Səni xatırlayıram…

1968-ci ildə bizi Salmanbəyli kəndindən komsomola qəbul olunmaq üçün rayon komsomol komitəsinin bürosuna, indiki şəhər 9 saylı məktəbin yerləşdiyi binaya gətirdilər. Bizimlə burada fərdi qaydada söhbətlər edir, məsləhətlər verir, komsomolçu olmağın əsl mahiyyətini başa salmağa çalışırdılar. Növbə mənə çatanda qarabuğdayı qadın təzəcə çapdan çıxmış “Ulduz” jurnalının bir şairin şeiri ilə birlikdə verilmiş şəklini göstərib müəllifin ad və soyadının üstünü başbarmağı ilə örtüb, şairin kim olduğunu soruşdu. Əlbəttə, şairi (əmimi) tanıdım və jurnalda Ənvər Əhmədin “Kökələr” şeirini başdan ayağa əzbər söylədim. Məni komsomola qəbul etdilər. Sonralar öyrəndim ki, mənə sual verən qadın “Pionerlər və Məktəblilər” evinin metodisti, ixtisasca tibb bacısı olan Xalidə İsmayılova imiş…

            …1977-1981-ci illərdə ali təhsili başa vurandan sonra Ağcabədi rayon komsomol komitəsində təlimatçı, şöbə müdiri, ikinci katib vəzifələrində çalışdım. Həmin dövrdə işlə bağlı Xalidə xanımla əlaqələrimiz sıx idi və tez-tez görüşürdük.

            Müəyyən səbəbdən Xalidə xanım gec ailə həyatı qurmuşdu. Həyat yoldaşı Nazim uzun illər Rusiyada yaşamışdı. Çox səmimi, gözəl insan idi. Gec qurulan bu ailədə səmimiyyət, qarşılıqlı hörmət, mehribançılıq, dərin sevgi və məhəbbət ailənin əsası idi.

            İş elə gətirdi ki, biz Xalidə xanımla qapıbir qonşu olduq. Onunla hər gün görüşürdük. 10-15 gündən bir çay süfrəsi ətrafında oturub ömrümüzü vərəqləyir, keçən günlər haqqında saatlarla şirin söhbət edərdik.

            Əmimoğlu, daha bir qonşumuz, təcrübəli təsərrüfatçı Sərvət Qəhrəmanov Haramı düzündə əkib-becərdiyi tonlarla taxılı Xalidə xanımın qapısına tökərdi. Taxıl burada kisələrə yığılıb daşınardı. Keçən il yenə Sərvətin təzə biçilmiş taxılı Xalidə xanımın qapısında taya şəklində yığılmışdı. Gözlənilmədən, qəfildən Xalidə xanım xəstələndi. Onu əməliyyat etdilər. əməliyyatdan çıxmadı. İndi həyat davam edir, hərə öz həyatını yaşayır. Dünyamız isə artıq xeyli vaxtdır Xalidə xanımsız öz yolu ilə gedir.

            Daha bir qonşumuz, həmkəndlim Nazim Bünyadov da Xalidə İsmayılovanı yaxından tanıyırdı. Nazim Bünyadov unudulmaz insan olan Xalidə xanım barəsində söhbət edərkən fikirlərini belə bölüşdü:

-Xalidə müəllimi 1981-ci ildən tanıyırdım. İşimizlə əlaqəli bir-birimizin hər cəhətinə bələd idik. O, çox məsuliyyətli və tələbkar insan idi. İşinin öhdəsindən layiqincə, şərəflə gəlirdi. Daima məktəblərin pioner baş dəstə rəhbərlərinə metodika və əməli köməkliklər edir, lazımi məsləhətlər verirdi. Rayon komsomol komitəsinin fəal üzvü olan Xalidə xanımın ürəyi  gənclik eşqi ilə döyünürdü. İşdə tez-tez münasibətdə olduğumuz kimi, həyatda da qonşu idik. Xoş təəssüratlarımız olub. Xalidə müəllim unudulmaz insanlardan idi. Allah ona rəhmət eləsin.

            …Birdən telefon zəng çalır. Düşünürəm ki, yəqin tanış, yaxınlardan biridir, Xalidə xanımın vəfatının  ildönümünü soruşacaq. Nömrəyə baxmadan telefonu açıram. Təəssüf edirəm ki, onu hələ bir soruşan yoxdur:

   …Bu vəfasız ömür, bu coşqun dərə,

Gərək boş-boşuna axıb getməsin.

Bu gözəl cahanı sanıb pəncərə,

Hər gələn sadəcə baxıb getməsin!

…Xalidə xanım, gözəl insan, əziz qonşum! Başqalarını deyə bilmərəm, sənin hördüyün insanlıq çələngi həmişə mənim başım üzərindədir. Təmiz ruhun qarşısında baş əyir, sənə dualar oxuyuram. Özünlə olmasa da, qonşu darvazanla gündə azı iki dəfə görüşür, salamlaşıram. Səhər işə gedəndə, bir də axşam işdən qayıdanda…

Eldar ƏHMƏDOV,

 şəhər sakini

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər