəvi olaraq uğurlar qazanmışıq. İkinci yerdə gimnastikanın nümayəndələridir. Üç növ gimnastikada idmançılarımız 17 medal qazanmışlar, onlardan 8-i qızıl medal olmuşdur. Üçüncü yerdə qeyri-Olimpiya idman növü – kikboksinq idmançılarıdır. Onların qazandıqları medalların sayı 15-dir. Onlardan 3-ü qızıl medaldır. Yəni, bu, doğrudan da böyük nailiyyətdir. Çünki bu Oyunlarda 50-dən çox ölkə iştirak edirdi və yenə də deyirəm, mübarizə çox gərgin keçib.
Mən sizinlə Oyunların açılış günündə Konyada görüş əsnasında əmin olduğumu bildirmişdim ki, siz ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz. Şadam ki, belə də oldu. Bir daha nəinki bütün müsəlman aləmi, bütün dünya idmançılarımızın gücünü gördü. Hər dəfə Bayrağımız qaldırılanda, Himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir və hər qələbə bir daha bizim şöhrətimizi artırır.
Bu Oyunlar qardaş ölkədə keçirilmişdir və əlbəttə ki, bizim idmançılar özlərini çox rahat hiss edirdilər. Hər bir idmançı özünü öz evindəki kimi hiss edirdi. Biz açılış mərasimində onun da şahidi olduq ki, Azərbaycan komandası stadiona daxil olanda bizim türk qardaşlarımız necə səmimi və hərarətlə idmançılarımızı qarşılamışlar. Elə bil ki, bizim komandamız Bakıda stadiona çıxıb. Bu, doğrudan da bir daha bizim xalqlarımızın nə qədər bir-birinə bağlı olduğunu göstərir. Onu göstərir ki, təkcə prezidentlər bir-birinə qardaş deyil, eyni zamanda, xalqlarımız, idmançılarımız qardaşdırlar. Orada – stadionda on minlərlə tamaşaçı Azərbaycan komandasını öz doğma komandası kimi qarşılamışdır.
Fürsətdən istifadə edərək Türkiyəni, onun idmançılarını həm Oyunların yüksək səviyyədə təşkil olunması, həm də ki, Oyunlarda birinci yer tutması münasibətilə ürəkdən təbrik etmək istəyirəm.
Dövlət başçısı vurğulayıb ki, peşəkar idmançıları yetişdirmək asan məsələ deyil və məşqçilər, idman mütəxəssisləri çox böyük əmək sərf edirlər, seleksiya işləri çox düzgün aparılmalıdır. Bizim bölgələrimizdə çox böyük istedadlar var, uşaqlar, yeniyetmələr, sadəcə olaraq, onları seçib tapmaq, idmana cəlb etmək lazımdır. Bu gün Azərbaycanda idmana və xüsusilə idmançılara olan münasibət əminəm ki, gəncləri, uşaqları da idman bölmələrinə gətirəcək. Çünki həm idmanla məşğul olmaq üçün şərait var,- təkcə bölgələrdə 50-yə yaxın olimpiya idman kompleksi fəaliyyət göstərir,- biz Bakıda Avropa Oyunlarını, dünya çempionatlarını keçirmişik. Yəni, bütün imkanlar var və idman bölmələrinə gələn uşaqları seçib onları yetişdirmək lazımdır, həm güclü idmançı kimi, həm ləyaqətli vətəndaş kimi. Bu da çox vacib məsələdir. Mən çox şadam, çox sevinirəm ki, bizim idmançılarımız, ölkəmizi dünyada ləyaqətlə təmsil edən idmançılar məişətdə də nümunəvi davranışla fərqlənirlər. Bu, çox vacibdir. Həm təvazökarlıq, həm Vətənə bağlılıq, milli dəyərlərə bağlılıq, fiziki güc, mənəvi güc. Çünki fiziki güc, necə deyərlər, mənəvi gücü də gücləndirir.
Oyunlardan sonra isə əlbəttə ki, istirahət dövrü olmalıdır, amma çox çəkməməlidir, çünki qarşıda Yay Olimpiya Oyunları durur, o qədər də çox vaxt qalmayıb, cəmi 2 il qalıb. Ona görə yaxın aylarda artıq hazırlığa başlanmaq lazımdır, ondan sonra təsnifat turnirləri başlayacaq, komandamız formalaşacaq. Hesab edirəm ki, indi bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır. Mən əminəm ki, bütün idman qurumları burada da öz vəzifə borclarını bilirlər, yaxşı dərk edirlər və beləliklə, Yay Olimpiya Oyunlarında biz ölkəmizi ləyaqətlə təmsil edəcəyik.
Bir daha sizi ürəkdən təbrik edirəm – bütün komanda üzvlərini, medal qazanmış idmançıları, medal qazana bilməyən idmançıları. Mən onlara da deyirəm ki, peşman olmasınlar, hələ gələcəkdə bir çox yarışlar var. Sadəcə olaraq, Vətənə sevgi, öz peşəsinə sədaqət, yorulmaz fəaliyyət, hazırlıq lazımdır. Çünki hazırlıq olmadan heç bir nəticə olmur, nə siyasətdə, nə idmanda, nə həyatda. Siz artıq bir daha Azərbaycanın şöhrətini ucaltmısınız və necə ki, bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq. Bir daha sizi təbrik edirəm.
V İslam Həmrəyliyi Oyunlarında yüksək nəticə əldə etmiş idmançılar Azərbaycan Respublikasının İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğıya, səmimi qəbula, verdikləri dəyərə görə dərin təşəkkür və minnətdarlıqlarını bildiriblər.