Rayonumuzda gənclərimizin fəallığı, yaradıcılığa meyilli olması ürəkaçandır. Son zamanlar Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin həyata keçirdiyi işlər də bizləri çox sevindirir. Onların asudə vaxtını səmərəli keçirməsi, müxtəlif yaradıcılıq sahələrində özlərini sınaması həm də inkişaf etmələrinə imkan yaradır. Bugünlərdə mərkəzin gəncləri “SəhnəmİZ” layihəsi çərçivəsində, Məcid Şamxalovun “Qayınana” adlı pyesinin motivləri əsasında çəkilmiş “Qayınana” filminin bəzi hissələrindən səhnəcik hazırlayıblar. Gənclərimizin təşəbbüsü ilə sözügedən layihə çərçivəsində “Bir gün səhnədə” adlı qrup yaradılıb ki, “Qayınana”nın çəkilişində məhz həmin qrupun üzvləri- Mirhəsən Həsənov, Fərid Quliyev, Nərmin Zeynallı, Məhəmməd Mustafayev, Rafael Quliyev, Nəzrin Zeynalova, Nur Zeynalova, Rəvan Fərzəliyev rol alıblar. Çəkilişlər Ağcabədi rayon Mədəniyyət evində həyata keçirilib.
Əlbəttə, biz burada böyük səhnədən, peşəkar yaradıcılıqdan danışmırıq. Bütün bunlar hələ ki, özfəaliyyətdir və ilk addımlardır. Lakin, rayonumuzda belə bir təşəbbüsün olmasına çox sevindim. Bir neçə il əvvəl Ağcabədi rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən “Həvəskar aktyorluq və bədii qiraət” dərnəyində istedadlı uşaqlar və gənclər yetişirdi və ilk dəfə S. Vurğunun “Vaqif” pyesindən bir parça ilə səhnəyə çıxanda çox böyük alqışlar qazanmışdılar. Biz bu işə can qoymuşduq və nəticə uğurlu idi. Lakin sonra müəyyən səbəblərdən dərnəyin fəaliyyətini davam etdirə bilmədik. Bu gün Gənclərin İnkişaf və karyera mərkəzində yenidən bu kimi təşəbbüsün olması məni çox sevindirdi. Səhnəciyi izlədim. Əlbəttə, əvvəldə qeyd etdiyim kimi, bu,ilk addımdır. Hətta addım yox, iməkləməkdir. Amma əgər yorulmayacaqlarsa, ruhdan düşməyəcəklərsə, çətinliklərdən qorxmayacaqlarsa, inanıram ki, qarşıda yaxşı işlər ortaya qoya biləcəklər.
Səhnəcikdə əsasən “Qayınana” filmindən təqlidləri görürük. Amma hiss olunur ki, bunadək xeyli zəhmət çəkilib. Əsas da zəhmətdir. Bu varsa, iş alınacaqdır. Qayınana obrazını yaradan Mirhəsən Həsənov çox istedadlı bir gəncimizdir. İstər gözəl səsi, ifası, istər aktyorluq bacarığı ilə onun gələcəkdə özünəməxsus yer tutacağına inanıram. Amma… İlk addımlar olsa belə, elə məqamlar var ki, onları deməsək, gələcək üçün böyük qüsurların qalmasına, böyük səhvlərin olmasına şərait yaradarıq. Jestlər, danışıq, səs… Bir qadın obrazını yaratmağa çalışan Mirhəsən bacardığını edib. Lakin yaradılan obrazın geyimi, qayınananın silikonlu bədənləri xatırladan fiqurası, əndamı həmin filmdə təsvir olunan Cənnət xala obrzını yerlə yeksan edib. Necə deyərlər, bu vid-fasonda Cənnət xala olmaz, qadan alım. Cənnət xala xarakteri filmdə tənqid olunsa belə, görünüşcə özü əsl milli qadın obrazıdır. Analarımızın, nənələrimizin ümumi obrazı. Odur ki, gənclərə məsləhət görərdim ki, növbəti işlərində daha diqqətli olsunlar, bəzən böyüklərdən məsləhət almaqdan çəkinməsinlər.
İnanıram ki, zəhmətdən və öyrənməkdən qorxmasalar “Bir gün səhnədə” yox, tez-tez səhnədə ola bilərlər.
Uğur olsun, gənclər!
Məhsəti MUSA