2022-ci ilin 24 avqustunda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Azərbaycana olan rəsmi səfəri tarixi hadisə olaraq yaddaşımızda qaldı. Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan arasında imzalanan sənədlər və qəbul olunan Bəyənnamə iki ölkə arasındakı münasibətlərin strateji mütəffiqlik səviyyəsinə çatmasını tamamilə təmin etmiş oldu. Bütün bunlardan başqa Qasım-Jomart Tokayevin səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevi Qazaxıstanın ən ali ordeni olan “Qızıl Qartal” ordeni ilə təltif etməsi mühüm tarixi əhəmiyyət kəsb edir.
Əslində Azərbaycan və Qazaxıstan arasında strateji müttəfiqlik münasibətlərinin təməlinin qoyulması, həmçinin isqtisadi, mədəni, elmi sahədə əməkdaşlıq 1991-ci ildə Sovet İttifaqının dağılmasından və ölkələrimizin müstəqilliyini əldə etməsindən sonra başlamışdır. Son dövrlərdə isə bu kimi münasibətlər daha da dərinləşmiş və genişlənmişdir.
Qarabağ uğrunda Ermənistanla 30 ildən artıq davam edən münaqişədə daim Azərbaycanın mövqeyini dəstəkləyən Qazaxıstan 44 günlük müharibə nəticəsində torpaqlarımızın azad edilməsindən sonra işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərində yaxından iştirak edir. Qasım-Jomart Tokayevin son səfəri çərçivəsində qardaş ölkənin Füzulidə Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin tikintisini öz üzərinə götürməsi xalqlarımız və dövlətlərimiz arasındakı münasibətlərin səviyyəsini bir daha göstərir.
Bundan başqa qardaş ölkə Qazaxıstan Azərbaycanı beynəlxalq əhəmiyyətli məsələlərdə də dəstəkləyir. Bu mənada Xəzər dənizinin dibinin bölünməsinə dair Konvensiyanın imzalanmasını xüsusi olaraq vurğulamaq lazımdır. Həmçinin son dövrlərdə Asiya və Avropa arasında irihəcmli yüklərin daşınması məqsədilə Orta Dəhliz layihəsinin irəli sürülməsi və bu dəhlizin canlanmasında Azərbaycan və Qazaxıstanın birgə fəaliyyəti təqdir olunur. Orta Dəhlizdən faydalanmağa çalışan Qazaxıstan eyni zamanda, öz yüklərini də Azərbaycan üzərindən Avropaya çatdırmağa çalışır. Səfər çərçivəsində imzalalan iqtisadi-ticarət, logistika, nəqliyyat sahəsində müqavilələr də bu işlərin həyata keçirilməsini təmin edəcəkdir.
Cavid İSMAYILOV