Rayonumuzda abadlıq – quruculuq işləri diqqət mərkəzindədir. Ötən illərdə bu istiqamətdə geniş işlər həyata keçirilib. Müasir tipli mağazalar, ticarət şəbəkələri və s. tikinti obyektləri şəhərimizin gözəlliyini artırır. Yaşıllaşdırma, asfaltlaşma tədbirləri ürək açır. Lakin təəssüf ki, bu sözləri şəhərin işıqlandırılması, elektrikləşdirmə işləri haqqında söyləmək olmur. Doğrudur, son vaxtlar bu sahədə müəyyən addımlar atılıb. Bir sıra ərazilərdə elektrik xətlərinin dəyişdirlməsi, kabelləşmə işləri həyata keçirilir. Amma nədənsə bu işlər yarımçıq saxlanılır, ardıcıl davam etdirilmir. Küçə və prospektlərdə işıqlandırma tədbirləri də qənaətbəxş deyildir. Bir çox ərazilərdə smart tipli sayğacların quraşdırılması başa çatdırılmayıb. Ən acınacaqlısı odur ki, şəhərin mərkəzi küçələrində belə ötən əsrin 60-70-ci illərindən qalan ağac dirəklər, köhnə elektrik xətləri nə səbəbdənsə bu günə qədər dəyişdirilməyib. Təəccüblüdür ki, şəhərin Heydər Əliyev prospektində bu cür hallar daha çoxdur. Yaxşı olardı ki, rayon elektrik şəbəkəsi göstərilən nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görsün.
Yəhya PAŞAZADƏ