Bir müddət əvvəl İmişli, Yevlax, Zərdab, Bərdə, Beyləqan, Ağcabədi və s. böyük ftbolun olmadığı bölgələrdən istedadlı uşaqların Sumqayıt Futbol Akademiyasına cəlb olunacağı haqda məlumatlar yayılmışdı. Bu məsələnin nə dərəcədə real olduğunu aydınlaşdırmaq üçün sözügedən futbol akademiyasının 5-8 yaşlılar üzrə təməl qruplarının koordinatoru Məhəmməd Alıyevlə həmsöhbət olduq. Eyni zamanda 9-10 yaşlılardan ibarət komandaya da rəhbərlik edən mütəxəssis ilə həm bu, həm də digər maraqlı məqamlar haqda söhbətləşdik.
– Yeni mövsümdə rəhbərlik etdiyiniz komandalarda vəziyyət nə yerdədir?
– Artıq məşqlərə başlamışıq. Həm 5-8 təməl qruplarının koordinatoru, həm də 9-10 yaşlılardan ibarət kollektivin məşqçisi kimi yeni mövsümün hazırlıqlarına başlamışıq.
– Sözsüz ki, futbolumuzun inkişafı üçün istedadlı uşaqların çoxluğu önəmlidir. Siz necə düşünürsüz, Azərbaycanda istedadlı uşaqların sayı yetərincədimi?
– Azərbaycanda istedadlı futbolçular həmişə olub. Təkcə hazırda akademiyasında çalışdığım “Sumqayıt” ölkə futboluna xeyli tanınmış simalar bəxş edib. Nazim Süleymanov, Arif Əsədov, Samir Abasov, Aqil Məmmədov, Mehman Yunusov və s. ölkə səviyyəsində məşhur oyunçular məzh Sumqayıtın ölkə futboluna qazandırdığı futbolçulardır. İndinin özündə də azyaşlılar arasında özünəməxsus istedadı ilə seçilən gələcəyin futbolçuları çoxdur. İstər Sumqayıtda, istərsə də digər bölgələrdə bacarıqlı uşaqlar çoxdur.
– “Sumqayıt” futbol klubunda akademiya, əvəzedici və əsas komanda arasında əlaqələr necə qurulub?
– İşbirliyi yüksək səviyyədə qurulub, əlaqələrimiz yaxşıdır. Gələcəkdə əsas komandamızda akademiyamızın yetirmələrini daha çox görmək istəyirik. Bu baxımdan “İstedad qrupu”ndakı futbolçularımızın gələcəyinə böyük ümidlərlə baxırıq. Əsas komandamızın baş məşqçisi Aleksey Baqa da akdemiyamızın fəaliyyəti ilə yaxından maraqlanır.
– Uşaq futbolunda çalışan mütəxəssislərin əksəriyyəti valideynlərin onların işinə müdaxiləsindən şikayət edir. Siz belə hallarla rastlaşmısızmı?
– Düzü, mən belə bir halla rastlaşmamışam. Düzü, mənim rəhbərlik etdiyim yaş qrupları üçün çempionat keçirilmir deyə valideynlərin övladlarının oynaması ilə bağlı tələbi də yoxdur. Məşq prosesindən sonra imkan daxilində hazırlıq matçları keçiririk ki, həmin oyunlarda da uşaqların hamısına oynamaq imkanı verirəm. Valideynlərin onların işinə müdaxiləsi məsələsinə gəlincə, bu gün əksər valideynlər məşqçilərin işinə absurd şəkildə müdaxilə edirlər, amma hansı ki, futbol mütəxəssisi deyillər. Ümumiyyətlə, məşqçi münasibətləri elə qurmalıdır ki, valideyn onun işinə müdaxilə etməsin. Sözü varsa, iclasda məşqçiyə çatdırmasına imkan verilir və bizim də borcumuz valideyni dinləmək və onu məlumatlandırmaqdır, amma valideyn bundan artığını edirsə, bu məşqçinin valideynlə münasibətini əvvəldən düzgün qurmamasından irəli gəlir.
-Bəs, hazırda uşaq akademiyalarının, bu sahənin mütəxəssislərinin səviyyəsi necə, sizi qane edirmi?
– AFFA-nın təşkil etdiyi məşqçi kurları bizim mütəxəssislərimiz üçün xeyli faydalıdır. Futbol günü-gündən inkişaf edir. Ona görə də biz məşqçilərin üzərinə vəzifə düşür ki, daim öz üzərimizdə işləyək, oxuyaq və öyrənək. Müasir dövrün tələbləri ilə ayaqlaşmaq lazımdır. Sevindirici məqam odur ki, hazırda gənc məşqçilərimiz öz üzərlərində işləyirlər. Onların bir çoxu müasir futbolun tələblərini adekvat cavab vermək gücündədirlər.
-Uşaq futbolunun problemləri və onların həlli yolları ilə bağlı şəxsi fikriniz necədir?
– Azərbaycanın uşaq futbolunun bir çox ümumi problemləri var. Bəlkə də bu problemlərə və onların həlli yollarına yanaşmalar fərqlidir. Hər bir mütəxəssisin, klub rəhbərinin problemlərə öz yanaşması ola bilər. Mən əminliklə deyə bilərəm ki, xeyli sayda keyfiyyətli, istedadlı uşaqlarımız var. Həmin uşaqları düzgün istiqamətləndirə bilsək, Azərbaycan futboluna çox fayda verə bilərik. Problemlər isə çoxdu. Elə bazadan başlayaq. Özünün bazası, uşaq akademiyası, komandaları olan klublarımızın sayı çox azdır. Baza isə uşaq futbolu üçün çox vacib amildir. Klub sayı nə qədər çox olarsa, rəqabət yaranar, uşaq komandaları daha çox oyun keçirər.
– Ətraf ərazilərdə olan klublar, eləcə də Sumqayıtın özündəki uşaq futbol məktəbləri ilə hansısa əlaqəli işlər aparırmı?
– Akademiyamızdakı uşaqların böyük əksəriyyəti sumqayıtlıdır. Yaxın ərazilərdən də az da olsa, futbolun sirlərini akademiyamızda öyrənmək üçün gələnlər var. Yaxın ətrafdakı futbol klubları, şəhərimizin özündəki futbol məktəbləri isə daim diqqətimizdədir.
– Bir müddət əvvəl akademiyanıza bölgələrdən azyaşlıların cəlb olunacağı bildirilirdi. Hətta hazırda böyük futbolun olmadığı aran zomasından istedadlı uşaqların akademiyaya gətirilməsinin planlaşdırıldığı söylənilirdi. Bu məsələ nə yerdədir?
– Düzü, konkret aran zonası ilə bağlı məsələdən xəbərim yoxdur. Belə bir plan varsa belə, onun nə dərəcədə real olmasını deyə bilmərəm. Ən azı ona görə ki, yeni mövsümdən 1-ci divizionda çıxış edəcəyi dəqiqləşən “İmiş”li aran zonasındakı uşaqlar üçün ümid yeridir. Bir müddət əvvəl akademiyamızın rəhbəri Hakan Sünal mətbuta açıqlamasında “Gələcəkdə geniş ərazini əhatə etməyi çox arzulayırıq. Qubaya, Qusara doğru açılaq, oralarda futbol məktəbi quraq. Belədə ordakı istedadlı uşaqları da akademiyamıza qazandırarıq” açıqlamasını verməklə planımızın hansı bölgələrlə bağlı olduğunu ortaya qoymuşdu.
Söhbətləşdi: Tural Məmmədov