Ölkə futboluna maliyyə axınının başladığı 2004-cü ildən etibarən yerli futbol təsərrüfatında xeyli sayda legioner top qovsa da, hər il avrokuboklarda ölkə futbolunu yasdan yaza çıxaran “Qarabağ”ın məlum uğurlarını nəzərə almasaq, Azərbaycan futbolu tısbağa surəti ilə inkişaf etdiyindən klublarımızda tanınmış simaların çıxış etməsi o qədər də rastlaşdığımız mənzərə deyil. Məhz bu üzdən karyerası ərzində Portuqaliyanın “Portu” (2012-2014), “Sportinq” (Kovilya, 2010/11), “Akademika” (2011/12), “Gimaraynş” (2013/14), “Moreyrense” (2020-2022), “Aroka” (2021/22), İspaniyanın “Rayo Valyekano” (2014/15, 2017-2019), “Deportivo” (2019/20), Türkiyənin “Fənərbağça” (2015/16), “Alanyaspor” (2016/17), Almaniyanın “Münhen 1860” (2016/17) və Rumıniyanın “Dinamo” (Buxarest, 2020/21) klublarında çıxış edən Seneqal milli komandasının üzvü Abdulaye Banın ölkəmizə gəlişi belə demək mümkünsə, aydın səmada şimşək kimi çaxdı. Bu transferin reallaşmasının ardından ölkəmizdə top qovmuş tanınmış futbolçuların kimliyini araşdırmağa qərar verdik.
Azərbaycan çempionatında çıxış edən ilk tanınmış əcnəbi Oqtay Dərəlioğlu idi. 2004-cü ildə “Xəzər Lənkəran”a taransfer olunan türkiyəli hücumçu buna qədər Türkiyənin “Trabzonspor”, “Beşiktaş” və “Fənərbağça”, eləcə də İspaniaynın “Las Palmas”, Almaniyanın “Nürnberq” kimi məşhur komandalarının və Türkiyə milli komandasının şərəfini qorumaqla səviyyəsini ortaya qoymuşdu. Onu da xatırladaq ki, ölkəmizdə cəmi bir mövsüm çıxış edən forvard çempionatın gümüş medalını qazanmaqla yanaşı, birinciliyin ən sərrast oyunçusu olmuşdu.
2005-ci ildə isə tanınmış futbolçulardan Artyom Bezrodnı Azərbaycanda top qovmağa başladı. Çox gənc yaşda Moskva “Spartak”ına düşməyi bacaran hücumçu sonradan Leverkuzen “Bayer”nə keçmiş və 2 il orada oynamışdı. Onun İmişlinin “MKT Araz” komandasındakı karyerası isə cəmi dörd oyundan ibarət olmaqla uzun sürmədi.
Həmin mövsüm “Bakı”ya transfer olunan Andrey Ştoltsers də Azərbaycanda çıxış etmiş məşhur simalardandır. 2005/2006-cı illər mövsümündə çempionatı zirvədə tamamlayan “Bakı”nın heyətində yer alan latviyalı forvard Moskva “Spartak”ı və Donetsk “Şaxtyor”unda oynadığı dövrlərdə tanınmağa başlamışdı. Xatırladaq ki, Ştoltsers “Bakı”nın heyətində ümumilikdə 13 matça çıxmış və 6 dəfə fərqlənmişdi.
2008/2009-cu illər mövsümündə “İnter”də çıxış edən Valentin Belkeviç də Azərbaycana qədərki karyerası uğurlu alınan futbolçulardan idi. Daha çox Ukrayna “Dinamo”sundakı çıxışları ilə tanınan belaruslu yarımmüdafiəçisi “bankir”lərin heyətində cəmi 5 qarşılaşmaya çıxsa da, mövsümü gümüş medalla başa vurmuşdu.
Yəqin ki, 2008/2009-cu illər mövsümündə “Bakı”nın şərəfini qoruyan Georgi Demetradzeni xatırlayırsınız. Vaxtıilə Hollandiyanın “Feynord”, Ukraynanın “Dinamo” və İspaniyanın “Real” (Sosyedad) komandalarının şərəfini qorumuş Gürcüstan millisinin sabiq forvardı “Bakı”da çempionluq yaşadığı mövsümdə 10 matçda 2 qola imza atmışdı.
Avropanın ən tanınmış hücumçularından olan Emil Mpenza da birvaxtlar Azərbaycanda çıxış etmişdi. 2010-2012-ci illər aralığında Bakının “Neftçi” komandasının formasını geyən və 31 qarşılaşmada 6 qol vuran belçikalı ön xətt oyunçusunun ölkəmizdəki karyerası uğursuz alınsa da, bütün bunlar Mpenzanın karyerasına kölgə sala bilməz. Vaxtilə Almaniyanın “Şalke 04” və “Hamburq”, həmçinin İngiltərənin “Mançester Siti” klubunun uğurları üçün çalışan forvard Azərbaycana gəlmiş ən tanınmış oyunçu sayılır.
Karyerası ərzində “Xetafe” və “Selta Viqo” kimi İspaniya klublarının şərəfini qorumuş Maris Verpakovskisi də ölkəmizdə top qovmuş tanınmış dəri top ustaları sırasına aid etmək olar. Latviya millisi ilə 10 il öncəki Avropa çempionatının final mərhələsində də çıxış edən Verpakovskisin “Bakı”dakı karyerası isə istənilən kimi alınmamışdı. Belə ki, 2011/2012-ci illər mövsümündə “zolaqlılar”ın heyətində yer alan hücumçu 18 görüşdə 3 dəfə fərqlənmişdi.
Yerli azarkeşlərin “Neftçi”yə gələnə qədər daha çox “Qalatasaray”dan tanıdığı türkiyəli Suat Usta da çempionatımızda top qovan tanınmışlardan idi. “Qalatasaray”la yanaşı, Hollandiyanın PSV klubunun da şərəfini qorumuş futbolçu 2008/2010-cu illər aralığında oynadığı “Neftçi”də 37 matça çıxmış və bir dəfə fərqlənmişdi.
Türkiyənin tanınmış hücumçularından olan Əhməd Dursunun da karyerasına nəzər salanda Azərbaycan adına rast gəlirik. Vaxtilə “Beşiktaş”da və Türkiyə millisində çıxış edən hücumçu 2009/2010-cu illər mövsümündə “Xəzər Lənkəran”da forma geymiş və 10 oyunda 5 qola imza atmışdı.
Vaxtilə “İnter”in (hazırki “Şamaxı”) heyətində çıxış edən Aleksandr İaşvili də Azərbaycana gəlmiş məşhur oyunçular arasında yer ala bilər. Gürcüstanlı hücumçunun paytaxt klubunda oyunu istənilən kimi alınmasa da, vaxtilə Almaniyanın “Frayburq”, “Karlsrue” və “Bohum” kimi komandalarda oynamış forvardın Bundesliqada 15 il forma geyməsi çox şeydən xəbər verir.
Vaxtilə “Qəbələ”də sərgilədiyi oyunla diqqətləri üzərinə çəkən Lorentso Ebesilioya da ölkəmizə gəlmiş tanınmış futbolçular sırasında yer verə bilərik. Qəbələnin eyniadlı klubuna Donetsk “Metallurq”undan transfer edilən yarımmüdafiəçi futbol azarkeşlərinə Hollandiyanın “Ayaks” klubundan tanışdır. Xatırladaq ki, “Ayaks”ın heyətində 38 qarşılaşmada 9 dəfə fərqlənən Ebesilio “Qəbələ”də isə 2013\2014-cü illər mövsümündə meydana çıxdığı 32 görüşdə 8 qola imza atmışdı.
Azərbaycan çempionatında top qovacağı 2014-cü ilin qış fasiləsində rəsmiləşən rusiyalı Marat İzmayılova gəlincə, Rusiya millisinin yarımmüdafiəçisi vaxtilə Yuri Syominin rəhbərliyi altında “Lokomativ”də çıxış etmişdi. “Qəbələ”yə gələnə qədər son illərini Portuqaliyanın “Sportinq” və “Portu” klublarında keçirən orta xətt oyunçusu Azərbaycanda top qovan ən tanınmışlar arasındadır.
“Qarabağ”ın 2017-2108-ci illər mövsümün əvvəlində icarə əsasında heyətinə qatdığı Norveç millisinin üzvü Tarik Elyunussi də ölkəmizdə top qovan məşhurlardandır. Ağdam klubuna “Olimpiakos”dan qoşulan yarımmüdafiəçi ölkəsində “Rusenburq”, Hollandiyada “Hereneven” və Almaniyada “Hoffenhaym” kimi tanınmış klublarda top qovub.
İslandiya millisinin üzvü Hannes Halldorsson da ölkəmizdə çıxış etmiş ünlü futbolçulardandır. 2019-cu ildə transfer olunduğu “Qarabağ”ı mövsümün sonuna qısa müddət qalmış tərk edən qapıçının Azərbaycandakı karyerası yaxşı alınmasa da, bu amil onun adının bu siyahıda olmasına mane olmur.
2019-cu ilin sentyabr ayının 2-də “Qarabağ” növbəti dəfə “çərçivə”ni ulduz simaya həvalə etdi. Bu dəfə Asmir Beqoviç adını ölkəmizə gəlmiş tanınmış futbolçular sırasına yazdırdı. Karyerasına İngiltərənin “Portsmut” klubunda başlayan və “İpsviç”, “Stok Siti”, “Çelsi” kimi klublarda çıxış edən bosniya və herseqovinalı qapıçını İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”dan icarəyə götürən Ağdam klubu məşhur qapıçı ilə yarım illik müqavilə bağlamış və bu müddət bitdikdən sonra Beqoviç İtaliyanın “Milan” klubuna transfer olunmuşdu.
“Sabah” klubunun Abdulaye Banı ölkəmizə gətirməsinə qədər Azərbaycana gəlmiş ən tanınmış sima isə 2021-ci ilin mart ayında gözlənilmədən “Neftçi” ilə müqavilə bağlayan Yaponiya millisinin sabiq üzvü Keysuke Honda idi. Daha çox İtaliyanın “Milan” klubunda çıxışı ilə yadda qalan yarımmüdafiəçi Hollandiya, Rusiya, Meksika və Braziliya kimi ölkələrin klublarında da top qovmuşdu. Üç dəfə Dünya Çempionatının iştirakçısı olan, bir dəfə Asiya kubokunu qazanan və 2010-cu ildə ölkəsində ilin ən yaxşı futbolçusu seçilən Honda iki qol vurduğu “Neftçi”də cəmi 7 matça çıxsa da, Azərbaycan çempionu olmaqla yadda qaldı.
Tural Məmmədov