Peşələrin ən gözəli, ən müqəddəsi bəlkə də müəllimlik peşəsidir desək, yanılmarıq. Mustafa Kamal Atatürk “Müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər”- deyə müəllimlik sənətinə böyük dəyər vermişdi. Amma bu adın, ucalığın əsl qiymətini, əsl dəyərini ulu öndər Heydər Əliyev verib: “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram!..”
Həqiqətən də müəllimlər böyük məsuliyyətli, həm də çətin bir yolun yolçularıdır. Müəllimlər hər cür fədakarlığı qəbul edir, bütün çətinliklərə dözərək hər kəsin ürəyində yer tutmağa layiq olurlar. Onlar bəşəriyyətin xeyrinə olan hər şeyi öyrədir və məsləhət görürlər. Aydınlığa gedən yolda tələbələrinə yaxşını, həqiqəti, gözəlliyi aşılayan və bir ömür boyu bunun uğrunda mübarizə aparan da məhz müəllimlərdir. Hamımızın məktəb həyatımıza çoxlu müəllimlər gəlir, həyatımızda silinməz izlər buraxır. Xüsusilə ibtidai sinif müəllimlərimiz məktəblə, dərslə, hətta həyatla qarşılaşdığımız ilk anlarda əlimizdən tutub bizimlə birlikdə gəzir. Bu mənada ibtidai sinif müəllimlərinizin bizim həyatımıza təsiri inanılmazdır…
Ömürünü şam kimi əridən, bu şərəfli adın layiqli davamçılarından biri də Ağcabədi şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Qasımova Tahirə Qəzənfər qızıdır. Ömrünün nə az nə çox, düz 44 ilini gənc nəslin təlim tərbiyəsinə həsr edən Tahirə müəllim təkcə işlədiyi 1 saylı tam orta məktəbdə deyil, rayonumuzda da təcrübəli pedaqoq kimi tanınır, hər kəs tərəfindən bir müəllim kimi çox sevilir. 44 rəqəmi xalqımız üçün ən uğurlu, ən yadda qalan bir rəqəmdir. Pedaqoji fəaliyyətinin 44 illiyində Tahirə xanımın dostları, doğmaları, müəllim yoldaşları pedaqoji fəaliyyətinin 44illiyində onun başına toplaşaraq bu günü qeyd edirdilər. Həmin gün “Aran Ağcabədi” internet televiziyası olaraq biz də bu sevimli müəllimin qonağı idik. Müəllim əməyinə verilən dəyəri, səmimi, içdən gələn təbrikləri böyük sevgi ilə qəbul edirdi Tahirə xanım. Ona ünvanlanan xoş sözlərin, təbriklərin içində Tahirə müəllim bizi, biz “Aran”çıları da “Aran” qəzetinin 90 illik yubileyi münasibəti ilə təbrik etməyi unutmamışdı…
Hazırladığımız “44 illik pedaqoji yol” adlı videoreportaj bu verilişə baxan hər kəs tərəfindən bəyənildi, təqdir edildi. Elə çəkiliş zamanı onu da öyrənmişdik ki, Tahirə xanımın 44 illik müəllim əməyinə həsr olunmuş sənədli film də çəkilir. “Filmin təqdimatına sizləri də dəvət edəcəyəm, özü də mütləq!” – deyə Tahirə xanım bizi də intizarda saxlamışdı. Nəhayət filmin hazır olduğu xəbərini aldıq və üz tutduq filmin təqdimat mərasiminin keçirildiyi Ağcabədi “ASAN xidmət” mərkəzinə.
Ağcabədi şəhər 1 saylı tam orta məktəbin müəllim kollektivi, rayon ziyalıları, sayılıb-seçilən təcrübəli pedaqoqlar Tahirə xanım üçün əziz olan belə bir gündə onun işığına toplaşmışdılar. Təqdimat mərasiminin aparıcısı Ağcabədi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Məhəbbət Əliyeva hər kəsi salamlayaraq, tədbiri açıq elan etdi. Musiqilərin şahı olan dövlət himnimizi birlikdə oxuduq, torpalarımızın azadlğı uğrunda canından, qanından keçmiş Vətən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdik.
Baxdığımız “Zəfər rəqəmli xidmət” adlı film hər kəsin zövqünü oxşadı. Tahirə xanımın keçdiyi müəllimlik fəaliyyətini əks etdirən kadrlar, müəllim yoldaşlarının, doğmalarının danışdığı xoş, şirin xatirələr filmə tamaşa edən hər kəsin marağına səbəb oldu.
“Zəfər rəqəmli xidmət” filminin ardınca çıxış edənlər – Ağcabədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vaqif Qarayev, pedaqogika elmləri üzrə fəlsəfə doktoru Tahir Kərimli, tarix elmləri üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov, respublikanın əməkdar müəllimi Zəhra İbrahimova, şəhid anası Xanım Mehdiyeva, şəhər 1 saylı tam orta məktəbinin direktoru Səadət Kazımova, Tahirə xanımın tələbə yoldaşı Səkinə Əsədova və başqaları onu 44 illik əmək fəaliyyəti və bu fəaliyyətə həsr olunmuş film münasibəti ilə ürəkdən təbrik etdilər.
Sonda şagirdlərin təqdim etdikləri müəllim sənətini, eləcə də müəllim adını tərənnüm edən şeir kompozisiyası alqışlarla qarşılandı.
Bütün təbriklərə, səmimi ürək sözlərinə qoşulub bizlər də Tahirə xanımı təbrik edir, ona möhkəm canşağlığı arzulayır, uğurlarınız bol olsun – deyirik!
Gündüz SEVİNDİK