İt məsələsi

         İt insanların ən vəfalı, sadiq dostlarından biri sayılır. Bu, özünün təsdiqini həyatda dəfələrlə tapıb. Amma buna baxmayaraq itin hərdən heyvanlığı tutur, hətta o, sahibini də qapır. Yəni ondan çox şey gözləmək olar. Bir çox yoluxucu xəstəliklərin daşıyıcısı kimi, nədənsə son zamanlar şəhərimizdə bu heyvanların sayı xeyli sayda artıb. İndi şəhərimizin harasına baxırsansa, gözünə sataşan ilk növbədə sahibsiz itlər olur. Bu itlərin arasında hər cürü var. Böyüyü, kiçiyi, qara rənglisi, ağı… Bir də görürsən yığışıb bir yerə, səs-küylə şəhərin başqa istiqamətinə üz tutdular. Bərkdən hürə-hürə, küçədə təhlükəsizlik qaydalarına riayət etməyib, harasa “söhbət”ə gedirlər.

…Şəhərimizdə elə yekə, böyük itlər var ki, adam onu elə uzaqdan görəndə qorxur. Hələ gəl gör yaxınlaşa, üstünə hürə. Məncə belə böyük itləri mal bazarına heyvan satmağa gələnlər gətirirlər. Yolda heyvanları oğurlanmasın deyə iti özünə köməkçi götürənlər heyvanları satandan sonra iti azdırır, salır şəhərin canına.

Cəmi bir neçə gündən sonra yeni dərs ili başlayacaq. Və məktəblilər məktəbə xoş ovqatla, deyib-gülərək getmək əvəzinə dilbilməz, yekəpər itlərin yanından qorxa-qorxa, əsə-əsə keçəcəklər…

Və bir də… şəhərimizdə itlər o qədər çoxalıblar ki, onlar yer bölgüsünü artıq təzə tikilən dükanların qabağında edirlər. Hələ dükan istifadəyə verilməyib, itlər isə onun qabağında özlərini əsl yer sahibi kimi aparırlar. Yatıb-dincəlirlər. İtdir də, dünya nə vecinə. Amma öz aramızdır, artıq bu məsələni aidiyyatı qurumlar veclərinə almalı, şəhərimizin problemlərindən birinə çevrilən it məsələsinə əncam çəkməlidirlər. Onlara zərər vermədən müvafiq şəkildə şəhər mərkəzindən uzaqlaşdırılmalıdırlar. Yoxsa sonra çox gec olacaqdır.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com