Qalalar məskəni kimi adı tarixə düşən Qarabağ. Bilinmir həm yaşın sənin, həm də nələr çəkib başın sənin…
Qarabağ xanlığının ilk paytaxtı olan Bayat. Bünövrən 1748-ci il yanvar ayının 2-də Pənahəli xan Cavanşir tərəfindən qoyulub, həmin il noyabr ayının 22-də başa çatdırılıb…
Qısa müddət ərzində sürətlə inşa edilən qalanın ətrafına bişmiş kərpicdən möhkəm hasar çəkilmiş, dörd tərəfdən xəndəklə əhatə olunmuş, məscid, hamam, divanxana, imarətlər tikilmişdi. Xan ailəsini, qohum-əqrabasını, yaxın adamlarını, el ağsaqqallarını, sayılıb-seçilənləri bura toplamış, ətraf vilayətlərdən, xüsusilə də Təbriz və Ərdəbildən sənətkarları öz ailələri ilə birlikdə gətirib, qalada məskunlaşdırmışdı.
Bayat Pənahəli xan Cavanşir üçün bir istehkama çevrilmiş, həm sığınacaq, həm səngər, həm qərargah, həm də qala olmuşdu. 1748-ci ilin yazında Şəki hakimi Hacı Çələbi xan Car-Balakəndən, Şirvandan, Dərbənddən güclü qoşun yığaraq hələ tikintisi tam başa çatdırılmamış Bayat qalası üzərinə hücum edib. Birləşmiş qoşunların qarşısında tab gətirə bilməyən Pənahəli xan Cavanşir qalanı tərk etməyə məcbur olub. Çox çəkmədən xan əlavə qüvvə toplayıb, paytaxtını geri alıb. Məşhur Bayat döyüşü də həmin vaxt baş verib.
Bayatın necə salınması, el-oba məskəninə çevrilməsi də maraqlıdır. Tarixi mənbələr göstərir ki, Qarabağın bu qədim qalasında əvvəllər yaşayış köçəri xarakteri daşıyıb. Sonradan kənd formasına düşüb, camaat isə əkinçiliklə məşğul olub.
Ulu Qarabağın tarixini araşdıranların verdiyi məlumatlara əsasən, bəylərbəyliyin tərkibində Bayat adlı nahiyyə, mərkəzi isə Bayat kəndi olub. On səkkizinci yüzillikdə Bayatda 8 dəyirman işləyib. Kəndin əhalisi arpa, buğda, darı və çəltik əkirmiş. Burada ipəkçilik də geniş inkişaf etmişdi.
1723-cü ildə Osmanlı ordusunun Qarabağa yürüşü zamanı kənd camaatı Arazı keçib Güney Azərbaycana gedir. Osmanlıların hakimiyyəti zamanı kənddə dövlətə vergi ödəyən 30 ailə qalıb. Osmanlıları Qarabağdan çıxarmış Nadir şah Qırxlı-Avşar Bayat kəndinin əhalisini geri qaytarıb. Həmin illərdə Bayat kəndinin yiyəsi Məhəmmədxan sultan olub.
XVIII yüzilliyin birinci yarısında dövran sürmüş Pənahəli bəy Bayat kəndinin torpaq və rəiyyətlərinin yiyəsi idi. Pənahəli xan Bayat kəndini adaşından pulla satın alaraq burada qala tikmək fikrinə düşüb.
Xan Bayat qalasını qaynı Hacı Səhliyalı bəy Hacı Əli bəy oğlu Kəbirlinin məsləhəti ilə tikmişdir. Tarixçi Mirzə Camal bəy yazır: “Məşvərətdən sonra indi Kəbirli mahalının içində olan Bayat qalasının binası qoyuldu. Qısa zamanda möhkəm hasar çəkilib ətrafında xəndək qazıldı. Bazar, hamam və məscid tikildi. Xan bütün ailəsinin, qohumlarının və el böyüklərinin əhl-əyalını oraya topladı. Ətrafda olan camaat, hətta Pənah xanın tərəqqisini, yaxşı, məhəbbətamiz rəftarını eşidən Təbriz, Ərdəbil vilayətinin bir çox əhalisi və sənətkarları belə öz ailələri ilə gəlib Bayat qalasında yerləşdilər. Bayat qalası müsəlman tarixi ilə 1161, xristian tarixi ilə 1745-ci ildə tikilib”.
Bayat kəndi Qarabağ xanlığının ilk paytaxtıdır. Pənahəli xan Bayat qalasına sığınıb daxili və xarici yağılara qarşı vuruşmuşdu. Aran Qarabağdakı bu istehkam strateji cəhətdən o qədər də əlverişli və etibarlı yerdə deyildi. Ona görə də Pənahəli xan Cavanşir hündür və əlçatmaz bir ərazidə başqa qalanın tikintisinə başlayıb və 1748-ci ilin sonlarında Şahbulaq qalasını sürətlə inşa edərək paytaxtını Bayatdan ora köçürüb…
Rəhman SALMANLI,
“Azərbaycan” qəzeti