“Sürət”dən “Dostluq”a

Əli Heydər oğlu Nəsirli 18 yanvar 1950-ci ildə Ağcabədi şəhərində anadan olub. 1955-ci ildə Ağcabədi şəhər 2 saylı məktəbin birinci sinifinə daxil olub, 1966-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib. Orta məktəbi bitirdikdən sonra Şuşa Pedaqoji Məktəbinin bədən tərbiyəsi müəllimliyi şöbəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra Ağcabədi şəhər 4 saylı məktəbdə bədən tərbiyəsi müəllimi kimi fəaliyyətə başlayıb.

4 saylı məktəbdə işləyə-işləyə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin qiyabi şöbəsinə daxil olub. Həmin ilin noyabr ayında hərbi xidmətə göndərilib. Hərbi xidməti başa vurduqdan sonra yenidən əmək fəaliyyətinə başlayıb. Mütəmadi olaraq “Sürət” qəzetində şeirləri çap olunub. Elə buna görə də 1972-ci ildə o vaxtkı qəzet redaktoru Sərdar Mehdiyevin xahişi ilə “Sürət” qəzetində “Müxbir məktubları” şöbəsində işləməyə başlayıb. 1975-ci ildə Ağcabədi rayon Şəhər Sovetinin İcrayə Komitəsində işə qəbul olunub. 1979-cu ildə Özbəkistan Respublikasının Sırdərya vilayətində yaşayan bacısıgilə qonaq gedib və orada Sırdərya vilayət Daxili İşlər İdarəsinə işlə təmin olunmaq üçün müraciət edib. Elə həmin vaxtdan da Sırdərya vilayət Daxili İşlər İdarəsinin İstintaq şöbəsində müstəntiq kimi işə başlayıb. O vaxtdan Daxili İşlər İdarəsində müxətlif işlərdə çalışıb. Hazırda Advokat-Ümid çırağı Vəkillər firmasında vəkil kimi fəaliyyət göstərir.

2006-cı ildən Özbəkistan Yazıçılar Birliyinin üzvüdür. Həmişə yaradıcılıqla məşğul olub. 1987-ci ildə iki şeiri özbək dilində Özbəkistanın Zamin rayonunda çıxan “Şərq danı” qəzetində çap olunub. 1999-cu ildə “Köhnə küyk”, 2002-ci ildə “Ümid Çırağı” və “Yaxşı niyyət” kitabları özbək dilində çap olunub. 2007-ci ildə Bakıda “Uşaqlığım qalan yerdə” kitabı Azərbaycan dilində çap olunub. Həmçinin müxtəlif kitablarda bir çox şeirləri işıq üzü görüb.

Əli Nəsirli Özbəkistan Respublikasının ictimai-siyasi işlərində yaxından iştirak edir. 2012-ci ilin yanvar ayında Özbəkistan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Milli Mədəniyyət Mərkəzinin fəalı kimi “Dostluq” ordeni ilə təltif edilib.

2022-ci il iyun ayının 21-də Daşkənddə Heydər Əliyev Meydanının açılışı olub. Özbəkistanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev açılış mərasimində iştirak ediblər. Mərasimdə əslən Şuşadan olan, Ağcabədidə doğulub yaşamış Özbəkistan Yazıçılar Birliyinin üzvü Əli Nəsirli çıxış edərək bildirib ki, bu gün Özbəkistan-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Əlaqələrimizə yeni nəfəs, yeni ruh verilib. Dostluq və qardaşlıq məkanı olan Özbəkistan Respublikasında Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin abidəsinin açılışı bizim üçün çox böyük fəxrdir.

Sevindiricidir ki, vaxtı ilə “Sürət” qəzetində çalışan şair, vəkil Əli Heydər oğlu Nəsirli Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 30 avqust 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycanla Özbəkistan arasında Mədəni əlaqələrin inkişafında xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Əli Nəsirlinin 2 övladı, 3 nəvəsi var. Oğlu Ramin Özbəkistan Prezident Administrasiyasında yüksək vəzifədə çalışır.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com