Şəhidlər unudulmur

Ağcabədi Rayon Mərkəzi Kitabxanasında “Şəhidlər unudulmur” devizi altında tədbir keçirilib. Vətən müharibəsi qəhrəmanları, həmyerlilərimiz şəhid Naim Ağayev Mirağa Əliyevin xatirəsinə həsr olunmuş sözügedən tədbirdə mərkəzi kitabxananın, rəsm qalereyasının əməkdaşları, şəhidlərin ailə üzvləri, Vətən müharibəsi veteranları, müəllimlər, ziyalılar, media mənsubları iştirak ediblər.

Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan rayon mərkəzi kitabxanasının direktoru Məhəbbət Əliyeva çıxış edərək, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi haqqında iştirakçılara geniş məlumat verib. Natiq çıxışında müharibə zamanı igid Vətən oğullarının, o cümlədən həmyerlilərimizin göstərdikləri qəhrəmanlıqlardan iftixar hissi ilə söhbət açıb.

Yığıncaq zamanı mərkəzi kitabxananın direktor müavini Təranə Məmmədova, Qarabağ müharibəsi veteranları Mehdi Məmmədov və Şaban Adilov söz alaraq, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda igidliklə vuruşaraq, şəhidlik zirvəsinə yüksələn cəsur həmyerlilərimiz Naim Ağayev və Mirağa Əliyevin keçdikləri şərəfli döyüş yolundan ətraflı danışıb, onlar haqqında xatirələrini və ürək sözlərini bölüşüblər.

Sonda tədbir iştirakçıları kitabxana əməkdaşlarının hazırladıqları şəhidlərimizin xatirəsinə həsr edilmiş sərgi ilə tanış olublar.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər