Qızlarımızı fəal olmağa çağırıram

  

Salam, əziz “Həmidə” !  
Mən bu gün könüllülük mövzusunda məlumat vermək istəyirəm. Ali  təhsil aldığım müddətdə  universitetdən başqa  fərqli dövlət qurumlarında könüllülük fəaliyyəti ilə məşğul olmuşam.
Şəxsi inkişafım üçün könüllülük böyük bir addım olub. Bu müddət ərzində xeyli təcrübə topladım, dostlar qazandım.Hal- hazırda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışıram. Eyni zamanda könüllülər üzrə mütəxəssis vəzifəsini əvəz edirəm. Mənim üçün gənclər ilə işləmək çox fərqli hissdir. Fəaliyyətimiz maraqlıdır.Əyləncəli, həmçinin maarifləndirici,öyrədicidir.
Amma təəssüf ki, rayonumuzda könülülük anlayışı tam mənası ilə qəbul olunmur və əsas da qızların könüllü olmağı ailələrdə problem yaradır.
Könüllü fəaliyyətə başlamaq istəyənlərin əksəriyyətinin valdeyinlərdən aldığı cavab budur: “Nəyə gedirsiniz ora?” , “ Maaş vermirlər, sizi pulsuz işlədirlər”, “Nə əldə edirsiz ki guya?” və s.
Mən qəzetin yaratdığı  fürsətdən istifadə edib demək istəyirəm ki, əziz valideyinlər, nənələr,babalar və s. ailə üzvləri,  düzdür könüllü gənclərə heç bir maddi qarşılıq vermək nəzərdə tutulmayıb. Amma  Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi gənclərin asudə vaxtlarını səmərəli keçirməsi,  karyera seçimində düzgün istiqamətlənməsi, həmçinin vətənpərvərlik və dövlətçilik, könüllülük, karyera quruculuğu, şəxsi inkişaf və s. istiqamətdə fəaliyyət göstərir. 14-29 yaş arasında olan hər bir Ağcabədi gənci bu fəaliyyətlərdən yararlana bilər. Könüllü olmaq vaxt itkisi deyil,vaxtdan daha səmərəli idarə olunmasıdır. Bəli ,könüllülər  maddi  gəlir qazanmırlar, amma onlar dünya görüşü, təcrübə, dostluqlar əldə edirlər. Və  hədəfimiz mənim şüara çevirdiyim bu sözlərdir: Əylənərək öyrənək!
Hər bir Ağcabədi gəncini Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyində görməkdən qürur duyarıq. Xüsusən də xanımların fəallığına imkan yaradılmasını, ailələrdə qadağaların götürülməsini çox istəyirik.
Əziz gənclər və valideyinlər, hər birinizi mərkəzə gəlməyə, fəaliyyətimizlə yaxından tanış olmağa dəvət edirik.


Ləman ZEYNALOVA

Ləman ZEYNALOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər