Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub şəhadətə ucalan oğulların doğum və anım günlərində onların ailələrini, məzarlarını ziyarət etmək artıq ənənə halını alıb. Onlar bizim həm nisgil, həm də qürur yerimizdir. Vətən müharibəsi zamanı döyüş meydanında şücaət göstərərək şəhid olan igidlərimizdən biri də Şuşa fatehi Taryel Atayevdir. Sentyabrın 5-də Ağcabədi rayonunun Minəxorlu kəndində şəhidin doğum günü qeyd olunub. Mərasimdə rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşı İlkin Alıyev, şəhidin doğmaları, kənd sakinləri, digər şəhid ailələrinin üzvləri, media mənsubları iştirak ediblər. Onlar ilk öncə Taryel Atayevin kənd qəbiristanlığındakı məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.
Daha sonra onun təhsil aldığı kənd məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səslənib. Ardınca qəhrəmanın doğulduğu evdə çay süfrəsi ətrafında toplaşan ziyarətçilər Taryel Atayevin keçdiyi qısa və mənalı həyat yolundan, döyüşlərdə göstərdiyi şücaətlərdən danışıb, xatirələrini bölüşüblər.
Qeyd edək ki, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Taryel Atayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Pərvin ŞAKİRQIZI