İsmayıl Veyisov 1972-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub. O, burada böyüyüb, boya-başa çatıb. Orta təhsil alıb. Erməni faşistlərinin məkrli siyasəti nəticəsində onun ailəsi də digər soydaşlarımız kimi, yurd-yuvasından didərgin salınıb. Qaçqın ailə Bakı şəhərinə pənah gətirib. Paytaxtda yaşamasına baxmayaraq, mənfur düşmənə qarşı nifrət hissi İsmayılı bir an belə rahat buraxmayıb. O, erməni cəlladlarından qisas almaq üçün silaha sarılaraq Birinci Qarabağ döyüşlərinə qatılıb. Qorxmaz döyüşçü mahir kəşfiyyatçı kimi tanınıb. Onun 4 dil o cümlədən erməni dilini bilməsi ordumuza xeyli köməklik göstərib. Qarabağ ərazisində ermənilərdən əldə etdiyi məxfi məlumatları ordu rəhbərliyinə vaxtında çatdırıb, layiqli əks-həmlələri ilə düşmənin planlarının alt-üst olmasına səbəb olub.
İ.Veyisov Qarabağ uğrunda gedən döyüşlərin birində ağır yaralanır. O, gözündən və ürəyindən qəlpə yaraları alır. Cəsur kəşfiyyatçı, gizir bu günə kimi də həmin qəlpələri canında gəzdirir.
Bu yaxınlarda keçmiş döyüşçünün üzərində uğurlu əməliyyat aparılaraq gözündəki qəlpələr çıxarılıb. O, dövlətimizə, həkimlərimizə buna görə çox minnətdardır.
Yeri gəlmişkən, qeyd edək ki, İ.Veyisov Vətən müharibəsi günlərində qəhrəman Milli Ordumuzun sıralarında döyüşmək istəyib. Bununla əlaqədar olaraq, o, Müdafiə Nazirliyinə dəfələrlə müraciət edib. Lakin qaziyə döyüşmək üçün icazə verilməyib. O, bu gün də ordu sıralarında Vətənimizin sərhədləri keşiyində dayanmağı özünə borc hesab edir və hər an Ali Baş Komandan İlham Əliyevin əmrini yerinə yetirməyə hazır olduğunu bildirir.
Xəzangül QƏDİMLİ