Rayonumuz gündən-günə inkişaf edir, gözəlləşir. İnsanlarımızın düşüncəsində, müasir həyata baxış tərzində də bunu hiss eləmək indi o qədər də çətin deyil. Amma təəssüflər olsun ki, hər kəs də eyni düşüncədə, eyni təfəkkürdə olmur… Bu yaxınlarda Gülbəniz Əhmədova adlı şəhər sakininin redaksiyamıza ünvanladığı bir məktub hər kəs kimi bizi də düşünməyə vadar etdi. Çayxanaların, mağazaların qarşısında və bu kimi digər yerlərdə toplaşan bəylərin ucadan, bəzən az qala qışqıra-qışqıra danışması, hətta belə anlarda vulqar ifadələr,söyüşlər işlətməsi bu gün necə deyərlər “yaralı yerlərimizdən” biridir. Mövzunu bir qədər yaxından müşahidə eləmək üçün bir qrup aidiyyatı şəxslərlə – Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi Turqut Quluzadə, Ağcabədi RİH-nin Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fikrət Allahverdiyev, Ağcabədi Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin sahə rəisi, polis mayoru Müşfiq Cümşüdov və “Aran Ağcabədi” televiziyasının çəkiliş qrupu ilə rayonun Nəsimi, 20 Yanvar və Nəriman Nərimanov küçələrində fəaliyyət göstərən bəzi çayxanalarda olduq. Həmin obyektlərin rəhbərləri və buraya üz tutan sakinlərlə maarifləndirici söhbətlər aparıldı.
Bütün hallarda ictimai yerlərdə etik qaydalara riayət etmək, ədəb-ərkanı gözləmək hər birimizin borcudur. Çalışaq bunlara əməl edək!
Qeyd edək ki, reydlər davam etdirilir, digər küçələrdəki vəziyyətlə də tanış olduqdan sonra bu haqda oxucularımıza məlumat veriləcəkdir.
Gündüz Sevindik