Salam, əziz “Həmidə”. Mən bir məsələ ilə bağlı müraciət edirəm. Bildiyimiz kimi, yay çox isti keçir. Gündüzlər hava almaq, çölə çıxmaq mümkün deyil. Axşamlar uşaqlarla gəzməyə çıxmaq isə məhz qaranlıq üzündən mümkün olmur. Şəhərimizin küçələrində işıq dirəkləri olsa da, son zamanlar biz onları işıqsız dirəklər kimi tanıyırıq. Düzdür, müəyyən küçələrdə işıqlar yanır. Amma bunu hamısına şamil etmək olmaz. Məsələn, Ş.Qurbanov, Xəlfərəddin, M.Füzuli, Ü.Hacıbəyli, N.Nərimanov küçəsi və.s.
İşdən gec çıxanlar, yaxud övladları ilə gəzmək istəyən xanımlar, yaşlı insanlar qaranlıq küçələrdən keçməli olur, bəzən telefonun işığından istifadə edirlər. Mərkəz hissələrdə heç olmasa bəzi mağazaların işıqları yola müəyyən qədər işıq salır. Amma digər küçələrə döndükdə vəziyyət çətinləşir. Hələ bu arada qarşına ayıya oxşayan bir neçə küçə iti çıxırsa, iş olur tamam. Adrenalin yaşamaq istəyənlər üçün əla şərait…
Hə, insafən arada Ay işığından da yararlana bilirik. Amma bu da daimi deyil…
Xahiş edirəm, bu məsələyə diqqət göstərilsin. Küçələrimizin işıqlandırılması təmin olunsun. Yoxsa qış gəldikdə, gün gödəldikdə vəziyyət daha çətin olacaqdır.
Aytəkİn Mamedova
şəhər sakini