Artıq məktəblər açılır, övladlarımız yenə də səhərlər təmiz, səliqəli geyinib dərsə gedəcək, qayıdanda necə deyərlər, tökülüb-itəcəklər. Açıq rəngli köynəklər, ayaqqabılar analar üçün əlavə işə çevriləcək. Xüsusilə rahatlıq üçün üstünlük verilən ağ idman ayaqqabılarının təmizlənməsi, ağ saxlanması dəcəl uşaqlarla çox çətindir. Tez-tez çirklənən ağ ayaqqabıları təmizləmək üçün müxtəlif yerlərdən öyrəndiyim bir neçə üsulu diqqətinizə çatdırmaq istərdim.
● Bir çox xanımlar belə ayaqqabıları xüsusi torbaya yerləşdirib paltaryuyan maşında yuyurlar. Bunun üçün sport proqramından, o yoxdursa sintetik paltarların yuyulduğu rejimdən istifadə olunur. Amma bunu edirsinizsə, ayaqqabıların keyfiyyətindən əmin olmalısınız. Ucuz ayaqqabıları bu üsulla yuduqda onlarla biryolluq vidalaşa bilərsiniz. Ümumiyyətlə, mən bu üsulu heç bəyənmirəm və istifadə etmirəm. Ayaqyolundan tutmuş bir çox çirkli məkanlaradək gəzilən ayaqqabının paltaryuyan maşında nə işi var axı?
● 1 xörək qaşığı soda, yarım xörək qaşığı hidrogen peroksid, yarım xörək qaşığı isti su qarışdırılır və diş fırçası ilə ayaqqabının çirkli hissələrinə vurulur. 30 dəqiqə sonra ayaqqabılar yuyulur.
● Diş məcunu da bu işdə köməkçiniz ola bilər. Məcunu diş fırçaçına sıxaraq çirkli yerlərə sürtün. Bir müddət gözlədikdən sonra həmin hissələri şampunlayıb, su ilə yaxalayın.
● Sirkədən də (tünd rəngli olarsa ləkəsi qala bilər) təmizləyici vasitə kimi istifadə edə bilərsiniz.
● Ayaqqabılar daha pis haldadırsa, 2 xörək qaşığı təzə sıxılmış limon suyunu eyni miqdarda su ilə qarışdırın və onunla idman ayaqqabısının səthini silin.
Övladlarınıza yeni tədris ilində uğurlar diləyirik. Onların təmizliyini qorumaq bir qədər əziyyətli olsa da, həm də gözəldir…
Əziz xanımlar, siz də maraqlı məlumatları, evdarlıqla, sağlamlıqla və s. mövzularda olan faydalı məsləhətləri bizimlə bölüşə bilərsiniz ki, digər qadınlarımız da bundan istifadə edə bilsinlər.
M. Ağayeva