Ağcabədi rayonunda 1 şəhər, 44 kənd var. Mərkəzi Ağcabədi şəhəridir. Zərdab, Beyləqan, Füzuli, Bərdə və Ağdam ilə həmsərhəddir. Yevlax, Bərdə, Beyləqan, İmişli rayonları arasında şosse yolu var. Bakıdan 374 kilometr aralıda yerləşir.
Görkəmli şəxsiyyətləri:
Üzeyir Hacıbəyli – bəstəkar
Əfrasiyab Bədəlbəyli – bəstəkar
Şəmsi Bədəlbəyli – bəstəkar
Tofiq Bəhramov – futbolçu, hakim
Zülfü Adıgözəlov – xanəndə
Vasif Adıgözəlov – bəstəkar
Rauf Adıgözəlov – müğənni
Mütəllim Mütəllimov – xanəndə
Yaqub Məmmədov – xanəndə
Şamil Cəmşidov – akademik
Hacıməmmədhüseyn Hacıyev – Qaradolaq qoyun cinsini yetişdirən, seleksioner
Fəqan Əliyev – texnika elmləri doktoru
Atakişi Kazımov – rejissor
Xəqani Məmmədov – tarixçi, professor
Elbrus Əhmədov – (Əhməd Elbrus) – görkəmli alim, şair
İsi Məlikzadə – yazıçı
Sabir Novruzov – respublikanın əməkdar artisti
Rəşad Məcid – “525-ci qəzet” in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının üzvü və s.
“Kitabi – Dədə Qorqud” dastanı belə başlayır: “Rəsul əleyhissəlam zamanında Bayat boyundan Dədə Qorqud derlər, bir ər qopdu…”
Məhəmməd Füzulinin, Bayat Abbasın, Pənah xanın, İbrahim xanın, Mehralı xanın, Məhəmməd bəy Cavanşirin doğulduqları və qədim türk tayfalarından birinin yaşadığı həmin bu məhşur kənd Ağcabədi ərazisindədir.
Ağcabədinin ən qədim oğuz ellərinin yaşayış məskəni olmasını əvvəlcə 19-cu əsrin ikinci yarısında alman və rus, 1974-cü ildə sovet, 2005-ci ildə isə müstəqil Azərbaycanın arxeoloqları sübut ediblər. Arxeoloqlar Salmanbəyli kəndinin yaxınlığında, Qarqar çayının sahilində Qalatəpə adlanan ərazidə tapılmış antik dövrə aid şəhərtipli yaşayış məskəninin 2500 il yaşı olduğunu iddia ediblər. Kür- Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşən Ağcabədi yaxınlığında eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları və müxtəlif qəbir abidələri aşkar edilmişdir. Orta əsrlərə aid qəbristanda daşdan yonulmuş qoyun formalı başdaşları vardır.
Ağcabədi sözünün mənası Ağca Vadi deməkdir. Tarix elmləri doktoru, professor Xəqani Məmmədov deyir ki, dünya ərazisindəki bütün türk toplumlarının yerləşdiyi ərazilər ya o ərazidə yaşayan tayfanın adı, ya da həmin yerin coğrafi şəraiti ilə bağlıdır.
“Vaxtilə Ağcabədi öz ərazisində Ağgölün yerləşdiyi düzənlik olub. Ağgöldən duz çıxarıldığından ərazi ağappaq olurmuş. Gələn tacirlər və səyyahlar bu geniş vadiyə çıxanda onun ağ duza büründüyünü görüb Ağca Vadi adlandırıblar. Təsadüfi deyil ki, bu gün Ağcabədinin yerli əhalisi Ağcabədini Ağcavədi kimi tələffüz edirlər”
Xəqani Məmmədovun sözlərinə görə, Ağcabədidə qədim türk tayfalarının yaşaması haqqında çoxlu abidələr var və dövrümüzə bu abidələr təpələr şəklində gəlib çatıb. Kurqan təpələri adlanan həmin təpələr Sibirdən tutmuş Şərqi Avropa və Dunay çayının sahillərinə qədər olan böyük ərazidə geniş yayılıb. Kurqan təpələri yalnız türk etnoslarına aiddir və türk sözü olan bu kəlmənin açmasına başqa tayfaların dilində rast gəlinmir. Kurqan sözünün mənası kur-qurmaq, kan-ata, nəsil, qəbilə anlamındadır. Eramızdan əvvəl 4-3-cü minilliklərdə Ağcabədi ərazisində qədim tayfa birləşmələri, ilk tayfa ittifaqları mövcud olmuşdur. Vəfat etdikdən sonra tayfa birləşmələri başçılarının məzarları üzərində ehtiram əlaməti olaraq kurqan təpələri ucaldılardı. Daş dövründən tunc dövrünün sonlarına qədər Sibir, Şərqi Avropa və Cənubi Qafqazda Azərbaycan ərazisində kurqan təpələrin sayı çoxdur. Ağcabədidə isə qırxa yaxındır. Ağcabədi şimaldan-cənuba, şərqdən qərbə gedən ticarət yollarının kəsişməsində, böyük İpək Yolunun keçdiyi ərazidə yerləşib.
Oğuz boylarından olan Bayat nəslinin məskunlaşdığı və Ağcabədidə yerləşən Boyat kəndi Azərbaycanda çox məhşur ərazilərdən biridir. Oğuzlar iyirmi dörd boydan törəyiblər. Oğuz boylarının nəsli Oğuz Xanla bağlıdır. Oğuz Xanın Gün Xan, Ay Xan, Ulduz Xan, Göy Xan, Dağ Xan, Dəniz Xan adlarında altı oğlu olub. Oğuz Xanın altı oğlundan olan 24 nəvəsi 24 Oğuz Boyunu meydana gətirib. Bütün dünyaya yayılan Oğuzlar bu 24 boya söykənir. Varlı, dövlətli deməkdir. Boyat kəndində arxeoloji abidələrdən Qoşatəpə kurqanı, Qəbiristanlıqtəpə kurqanı, Tunc dövrünə aid Qalatəpə və orta əsrlərin yadigarı sayılan Şəhərgah kurqunları var.
Qarabağ xanlığının ilk paytaxtı Bayat qalasını Pənahəli xan 1747-1748-ci ildə Bayat kəndində tikdirmişdi. XVIII əsrin 50-ci illərində Hacı Çələbi Bayat qalasına hücum etsə də, onu ala bilməmişdi.
Bayatlar kimi Azərbaycanda yurd salmış türkdilli tayfalardan olan və Oğuz boyunun qollarından biri əfşarlar tayfasının məskunlaşma ərazisi olmuş Avşar kəndi də Ağcabədi ərazisindədir. Azərbaycanın və İranın siyasi həyatında mühüm rol oynamış əfşarlar qızılbaş tayfa birliyinin tərkibində Səfəvilər dövlətinin yaranmasında yaxından işrtirak etmişlər. Əfşarlar bu gün Türkiyə, İran, Əfqanıstan və Pakistanda da yaşayırlar. Bu tayfadan məşhur şəxsiyyətlərin sırasında Nadir şah Əfşar, XVII əsr Azərbaycan şairi Tərzi Əfşar, XVI əsr rəssamı Sadıq bəy Əfşar, hazırda Ağcabədidəki Avşar kəndinin əksər sakini də həmin əfşar tayfasındandır. Avşar vəhşi hevan ovuna həvəsli deməkdir.
Ağcabədi Qarabağın dayağı olan kəbirlilərin, 32-lərin məskunlaşdığı ərazidir. Qədim tayfaların məskunlaşdığı ərazidə həmin tayfaların adı ilə bağlı olan kənd adları bu günə kimi yaşamaqdadır. Kəbirli kəndinin adı Qarabağın kəbirli tayfasının adı ilə bağlıdır. Şahsevən kəndinin adı isə XVI əsrdə I şah Abbasın Qızılbaş tayfalarını zəiflətmək üçün könüllü qvardiya düzəldərək onlara torpaq payı verməsindən qaynaqlanıb.
1930-cu ildə Sovet hakimiyyəti Azərbaycan ərazisini inzibati bölgəyə bölən zaman Ağcabədi həmin bölgəyə görə rayon adı almış, 1963-cü ildə ləğv edilərək Ağdam rayonuna verilmişdir. Ağdamın tərkibindən 1965-ci ildə ayrılmış və yenidən rayon statusu almışdır. Ağcabədinin şimal-şərq sərhədi ilə Kür çayı, mərkəzi hissəsindən Qarqar çayı axır. Yuxarı Qarabağ kanalı da rayon ərazisindən keçir. Kür çayı sahilində seyrək tuqay meşələri var, iqlimi quru subtropikdir, landşaflı yarımsəhradır. Burada şorsulu göllər var. Ağgöl Ağcabədi rayonu ərazisindədir. Çay şəbəkəsi seyrəkdir…
Tarix elmləri doktoru, professor Xəqani Məmmədovun
söhbətini qələmə aldı Adil MİSİRLİ