Emal zavodu pambıq qəbuluna hazırdır

         MKT İstehsalat Kommersiya MMC-nin Ağcabədi filialı cari təsərrüfat ilində 591 nəfər fermerlə müqavilə əsasında 4 min 774 hektardan çox sahədə pambıq əkini ilə məşğuldur. Sözügedən filialın direktor müavini Altay Məmmədovun dediklərinə görə, mövsüm ərzində pambıq əkini sahələrində yüksək aqrotexniki becərmə tədbirləri həyata keçirilib. Görülmüş işlər nəticəsində tarlalarda bol məhsul yetişdirilib. Artıq əkin sahələrində qozaların açılması prosesi gedir. Sentyabr ayının 15-dən fermer təsərrüfatlarında defoliyasiya tədbirləri həyata keçiriləcək. Sentyabrın 20-dən isə pambığın yığılmasına start veriləcək.

Direktor müavini söhbət zamanı emal müəssisəsinə məxsus mövcud texnikanın yığıma hazırlıq vəziyyətinə də toxunub. Onun dediyi kimi, yığım zamanı 19 pambıqyığan, 132 lafet və 61 traktorun imkanlarından istifadə olunacaqdır. Odur ki, həmin texnika vaxtında təmir olunaraq hazır vəziyyətə gətirilib.

Pambığın yığılması və daşınması üçün lazımi yükləyicilər də cəlb ediləcək. Qeyd edilib ki, əvvəllər olduğu kimi bu il də pambıq yığımında maşınların imkanlarından geniş istifadə olunacaq. Yığımda 19 nəfər sürücü-mexanik iştirak edəcək. Sentyabrın 2-də bu məqsədlə mexanizatorlarla təhlükəsizlik tədbirləri ilə əlaqədar təlim keçirilib. Məhsulun vaxtında və itkisiz tədarük edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Tədarük olunmuş məhsulun tayalara vurulması üçün də, sözügedən müəssisənin ərazisində lazımi işlər həyata keçirilib. Bu məqsədlə qurulacaq tayaların yerləri təmizlənərək hazır vəziyyətə gətirilib. Ərazidə yanğından təhlükəsizlik tədbirləri də nəzərdə tutulub. Belə ki, tayaların kənarında su hovuzları doldurulub, müvafiq avadanlıqlar hazır vəziyyətə gətirilib. Bununla yanaşı 35 taya vurulması üçün transportyorlar, çadırlar təmir edilib.

A.Məmmədov söhbət zamanı əlavə edib ki, bu işlərə 70-80 nəfərdən ibarət mövsümi fəhlələr cəlb olunacaq. Gün ərzində müəssisə tərəfindən 500-600 ton pambıq qəbul edilməsi planlaşdırılıb. Direktor müavini sonda qeyd edib ki, tədarük ediləcək pambıq məhsulunun keyfiyyətlə emal edilməsi üçün də emal zavodunda müvafiq addımlar atılıb. Belə ki, zavodun emal sexlərində avadanlıqlar yeniləri ilə əvəz olunub. Lazımi iş şəraiti yaradılıb.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com