Sentyabrın 2-də Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin planlı tədbiri olan “Azərbaycanda pambıqçılığın mövcud vəziyyəti və yerli sortların müqayisəli nümayişi ” mövzusunda Ağcəbədi rayonu Təzəkənd kəndində fermer Şıxəliyev Rizvan Cümşüd oğlunun sahəsində “Tarla günü” adlı Elmi-Praktik Seminar öz işinə başlayıb.
Tarla düşərgəsində keçirilən seminarda Ağcabədi və ətraf rayonların (Beyləqan, İmişli, Ağdam) pamçbıqçılıqla məşqul olan, iri torpaq mülkiyyətçiləri, Bitki Mühafizə stansiyalarının əməkdaşları iştirak etmişlər.
Öncə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunin direktoru Elçin Xəlilov qonaqları salamlamış və tədbirin əhəmiyyətindən danışmışdır. Sonra çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov rayonda kənd təsərrüfatı işlərinin gedişi, xüsusilə pambıqçılıq sahəsində görülən işlərlə bağlı geniş və ətraflı məlumat vermişdir. Maraqlı müzakirələrlə yadda qalan seminarda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Mahirə Vəliyeva Azərpambıq ASK MMC-nin Ağcabədi pambıq istehsalı və emalı zavodunun direktoru Kazım Gülmalıyev, fermerlər Hətəm Nağıyev, Xanlar Əliyev, Mehman Bəşirov və digərləri pambıqçılıq sahəsində əldə etdikləri nəticədən və gələcəkdə görüləsi işlərdən söz açmış, qarşılıqlı fikir mübadiləsi aparmış, pambığın innovativ üsulla suvarılması, yüksək texnologiya ilə istifadəsi və gələcək məhsuldar yerli sortlardan istifadə etməklə fermerlərin gəlirlərinin artırılması barədə öz təklif və fikirlərini bildirmişlər.
Seminar iştirakçılarına pambıq bitkisinin xəstəlik və zərərvericilərinə, becərmə texnologiyasına, eləcə də Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun nailiyyətləri olan, rayonlaşdırılmış 12 sortun (25 adda) bukleti hədiyyə olunmuşdur.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra pambıq sahəsinə baxış keçirilmiş, iştirakçılar yerli sortların, xüsusilə Gəncə 333 və digər sortların səmərəliliyi ilə yerində tanış olmuşlar.
Təklif olunmuşdur ki, bu kimi tədbirlər vaxtaşırı Ağcabədi rayonunda təşkil edilsin.
Kənan İSAYEV