İndi hamı köçdən yazır. Köç etməkdən, köç edənlərdən, köçə aid böyük-böyük yazılar çap olunur. Amma nədənsə son zamanlar tez-tez işlədilən bu ifadənin hansı mənanı daşıdığı və hansı əhəmiyyət kəsb etməsinə fikir verən yoxdur. Köç nə deməkdir, bunun fərqinə varan təəssüf ki, tapılmır. Köç təkcə bir yerdən başqa ünvana köçmək demək deyil. Bu söz daha geniş və dərin məna daşıyır.
30 illik həsrət, nisgil və ürək yanğısı ilə Vətənə, doğma yurda qayıdan insanların bu əbədi qayıdışına köç demək həqiqətlə uzlaşmır. Soydaşlarımız son 30 ili çətin və məşəqqətli olsa da Vətənin başqa hissəsində, elə Vətənin özündə yaşayırdılar. İndi isə minbir unudulmaz xatirələrlə bu Vətən övladlarının həsrətində son qoyuldu. Əzəli torpaqlarımız Vətənin qeyrətli oğullarının canı, qanı bahasına düşmənin caynağından alındı, azadlığa qovuşdu. İndi həmvətənlərimiz əvvəlki torpaqlara, doğulub boya-başa çatdıqları, hər qarışı onlardan ötrü müqəddəs, əzizdən əziz olan torpağa qayıdırlar. Gülə-gülə, ağlaya-ağlaya, amma qayıdırlar. Onların bu gün axıtdıqları göz yaşları sevinc göz yaşlarıdır. Bu sevincli damlalardan pak, təmiz həyatda nə var?!
Vətənimizin övladları, soydaşlarımız öz torpaqlarımıza qayıdırlar. Yaşamaq, yaratmaq, lazım gələrsə bu torpaqdan ötrü ölmək üçün. Yəni bu köç deyil. Vətəndən Vətənə köçməz, köç etməzlər. Vətənin hər bir guşəsi, zərrəsi vətənsevər oğullar üçün müqəddəsdir. Həmvətənlərimiz illər boyu yol gözləyən torpaqlarımıza qayıdır. Dinə, imana, inama, ədalətə, qeyrətə qayıdırıq. Doğma Vətən torpağına geri dönürük. Biz köçmürük, qayıdırıq. Bu gedişin adı Böyük QAYIDIŞDIR! Qayıdışınız mübarək, əziz həmvətənlər!
…Evdən köçərlər, eldən köçməzlər.
Adil MİSİRLİ