Sağlamlıq başlıca şərtdir

Ağcabədi rayon Gigiyena və Epidemiologiya Mərkəzi şəhər ərazisində, qəsəbə və kəndlərdə dezinfeksiya işlərinin təşkili, yolxucu xəstəliklərə qarşı profilaktikası istiqamətində mühüm addımlar atır. Adıçəkilən mərkəzin direktoru Vüqar Əsgərovun dediklərinə görə, 61 nəfərdən ibarət kollektiv son illər bu sahədə geniş tədbirlər həyata keçirib. Tərtib olunmuş kompleks tədbirlər planına uyğun olaraq, GEM tərəfindən rayonun bütün idarə, müəssisə, təşkilatlarında, eləcə də, ümumtəhsil məktəblərində, uşaq bağçalarında geniş dezinfeksiya işləri aparılıb.  Direktorun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş, karantin rejiminin tələblərinə uyğun dezinfeksiya işlərinə xüsusi diqqət verilib. Belə ki, həmin dövrdə rayonun hər bir kollektivində qabaqlayıcı tədbirlər görülüb. Şəhər ərazisində, küçə və prospektlərdə, ictimai yerlərdə, park və meydanlarda bu istiqamətdə işlər daim diqqət mərkəzində saxlanılıb.

Şəhər ərazisində məişət tullantılarının daşınması və təmizliyə riayət olunması üçün ciddi tədbirlər görülür. Ağcabədi rayon Kommunal Xidməti və Mənzil İstisamrı İdarəsi tərəfindən bu işlər vaxtında təmin olunur. Kənd yerlərində isə məişət tullantıları müəyyən çalalarda basdırılır, lazımi dezinfeksiya işləri görülür.

Qeyd olunub ki, rayon gigiyena və epidemiologiya mərkəzi tərəfindən bölgədə fəaliyyət göstərən idarə və müəssisələrə kollektiv üzvlərinin tibbi müayinədən  keçməsi ilə əlaqədar müvafiq məktublar göndərilir. Mərkəz tərəfindən bu sahəyə ciddi nəzarət olunur. Lakin görülmüş tədbirlərə baxmayaraq, kommunal kişi bərbərxanalarının və qadın gözəllik salonunun işçiləri, qeyri-ərzaq mağazası, özəl apteklər və stomotoloji kabinetlər tibbi müayinədən keçməyiblər. 2022-ci ilin sonuna kimi onların tibbi müayinədən keçmələri təmin olunmalıdır.

Əhali ərazisində içməli sudan istifadə zamanı qaydalardan düzgün istifadə edilməsi sahəsində kollektiv üzvləri tərəfindən maarifləndirici söhbətlər təşkil olunur, tövsiyələr verilir. V.Əsgərov söhbət zamanı bunu da əlavə edib ki, rayon gigiyena və epidemiologiya mərkəzi tərəfindən malyariya əleyhinə müntəzəm olaraq mübarizə tədbirləri görülüb, bu məqsədlə əhalidən tibb məntəqələrində müvafiq qan analizləri götürülüb.

Uşaqların arasında  yolxucu xəstəliklər əleyhinə vaksinasiya tədbirləri ardıcıl təşkil olunur. Bu zaman heç bir xəstəlik aşkar edilməyib.  Rayonda quduzluq hallarına da rast gəlinməyib. Direktor sonda əmin edib ki, mərkəzin kollektivi bundan sonra da bütün imkanları səfərbərliyə alacaq, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com